«Daha sərt addımların atılması da planlaşdırılır»
Uzun aylar ərzində göstərdiyimiz səylərə baxmayaraq, “Qasid” firması “Azadlıq”a olan borcunu ödəməməkdə israr edir. Bunu “Azadlıq”ın baş redaktorunun birinci müavini Rahim Hacıyev âdeyir.
Onun sözlərinə görə, bu il oktyabrın 18-də firmanın yerləşdiyi binanın qarşısında etiraz aksiyası keçirsələr də, vəziyyət düzəlmək bilmir: “Etiraz aksiyası keçirilən vaxt firmanın rəhbəri yaxşı vədlər versə də, ”Azadlıq” qarşısında öhdəliklərini yerinə yetirmək üçün demək olar ki, heç bir iş görməyib. Böyük məmnuniyyətlə qəzeti götürüb satırlar, satılan nüsxələrin pulunu vermək məqamı gələndə isə bundan min cür bəhanələrlə boyun qaçırırlar. Belə çıxır ki, qəzetin satışı firmaya yaxşı pul gətirir. Buna görə də qəzeti satmaqda davam edirlər. Bütün tələb və xahişlərimiz nəticəsiz qalır. Görünür, “Azadlıq”ın hakimiyyətə qarşı sərt tənqidi mövqedə durması “Qasid” rəhbərliyində məsuliyyətdən yayına bilməyin çətin olmayacağı təəssüratını yaradır. Nəticə göz qabağındadır. “Qasid”in “Azadlıq”a olan 30 mindən artıq borcu redaksiyada ağır maliyyə vəziyyəti yaradıb”.
R.Hacıyev yaxın günlərdə “Azadlıq”ın kollektivinin firmanın binası qarşısında növbəti etiraz aksiyası keçirəcəyini deyir: “Başqa daha sərt addımların atılması da planlaşdırılır. Əldə etdiyimiz məlumata görə, ”Qasid” borclu olduğu qəzetlər arasında ayrıseçkilik edir. Belə ki, borcu ödəməyə söz verdiyi qəzetlərdən birinə ödəniş etsə də, “Azadlıq”a qarşı fərqli mövqe nümayiş etdirir. Bu ayrıseçkiliyi pisləyir, firma rəhbərliyindən verdiyi sözə əməl etməsini tələb edirik”.
Gültəkin


