Nə dövlət büdcəsində, nə də hakim partiyanın büdcəsində bunun üçün vəsait nəzərdə tutulur
Məhəmməd Talıblı: «Bu iş sahibkarlıq qurumlarından toplanan korrupsiya «vergiləri», büdcədən kənar «fondlar» hesabına həyatına keçirilir»
Ölkə başçısı Ilham Əliyev bu günlərdə Füzuli rayonuna səfəri zamanı Yeni Azərbaycan Partiyası Füzuli rayon təşkilatının inzibati binasının açılışında iştirak edib. Qeyd edək ki, ölkənin bütün rayon və şəhərlərdə hakim partiyanın təmtəraqlı qərargahları inşa edilib, onların bir çoxunun açılışında isə dövlət başçısı şəxsən iştirak edib.
Diqqət çəkən məsələ isə kifayət qədər böyük məbləğə başa gəlməsi ehtimal olunan bu binaların hansı vəsait hesabına tikilməsidir. Məlumdur ki, dövlət büdcəsindən bu məqsədlər üçün vəsait ayrılmır. Hakim partiyanın öz büdcəsinə gəldikdə isə, orda da bu tip xərclərə rast gəlmək olmur. YAP-ın 2011-ci il üçün maliyyə hesabatına nəzər salanda da bunu görmək olur. 2012-ci il yanvar ayının 1-nə olan məlumata görə, üzvlük haqlarından partiya büdcəsinə 4 milyon 711 min 974 manat daxil olub. Həmin vəsaitin 4 milyon 611 min 323 manatı Yeni Azərbaycan Partiyasının rayon (şəhər) təşkilatlarının və Icra Katibliyinin xərclər smetasını təşkil edib.
Vəsaitin 2 milyon 59 min manatı əməkhaqlarının ödənilməsinə, 687 min manatı müxtəlif xarakterli partiya tədbirlərinin maliyyələşdirilməsinə, 196 min manatı ezamiyyət xərclərinə, 326 min manatı nəqliyyat vasitələri və inventarların alınmasına, 170 min manatı cari təmir işlərinə, 178 min manatı təsərrüfat xərclərinə, 61 min manatı çap işlərinə, qalan hissəsi isə kommunal, icarə haqqı, rabitə xərcləri, bank xidməti və sair istiqamətlərə sərf edilib. Göründüyü kimi, qərərgah tikintisindən söhbət getmir. Belə olan halda YAP-ın qərərgahları kimin hesabına tikilir?
Iqtisadçı-ekspert Məhəmməd Talıblı da büdcə xərcləmələrində hakim partiya üçün qərargah tikintisinin nəzərdə tutulmadığını deyir. Bu işlər yalnız yerli icra qurumlarının büdcələri, o cümlədən cibləri, əsasən də sahibkarlıq qurumlarından toplanan korrupsiya “vergiləri”, həmçinin büdcədən kənar “fondlar” hesabına həyatına keçirilir.
Ekspert büdcədən siyasi partiyaların maliyyələşməsi üçün ayrılan vəsaitin də qərargah tikintisi üçün nəzərdə tutulmadığını qeyd etdi. Həmin vəsaitlər bu məqsədlər üçün sərf edilirsə, deməli, bu partiyaların maliyyələşməsi ilə bağlı sərəncamların hüquqi qüvvəsi itirilir. Çünki bu zaman faktiki olaraq YAP üçün əlahiddə hüquqlar nəzərdə tutulur. Bu isə o deməkdir ki, büdcə hakim partiyanın mülahizələri əsasında formalaşır. Burda büdcə xərcləmələrindəki şəffaflıq, səmərəlilik və təyinatı üzrə xərcləmələrdən söz getmir. Ölkə başçısı isə bu addımları təqdir etməklə əslində büdcədənkənar bu cür layihələri dəstəkləmiş olur. Bir qurumun maraqlarından çıxış edərək ölkənin bütün regionlarında siyasi partiyanın maliyyəşməsi ilə bağlı addımlar atır və faktiki olaraq mövqe nümayiş etdirmiş olur. Bununla da büdcə vəsaitləri üzərində sərəncam vermək hüquqlarını, o cümlədən legitimliyini sual altına qoymuş olur.
Fizzə