Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin Rəyasət Heyəti növbəti toplantısını keçirib. Rəyasət Heyətinin iclasında təşkilati məsələlər, ölkədaxili siyasi proseslərlə bağlı müzakirələr aparılıb, qərarlar verilib.
AXCP Rəyasət Heyəti “2012-ci il – Regional təşkilatlanma ili” çərçivəsində görülən işlərin yekunlarını dəyərləndirib, bölgələrdə təşkilatlanmanın sürətləndirilməsi üçün konkret iş planı müəyyənləşdirilib.
Rəyasət Heyəti Ictimai Palatadakı fəaliyyətə də nəzər salıb. AXCP fəaliyyətində Ictimai Palatanı prioritet seçərək, müxalifətin əsas güc mərkəzi kimi, onun qorunub saxlanılmasını vacibliyi vurğulanıb.
AXCP Rəyasət Heyəti partiya sədri Əli Kərimliyə qarşı sui-qəsd cəhdi haqda məhbəsdən göndərilən məktubu da təhlil edib. Iclasda prokurorluq orqanlarının dövləti cinayət sayılacaq hadisəyə laqeyd münasibəti tənqid olunub, olayın araşdırılması üçün cinayət işinin başlanması tələb edilib.
AXCP Rəyasət Heyəti son günlər “Yeni Müsavat” və “Qafqazinfo” saytlarına kiberhücumları da cinayət və söz azadlığına qarşı fəaliyyət kimi dəyərləndirib. Rəyasət Heyəti azad və tənqidçi medianın susdurulması üçün bu kimi yolverilməz metodlarla davranışı pisləyib.