Nemət Pənahlı aclığı dayandırmır

Həcər Pənahlı: «Nemətin tələbi hüquq müdafiəçisi Elçin Behbudovla görüşməkdir»

Milli-azadlıq hərəkatının öncüllərindən olan Nemət Pənahlı saxlandığı cəzaçəkmə müəssisəsində aclığa başlayıb. Nemət bəyin həyat yoldaşı Həcər Pənahlıdan aldığımız məlumata görə, aclıq aksiyası artıq 10 gündən artıqdır davam edir: “Karserdə qaldığı beş gün müddətində də Nemət aclıq edib.
Müəssisənin yeni təyin edilmiş rəisi aclığı dayandırmaq əmri versə də, Nemət aclığı dayandırmayıb. Nəticədə onu beş gün də artıq karserdə saxlayıblar. Dünən (srağagün – red.) Nemətin yanında olarkən mənə dedi ki, yeni gələn rəis aclığı dayandırmadığı təqdirdə onu yenidən karserə salacağıyla hədələyir”. Həcər xanım söylədi ki, Nemət bəyin tələbi hüquq müdafiəçisi Elçin Behbudovla görüşməkdir: “Mən Penitensiar Xidmətiylə hər gün əlaqə saxlayıram, ora şifahi və yazılı müraciət də etmişəm. Lakin E.Behbudovla görüşmək tələbi təmin olunmadığı üçün Nemət aclığı dayandırmır. Bu gün artıq aclığının 13-cü günüdür. Mən səhər saatlarında Nemətlə danışanda dedi ki, aclığı dayandırmasa, rəis onu yenidən 5 sutka karserə salacağını bildirib. Indi məlum olur ki, Nemət yenidən karserə salınıb”.

Nigar