«Demokratik qüvvələrin geniş koalisiyası yaranmalıdır; seçkidə iştirak qərarını hələ açıq saxlamağın tərəfdarıyam»
İbrahim İbrahimli: «Lalə xanım, Rəsul Quliyev, Etibar Məmmədov və digərlərinin iştirakı ilə yaradılan geniş koalisiyanın gücü xeyli arta bilər»
“Ictimai Palatanın Koordinasiya Şurasında böhranlı vəziyyəti yaradacaq konfrontasiya yoxdu”. Bu sözləri “Azadlıq”a Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Ibrahim Ibrahimli qurumda böhran yaranması barədə fikirlərə münasibət bildirərkən deyib.
Böhran ifadəsi toplumda bir xəyal qırıqlığı yarada bilər
Onun sözlərinə görə, əksinə prinsipal məsələlərdə konsesus əldə etmək üçün ciddi müzakirələr gedir: “Düzdü, diskussiyaların gedişində bəzən gərginliklər yaşanır, amma sonda qarşılıqlı güzəştlər nəticəsində ortqa məxrəcə gəlinir. Bu da prezident seçkilərinin mahiyyətindən irəli gəlir. Parlament sekilərində yerin sayı çox olduğundan namizədlərin müəyyənləşdirilməsi baxımından siyasi blokda təmsil olunan partiyaların maraqlarını təmin edib mövqeləri uzlaşdırmaq, konsesusa gəlmək nisbətən asan olur. Prezident sekilərində isə bu və ya digər məsələlər uzun sürən ciddi müzakirələrdən keçir, bəzən konsesusun əldə edilməsi çətinləşir və uzun vaxt aparır. Məncə bunu normal qəbul etmək lazımdı.
Mən ictimai müzakirələrin əleyhinə deyiləm, amma vətəndaş cəmiyyətinin və icimai rəyin mövcud olmadığı qapalı cəmiyyətdə bu müzakirələrin müsbət bir nəticə verəcəyinə də düzü inanmıram”.
Ibrahim Ibrahimli bildirib ki, daxili müzakirə üçün bəlkə də məqbul hesab olunan böhran ifadəsini ictimai müzakirə üçün ziyanlı hesab edir: “Çünki bu ifadə belə həssas bir məqamda mən hələ öz tərafdar və təəssübkeşlərimizi demirəm, toplumda bir xəyal qırıqlığı yarada bilər.
Əslində nə baş verir? Ictimai Palatada prezident sekilərinə yönəlik iki istiqamətdə -siyasi-taktiki və təşkilati-texniki istiqamətdə çox ciddi müzakirələr gedir. Uzun sürən müzakirələr zamanı hər iki istiqamətə yönəlik iki fərqli mövqe ortaya çıxıb. Siyasi-taktiki istiqamətlə bağlı bir mövqe Zəfər bəyin adını çəkdiyi dostlarımızın mövqeyidi. Onlar hesab edir ki, Ictimai Palata bu ilin sonunadək seçkidə iştirakla bağlı qərar qəbul etməlidi. Bu mövqe mətbuatda geniş şərh olunduğundan mən özümündə müdafiə etdiyim mövqenin üzərində dayanmaq istəyirəm. Biz ölkədə konsalidasiya mərhələsi başa çatmadan, yəni demokratik qüvvələrin geniş koalisiyasını yaratmadan, seçkiqabağı demokratik mühiti formalaşdırmadan seçkidə iştirakla bağlı məsələni, qərarı açıq saxlamağı məqsədə uyğun hesab edirik.
Burada incə bir məqam var. Ilk baxışda elə görünə bilər ki, söhbət seçkidə iştirakdan gedir, əslində söhbət seçkidə iştirakın formatından gedir. Yəni biz seçkiyə Ictimai Palata olaraq qərar qəbul edib təkbaşına gedirik, ya cəmiyyətin bütün potensialını səfərbər edərək mümkün olan ən geniş müxalif koalisiyanı yaradaraq gedirik? Düzdür, Ictimai Palata bu iki ildə mümkün olanı edib və özünü ən güclü ictimai-siyasi təşkilat kimi təsdiqləyib. Amma bu güc ölkədə siyasi vəziyyəti dəyişməyə, seçki qabağı demokratik mühiti yaratmağa yetərli deyil. Çünki müxalifətin bütün potensialını özündə birləşdirmir”.
Müsahibimizin sözlərinə görə, mövcud şərait çəmiyyətin bütün potensiyalından istifadə edib daha geniş seçki koalisiyasının yaradılmasını diktə edir: “Axı söhbət ondan getmir ki, kim müxalifətin əsas və ya vahid namizədi olaraq məğlub olacaq, söhbət ondan gedir ki, hansı qüvvələrlə mövcud siyasi rejimi dəyişməyə yetərli olan hansı siyasi ittifaqı, hansı koalisiyanı yaratmaq mümkündür? Deməli, son qərarlar dar formatda deyil, daha geniş formatda və həlledici məqamda qəbul edilərsə bu impuls cəmiyyətdə keyfiyyətcə yeni bir hərakatın ictimai-vətəndaş hərəkatının yaranmasıni stumullaşdıra bilər.
Daha geniş seçki koalisiyası, təbii ki, yeni format tələb edir. Ola bilər ki, mövcud qurumların fərqli statusları koalisiyanın yaranmasında çətinlik yarada bilər. Amma nəzərə almaq lazımdı ki, Lalə xanım, Rəsul Quliyev, Etibar Məmmədov və digərlərinin iştirakı ilə yaradılan geniş koalisiyanın gücü xeyli arta bilər”.
Əlavə strukturlar yaratmaq istər-istəməz hərəkat xarakterli təşkilatı qapalı çərçivəyə salır
Koardinasiya Şurasında fikir ayrılığına səbəb olan ikinci məsələyə, təşkilatı-texniki məsələyə gəlincə Ibrahim Ibrahimli deyib: “Təbii ki, istənilən təşkilatın, o cümlədən, Ictimai Palatanın fəaliyyətində səmərəliliyi təmin etmək üçün strukturu zaman zaman təkmilləşdirilməyə ehtiyac olur. Amma əlavə strukturlar yaratmaq istər-istəməz hərəkat xarakterli təşkilatı qapalı çərçivəyə salır. Məsələn, təklif olunur ki, 80 nəfərdən ibarət məclis yaradılsın. Artıq bu Ictimai Palatanın partiyalar üstü bir quruma çevrilməsi deməkdir. Belədə Ictimai Palata ictimai-siyasi təşkilatdan sırf siyasi təşkilata çevrilir.
Biz isə Ictimai Palatanı təsis edərkən vətəndaş cəmiyyətinin bütün kəsimlərini – siyasi partiyaları, ictimai təşkilatları, KVI-ləri, ziyalıları öz strukturunda birləşdirən ictimai hərəkat olaraq nəzərdə tutmuşduq. Təəssüf ki, oyektiv və subyektiv səbəblərdən buna tam nail ola bilməmişik.
Dünya avtoritarizmdən demokratiya keçid dövrünü yaşayır. Dəyişən dünyanın tərkib hissəsi olaraq biz də seçki ilində keyfiyyətcə yeni mərhələyə daxil oluruq. Keçid dövrünün öz prinsipləri, öz şərtləri və uğurla sınaqdan çıxan öz modeli var: Cəmiyyətin bütün ictimai,-siyasi spektirini özündə birləşdirən geniş siyasi və seçki koalisiyası üstəgəl vahid platforma, vahid komanda, vahid namizəd”.
Natiq