Ölkə daha bir beynəlxalq hesabatda rüsvayçı yerdə qərarlaşıb
Avstriyanın paytaxtı Vyana şəhərində yerləşən Demokratiya Sıralaması Assosiasiyası illik hesabatını açıqlayıb. Hesabat tərtib olunarkən bu kriteriyalar əsas götürülüb: siyasi hüquqlar, vətəndaş azadlıqları, mətbuat azadlığı, qanunun aliliyi, korrupsiya.
Təşkilat 150 ölkədə demokratiyanın durumunu araşdırıb. Siyahıya Finlandiya başçılıq edir. Azərbaycan 150 ölkə arasında demokratiyaya görə 129-cu, mətbuat azadlığına görə 128-ci, korrupsiyaya qarşı mübarizədə isə 114-cü yerdə qərarlaşıb. Müqayisə üçün qeyd edək ki, Azərbaycan bu göstəricilərlə Cənubi Qafqazdakı digər iki qonşusundan – Ermənistan və Gürcüstandan geri qalır. Gürcüstan demokratiyanın vəziyyətinə görə 73-cü, mətbuat azadlığına görə 74-cü, korrupsiyaya qarşı mübarizədə isə 37-ci yerdədir. Ermənistanda bu göstəricilər müvafiq olaraq 103, 109 və 84-dür.
Onu da qeyd edək ki, təkcə Cənubi Qafqazdakı qonşuları yox, eyni zamanda, bir sıra Afrika ölkələri də hesabatda Azərbaycandan öndədir. Misal olaraq, Qana, Botsvana, Mali, Benin, Seneqal, Mozambik və digər ölkələrin adlarını çəkmək olar.


