Kəmaləddin Vilayətoğlu: «Icarəyə götürdüyüm obyekti bağladılar, indi də məni kirayə yaşadığım evdən çıxarmaq istəyirlər»
AXCP Sumqayıt şöbəsinin sədri Kəmaləddin Vilayətoğluna təzyiqlər edilir. Bu barədə qəzetimizə şöbə sədrinin özü məlumat verib. Onun sözlərinə görə, dekabr ayından başlayaraq Sumqayıtın yerli hakimiyyəti ona qarşı hücuma keçib: “Bildiyiniz dekabrın 10-da Ictimai Palata Bakının mərkəzində aksiya planlaşdırmışdı.
Həmin gün səhər saatlarından mənim yaşadığım binanı polislər nəzarətə götürmüşdü. Hətta həmin gün səhhətində problem yaranmış xanımımı belə polislərin müşayiəti ilə xəstəxanaya apardım. Bundan sonra məni 1-ci polis bölməsinə apardılar. Orada Azər adlı rəis məni hədələdi. Bölmədə olarkən xəstəxanadan zəng gəldi. Yenə də polislərin müşayiəti ilə xəstəxanaya getdim. Və yenidən oradan bölməyə gətirildim. Həmin gün saat 4-ə qədər məni polisdə saxladılar. Bundan 2 gün sonra, yəni dekabrın 12-də icarəyə götürdüyüm obyektə polislər gəldi. Bildirdilər ki, guya mənim obyektdə piket keçirməyimlə bağlı 102 xidmətinə müraciət daxil olub. Dedim ki, kim müraciət edib? Harada görünüb ki, obyektdə piket keçirilsin? Qulaq asmadılar. Daha sonra ”Sanepidemstansiya”dan gəldilər. Və dedilər ki, obyekti bağlamalısan. Lakin obyektdə olan müştərilərin müdaxiləsindən sonra getdilər. Bir gün sonra isə obyektin sahibini işdən çıxarmaqla hədələyiblər. Bundan sonra artıq obyektdən çıxmalı oldum. Lakin bu hələ son deyil. Indi də məni kirayə qaldığım evdən çıxarmaq istəyirlər. Ev yiyəsinə təzyiq edirlər. Sahə müvəkkilinə deyiblər ki, bilmirsən, o cəbhəçidir, düşməndir. Sahə müvəkkili də ev yiyəsinə təzyiq edir”.