Çöhrəqanlı Azərbaycana gəlməkdə israrlıdır

«İcazə versələr də, verməsələr də, Azərbaycana gedirəm»

Cənubi Azərbaycan Milli Oyanış Hərəkatının ABŞ-da mühacirətdə olan lideri Mahmudəli Çöhrəqanlı ona qarşı qüvvədə olan yasaqlara baxmayaraq, “izin verilsə də, verilməsə də” yaxın həftələrdə Azərbaycana getməkdə qararlıdır.
“BBC Azərbaycanca”ya müsahibəsində Çöhrəqanlı bildirib ki, bir müddət əvvəl millət vəkili Sabir Rüstəmxanlı Ilham Əliyevə müraciət edərək ondan bu səfərin baş tutmasına razılıq verməsini xahiş edib: “Müraciətə cavab verilib-verilməyəcəyini bilmirəm. Amma nə olursa-olsun – məktuba cavab gəlsə də, gəlməsə də bölgəmizin ən həssas və tarixi mərhələsində vəzifəmi yerinə yetirmək üçün Azərbaycana getməliyəm”.
Cənubi Azərbaycan Milli Oyanış Hərəkatının lideri Azərbaycana səfərinin “xalqın əhval-ruhiyyəsini və mübarizə hazırlığını yüksəltmək” məqsədi daşıdığını bildirib.
Mahmudəli Çöhrəqanlı Azərbaycanda sonuncu dəfə 2006-cı ilin iyununda olub. O zaman Türkiyədə səfərdə olan Çöhrəqanlı ölkənin təhlükəsizlik qüvvələri tərəfindən Azərbaycana deportasiya edilib. Bakıda isə o bir neçə görüş keçirdikdən sonra polis qüvvələri tərəfindən ölkədən çıxarılıb. Onu Bakı-Nyu-York təyyarə reysi ilə ABŞ-a yola salıblar.