İctimai Palatanın seçki qərarı

2013- cü il prezident seçkiləri ilə bağlı İP Koordinasiya Şurasının qərarı

İP diqqətə çatdırır ki, 2013-cü il prezident seçkiləri ilə bağlı olaraq bu sənədə qədərki dövrdə artıq iki dəfə açıqlama ilə çıxış edib. Birinci açıqlamada cəmiyyətdə İctimai Palatanın 2013-cü il seçkilərində vahid namizədi mövzusunda gedən diskussiyalara aydınlıq gətirilmişdi. Bildirilmişdi ki, 2013- cü il prezident seçkilərində İP- in vahid namizədi məsələsi gündəmdə deyildir, müzakirə olunmur. Eyni zamanda qeyd olunmuşdu ki, 2013 – cü il prezident seçkilərində geniş demokratik çevrənin birgə iştirakı faydalı və arzuediləndir.

Daha sonra qəbul edilən “ 2013- c ü il prezident seçkiləri ilə bağlı İP Koordinasiya Şurasının Memorandumu” adlı sənəddə bu mövqe bir daha təsdiq olunaraq nəzərə alınması istənilirdi ki, İP bu və ya digər seçki kampaniyasına hesablanmış seçki ittifaqı, seçki koalisiyası deyil, müasir şəraitdə Azərbaycan demokratik qüvvələrinin (siyasi müxaliət, müstəqil media, vətəndaş cəmiyyəti xadimlərinin, mütərəqqi ziyalıların, gənclik hərəkatı liderlərinin,) demokratiya uğrunda birlik və təşkilatlanma modeli, köklü demokratik dəyişikliklərə, rejim dəyişikliyinə nail olmaq məqsədi daşıyan vətəndaş hərəkatıdır. Odur ki, İP- in mövcudluğunu 2013- cü il prezident seçkilərində iştirakın taktiki məsələləri ilə, o cümlədən həmin seçkilərdə hansı namizəd və ya namizədlərin iştirakı və onların müdafiəsi ilə əlaqələndirilməsi yanlış və əsassızdır. İP üzvləri, üzvləri İP – də təmsil olunan təşkilatların mütləq əksəriyyəti, o cümlədən Azərbaycan müxalifətinin aparıcı siyasi partiyaları olan AXCP və Müsavat ölkədə köklü demokratik dəyişikliklərə və rejim dəyişikliyinə nail olana qədər İP – in mövcudluğunun saxlanılmasının zəruriliyi və İP daxili əməkdaşlığın prioritetliyi mövqeyində durduqlarını ifadə edirlər.

Bunları qeyd edərək Memorandumda xatırladılırdı ki, İP yarandığı dövrdə öz qarşısına əsas konkret siyasi hədəf kimi prezident seçkilərinə qədər növbədənkənar parlament seçkilərinin keçirilməsinə nail olmağı qoymuşdu və qeyd olunurdu ki, bu mövqe indi də öz qüvvəsində qalır.

Eyni zamanda Memorandum İP- in 2013- cü il prezident seçkilərinə ümumi konseptual münasibətini müəyyənləşdirdi: “İP 2013 – cü il prezident seçkilərini və içində olduğumuz siyasi prosesin ən mühüm hadisələrindən biri hesab edir və fəaliyyətini qurarkən bu hadisəni əsas hədəflərdən biri kimi nəzərdə tutur. İP hesab edir ki, 2013- cü il prezident seçkiləri ölkənin avtoritarizmdən demokratiyaya keçid məsələsində Azərbaycan cəmiyyəti üçün ən əlverişli şanslardan biridir və bu şansdan demokratikləşmə üçün maksimum istifadə olunmalıdır.

Memorandumda eyni zamanda göstərilmişdi ki, hazırda İP daxili və ictimai rəydə demokratik çevrənin namizədləri kimi Müsavat partiyası başqanı İsa Qəmbərin və AXCP sədri Əli Kərimlinin adlarının önə çıxması reallığı vardır. Lakin eyni zamanda üçüncü namizəd ideyası görməzlikdən gəlinə bilməz. Memorandumda qeyd olunurdu ki, İP hazırkı mərhələdə seçkilərdə namizəd kimi iştirak barədə bəyanları və qərarları təbii hesab edir və bu cür hərəkətləri İP- in mövqelərinə zidd saymır. Bu tipli bəyan və qərarlara hörmətlə yanaşaraq İP indiki mərhələdə bunları “namizədliyə namizədlik” haqqında bəyan və qərarlar kimi qəbul olunmasını məqbul hesab edir. İP seçkiyə qədərki ağlabatan ən son müddətə qədər bu məsələləri digər demokratik qüvvələr və ilk növbədə Ziyalılar Forumu ilə birlikdə dəyərləndirməkdə davam edəcəkdir.

Memorandumda vurğulanırdı ki, 2013- cü il prezident seçkilərinə münasibətdə bugünkü mövqelərin situativ olması, seçkiyə qədərki bütün mərhələlərdə bu mövqeyə korrektə və dəyişikliklər edilməsi, son mövqeyin yalnız seçki ərəfəsində qəti şəkildə formalaşdırılması məqsədəuyğun sayılır.

Memorandumda həmçinin qeyd edilirdi ki, İctimai Palata hazırkı dövrdə seçki qanunvericiliyinin təkmilləşdirilməsi, demokratik seçki mühitinin formalaşdırılması və bu məqsədə nail olmaq üçün ölkənin demokratik qüvvələrinin ən geniş çevrəsinin birliyinə nail olmağı özünün ən mühüm prioriteti olduğunu, İP-in seçki straregiyası və seçki platforması üzərində aparılan işin başa çatdırılmasını zəruri saydığını bəyan edir.

Yuxarıdakıları xatırladaraq İP KŞ Memorandumun qəbul ediməsindən sonra keçən müddətdə yaranmış yeni halları və 2013- cü il seçkilərinin İP qarşısına qoyduğu çağrıları dəyərləndirərək qərara alır:

● 2013- cü il prezident seçkiləri ilə bağlı İP Koordinasiya Şurasının 2012-ci il sentyabr tarixli Memorandumda ifadə olunan əsas prinsip və müddəaların qüvvədə qaldığı bəyan edilsin;

● Yekin qərarın seçki ərəfəsində qəbul ediləcəyini qəbul edərək hazırda seçkidə İP-in namizədlə iştirakı perspektivi əsas götürülərək, təxirə salınmadan bundan irəli gələn fəaliyyətin (seçki platformasının hazırlanması, seçki qərargahının yaradılması, və s.) həyata keçirilməsi sürətləndirilsin.

● Bəyan edilsin ki, İP üzvlərinin seçkilərdə namizəd olaraq iştirak etmək niyyətini və ya qərarını elan etməsi və bu istiqamətdə konkret addımlar atmağa başlaması, eləcə hazırkı dövrdə seçki qanunvericiliyinin təkmilləşdirilməsi , demokratik seçki mühitinin formalaşdırılması və bu məqsədə nail olmaq üçün ölkənin demokratik qüvvələrinin ən geniş çevrəsinin birliyinə nail olmaq istiqamətində səyləri İP-in rəsmi sənədlərində ifadə olunan siyasi kursuna zidd deyildir.

● Bu qərar İP sessiyasının təsdiqinə verilsin.