Kodu itirilmiş Azərbaycan

Bunlar qabaqca 1969-cu ildə, sonra 1993-cü ildə Azərbaycanı bir ölkə kimi deyil, pul dolu çamadan təki ələ keçirdilər. Xalqa yad olmaları üzündən başlanğıcdanca kodu “itirdilər”. Çamadansa açılmalı idi. Buna görə başqa gərəkən metodlara əl atmalı oldular. Düşüncələrinə, uyqarlıq prinsiplərinə uyğun olaraq “atvyorka”, “lom” kimi “açarlardan” yararlandılar. Gülər Əhmədovanın, Sevinc Babayevanın qatqısı ilə administrator-filosof-akademik… korrupsionerin kabinetində baş verənlər simvolik görsənişdir. Azərbaycan adlı PUL dolu çamadanın başına tək elə son 19 ildə o otaqda min bir oyun açılıb – pulları çıxarmaq üçün. Kod itirildiyindən “atvyorka”, “lom” kimi polis-pokuror-məhkəmə işə salınıb.
Illərlə gələn bilgilərə görə, o kabinetə yalnız Gülərlə Sevinc deyil, çox-çox belələri çox-çox çamadanlar daşıyıblar. Çamadanları boşaltma sürəcində o adamların hamısına daha çox yadda qalan belə buyruq verilib: “Pulu səliqəylə yığın!” Axı, bunların Allahı, dini-imanı puldur. Buna görə bunlar I, II ağalıqları boyunca PULU adamlardan, ölkədən, dövlətdən qat-qat üstün tutublar. Adamları OMON-çular kimi, Afiyəddin Cəlilov-Şəmsi Rəhimov kimi, Şahmərdan Cəfərov kimi, Etibar Erkin, Elmar Hüseynov, Ziya Bünyadov, Rail Rzayev, eləcə də bir çox başqaları kimi çox SƏLIQƏSIZ öldürüblər, xalqı da çox SƏLIQƏSIZ olaraq soyub-yağmalayıb, yıxıb-sürüyüblər. Polisə, prokurorluğa, məhkəmələrə, çoxsaylı administrativ resurslara xalqla aşırı SƏLIQƏSIZ davranma göstərişi veriblər. Ancaq iş PUL gözünə döndüyümə gələndə… üstündə əsim-əsim əsiblər: Pulu səliqəylə yığın!
Pulu SƏLIQƏYLƏ yığmağın iki başlıca anlamı var: birinci, pul MÜQƏDDƏSDIR, ona yüksək sayğıyla yanaşmaq, onu sevgili canandan da artıq sevmək, göz bəbəyi kimi qorumaq gərəkdir; ikinci, pulu SƏLIQƏSIZ yığarsan… çox yer tutar! Başlıcası da, pul 1 milyon manat olanda, 1 milyonu keçəndə. O gün əlimi köynəyimin cibinə salanda uşaq kimi sevindim, qalınlığından elə bildim çox pulum var. Çıxarıb sayanda gördüm… beş dənə əzik-üzük manatdı. Yadıma Gülər xanımın söyüşü düşdü: “krısa”… ancaq mən kimisə deyil, hökuməti söydüm: yaranışından bir belə varlı ölkədə bu gündə yaşadığımıza görə!
“Azərbaycan” qəzeti əliyevçi hökumət adından ABŞ-ı, Böyük Britaniyanı, Fransanı, Almaniyanı yıxıb-sürüyüb, söyüb-batırıb. Sən demə, onlarda insan hüquqları tapdanır, korrupsiya ayaq tutub yeriyirmiş. Ən DƏHŞƏTLI görsəniş Almaniyada imiş: “Almaniya korrupsiya içərisində çabalayır, özü də, alman cəmiyyəti bu xəstəliyə ”başdan” yoluxub…”
Başa düşdünüz də, Almaniyanın prezidenti korrupsioner imiş. Görün iş nə yerə çatıb: Almaniya hökumətinin yaramazlığı, yararsızlığı üzündən son 19 ildə almanlar Azərbaycana normal iş, yaxşı yaşayış dalınca sel kimi axıb gəlməkdədirlər. Ölkəmizə axın son illər daha da gücləndiyindən əliyevçi rejim Azərbaycanda almanlara köçmən statusu verilməsi ilə bağlı əngəllər yaratmağa başlayıb. Sizi bilmirəm, mən bunu çox düzgün iş sayıram: öz aramızdı, bir belə alman bizim nəyimizə gərəkdi?! Özü də almanlar, bilirsiz də, qaniçən Hitlerin törəmələridi; ölkəmizdə bunların sayı üç-beş milyonu keçsə, vay bizim günümüzə: bir də gördün yeni bir nasional-sosialist partiya yaradıb hakimiyəti keçirdilər ələ… Hələ mən orasını demirəm: almanlar Azərbaycandan “Mersedes”, “Siemens”, nə bilim, nələr alıb aparmağa girişiblər. Deyirlər: sizin hökumətininz doğru-düzgün, intellektual hökumət olduğundan sizdəki texnikadan-texnologiyadan Yer üzündə yoxdur. Ay maşallah!
Yuxarıda sözü keçən Bazarbaycan qəzetinin dönə-dönə yazdığına görə, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya dövlətləri Azərbaycana düşmənçilik yolu tutublar. Məncə, bu, düzgün yanaşma deyil; bizdəki əliyevçi doğru-düzgün, intellektual hakimiyyəti onların gözü götürmür – iş bundadır.