Ramiz Mehdiyev məsələsi: kampaniya, yoxsa təzahür?

Bəzilərinin müdrik atmacaları ilə üzləşməkdəyik. Onlar hesab edir ki, biz Elşad Abdullayevin yaydığı videolara maraq göstərməklə, onları sosial şəbəkələrdə yaymaq və şərh etməklə, qəzetlərdə yer ayırmaqla, yazılar həsr etməklə, sadəcə, Ramiz Mehdiyevin vurulma kampaniyasında iştirak etmiş oluruq. Guya hakimiyyət daxilində hansısa qüvvə rejimin baş məmurunu sıradan çıxarmaq istəyir. 
Əcəb yanaşmadır. Bəs deyirdiniz ki, bu sistemi Ramiz Mehdiyev qurub və idarə edir. Qurub idarə etdiyi sistem onun özünü yeyirsə, bizim üstümüzə niyə atırlar onun yıxılmasını?
Onun qurduğu sistem özünə sitəm verirsə, görün bu ölkə nə çəkib illərdir? Onun fəxr etdiyi rejim budursa, biz niyə onun icraçılarından biri ilə bağlı qayğılanmalıyıq?
Bizi təkcə Mehdiyevin deyil, onun mənsub olduğu oğru-quldur hakimiyyətinin bütünlüklə getməsi düşündürür. Bu videolara gəldikdə isə, biz ölkə ilə bağlı həqiqətlərin ildırım kimi çaxmasında maraqlıyıq və o işıqdan kimlərinsə gözünün kor olmasını düşünməyə borclu deyilik. Biz ölkənin qaranlıqdan qurtulmasını arzulayırıq və sözügedən videoların bu işə faydası danılmazdır…
Bəli, Gülər Əhmədova məsələsi get-gedə doğrudan da Ramiz Mehdiyev məsələsinə çevrilir. Fransadakı “Video-yayım mərkəzi” də onu yeni görüntülərlə hədələyib. Əslində, Mehdiyev yeni videolar olmadan da, hətta bundan sonra qalıb işləməyə davam etsə belə, artıq əvvəlki deyil. Sevanın şirin dili onun yeni obrazını yaratdı və baş inzibatçının ciddi, akademik, mahir idarəçi, “boz kardinal” obrazı keçmişdə qaldı. Güman etmək olar ki, əvvəlki daxili rahatlığı, əminliyi, təntənəsi və fərəhi də qalmayıb. Bu arada tez-tez “Ramiz Mehdiyev vurulur” deyirlər, amma artıq vurulmuş sayıla bilər.
Bəs bu kampaniyadırmı? Həqiqətənmi kimlərsə Ramiz Mehdiyevi vurmaq üçün xüsusi planla işləyir? Çoxları deyir və ya yazır ki, bu, gedişlər Elşad Abdullayevin ağlının məhsulu deyil. Hesab edirlər ki, bunun arxasında daxili və xarici qüvvələr var. Gah deyirlər ki, Avropa mövcud rejimi sarsıtmaq üçün bu işi aparır, gah da deyirlər ki, hakimiyyətdəki antiMehdiyev qrupunun planıdır bunlar. Təzadlı, uyğun gəlməyən, ən azı hələlik sübut edilməmiş fikirlərdir.
Məgər Elşad Abdullayevin o videoları yazmağa, toplamağa ağlı çatırdı, onları yaymağa yox?
Təbii ki, motivini sora bilərsiniz. Əlindən çıxmış pulları, dağılmış səltənəti və ən başlıcası, çox sevdiyi aydınca görünən bir qardaşının faciəsi…
Biz insan amilini həmişə əcaib və gizli qüvvələrlə əvəzləməyə meyilliyik. Elşad Abdullayevin fəaliyyəti kimlərəsə sərf edə bilər, amma bu, bir insan amilidir – motivi olan insanın amili. Şəxsən mənim gördüyüm bunlardır, bəlkə getdikcə bu işin arxasından kimlərsə çıxdı, amma indilikdə bu işə təkan verən Elşad Abdullayevin özünün şəxsi motivləri, şəxsi hekayəsidir.
Ramiz Mehdiyevlə baş verənlər isə sadəcə təzahürdür, yəni real əməllərin heç olmasa birinin həyatın obyektiv axarında faş olmasıdır. Real əməlləri pərdələyən sistem bəzən hər şeyə qadir olmur, qəza ilə də üzləşir. Elə hazırda da sistem qəza ilə üzləşib. Bir nəfər başına gətirilənlərlə razılaşa bilmir və mübarizə aparmaq şansı əldə edib. Sanki kimsə türmədən qaçır və onun əlində qiymətli sübutlar var. Bu işin adı və izahı budur. Axı ən ciddi qoruması olan türmələrdən də qaçanlar olur…
Hər işdə belədir. Hər kəslə baş verə bilər bunlar. Məsələn, Səməd Seyidovun ağlına gələ bilməzdi, amma rəhbərlik etdiyi universitetdəki maliyyə əməllərindən biri gizlədilməz hala gəldi. Ağacanovun boks qalmaqalı da belə oldu. Bəzən bərk ilişirsən.
Götürək Ilham Əliyevin gizli mülklərini. Onun ailə biznesi ilə bağlı ardıcıl araşdırmalar kiməsə xüsusi kampaniya kimi göründü. Hamı deyirdi ki, bu məlumatları jurnalistlərə ötürənlər var. Halbuki söhbət bütün dünyanın bildiyi bir işdən gedirdi. Həmin ərəfədə hakerlər Panama Respublikasının Dövlət Reyestrinin internetdəki qapalı informasiya bazasını ələ keçirib açıq hala saldılar. Içindən də çoxlu sürpriz şirkətlər və şirkət sahibləri çıxdı. Bütün dünya üzrə getdi bu iş. Həmişə araşdırma aparan jurnalist Xədicə Ismayıl və bizlər də Azərbaycana aid olan bəzi sürprizləri axtarıb tapa bildik. Lakin kimlərsə həyatın öz gedişində ortaya çıxan bu təzahürü xüsusi kampaniya, xüsusi bir əməliyyat saydı.
Hər işi rahatca görüb, hər şeyin də gizli qalacağını düşünənlər yanılır, bəzən buna nail olmaq mümkün deyil, ən xırda detallar belə ortaya çıxır. 40 gün yox, 40 il çəksə belə…