Zəfər Quliyev: «Rusiya ilə münasibətlər kəskinləşirsə, Ramiz Mehdiyevə qarşı hakimiyyət daxilindən hücumların olması normaldır»
Son vaxtlar Prezident Administirasiyasının rəhbəri Ramiz Mehdiyevin adı E.Abdullayevin videollarında hallandığından ona qarşı hücumlar güclənib. Elə R.Mehdiyev baş verənlərlə bağlı verdiyi hər iki açıqlamada cərəyan edən proseslərin ona qarşı bir təxribat olduğunu etiraf edib. Baş verənlərdə diqqət çəkən bir məqam da ondan ibarətdir ki, ənənəvi olaraq R.Mehdiyevin mövqeyini dəstəkləyən rəsmi KIV-lər, hakimiyyət təmsilçiləri susqunluq nümayiş etdirirlər. Bu isə hakimiyyətdə R.Mehdiyevin vurulması fərziyyəsini daha da gücləndirir.
“Azadlıq” qəzetinə hakimiyyət daxilindəki mənbədən verilən məlumata görə, Mehdiyevə qarşı münasibətin sərtləşməsinin bir səbəbi də Rusiya ilə münasibətlərin pisləşməsidir. Hakimiyyət kuluarlarında dolaşan bir fərziyə də bundan ibarətdir ki, iqtidardakı qarşı tərəf Rusiya ilə gərgin münasibətlərdən istifadə edərək “boz kordinalı”n hökmranlığına son qoymaq niyyətindədir. Bu yerdə 2003-cü il seçkiləri xatırlanır. Qeyd edək ki, 2003-də prosseslər və qəbul olunan qərarlar Mehdiyev-Ruşaylo tandeminin əməkdaşlığının nəticəsi olaraq meydana çıxmışdı. Daha sonrakı proseslərdə isə Mehdiyev-Narışkin tandeminin planları üstünlük təşkil edirdi. Rusiya ilə münasibətlərin korlandığı bir zamanda isə hakimiyyətdəki qarşı qruplaşma Ilham Əliyevi inandırmağa çalışır ki, 2013-cü ildə seçkiləri R.Mehdiyevin nəzarətinə vermək ciddi riskdir. Bu hakimiyyət üçün ciddi sürprizlərə səbəb ola bilər. Bu baxımdan böyük ehtimal ilə R.Mehdiyevin yaxın zamanlarda vəzifəsindən uzaqlaşdırılması nəzərdə tutulub. R.Mehdiyevə bir müddət əvvəl dörd müavinin də təyin olunması da buna xidmət edir. . Bəs ekspertlər nə düşünür? R.Mehdiyevin vurulmasının bir səbəbi də Rusiya ilə münasibətlərin korlanması ola bilərmi?
Siyasi şərhçi Zəfər Quliyev R.Mehdiyevə qarşı hücumların bir səbəbinin də Rusiya ilə münasibətlərin korlanması ilə bağlı olduğu istisna etmir. R.Mehdiyevin neçə ildir ki, Rusiya ilə körpü rolunu oynadığını deyən Z.Quliyev bildirdi ki, o, iqtidarda Kremllə əlaqələri gücləndirmək həvəsində olan əsas fiqur kimi tanınır: “Ramiz Mehdiyevin Rusiyapərəst statusunu həm Azərbaycan ictimaiyyəti, həm də Kreml qəbul edirdi. Ona görə də əgər Rusiya ilə münasibətlər kəskinləşirsə, hakimiyyət daxilindən Ramiz Mehdiyevə qarşı hücumların olması normaldır. Digər tərəfdən burada Ramiz Mehdiyevin özünün də məsuliyyəti yaranır. Deməli o münasibətləri lazımi səviyyədə qura bilmir. Ramiz Mehdiyevə qarşı əvvəlki illərdə də kampaniyalar olurdu. Lakin əvvəlki illərdə həmin kampaniyalar nəticəsiz olurdu. Çünki Azərbaycan Rusiya ilə normal əlaqələr qura bilirdi”.
Hazırda R.Mehdiyevə qarşı hakimiyyətdə münasibətin dəyişdiyini deyən Z.Quliyev bildirdi ki, əgər Prezident Administirasiyasının rəhbərinə qarşı hücumlar artan xətlə gedəcəksə, R.Mehdiyevin postunda qalması real görünmür. Digər tərəfdən nəzərə almaq lazımdır ki, R.Mehdiyevə qarşı hazırda bir çox amil işləməkdədir. E.Abdullayevin açıqladığı silsilə kompromatların da R.Mehdiyevin durumuna təsir etdiyini deyən siyasi şərhçi hesab edir ki, hakimiyyətdəki bir çox qruplar anlayır ki, yalnız Gülər Əhmədovanı cəzalandırmaqla həm qalmaqalı videoların qarşısını almaq, həm də ictimaiyyətdəki narazılığı yatırmaq çətindir: “Hakimiyyət başa düşür ki, hətta bir müddət sonra bu məsələni araşdırmalı və müəyyən şəxsləri cəzalandırmalı olacaq. Eyni zamanda bu ərəfədə Moskvada yaranan ”milyarderlər təşkilatı” da Azərbaycanda kadr islahatlarını aktuallaşdırır, yeniləşməni ortaya qoyur. Təsadüfi deyil ki, bu ittifaqa qarşı ən kəskin reaksiyanı məhz Ramiz Mehdiyev və ona yaxın çevrə verdi. Çünki Ramiz Mehdiyev anlayır ki, bu ittifaq və onun fəaliyyəti onun marağında deyil”.
Hikmət