“Demokratiya və Vətəndaş Cəmiyyətinin Inkişafına kömək” Ictimai Birliyinin sədri Oqtay Isgəndərli Qaradağ rayonunda yerləşən 14 saylı Cəzaçəkmə Müəsisəsində saxlanılan vicdan məhbusları – hüquq müdafiəçisi Vidadi Isgəndərli və AXCP idarə heyətinin üzvü Şahin Həsənli ilə görüşüb. Bu barədə “Azadlıq”a məlumatı O.Isgəndərli verib.
Onun sözlərinə görə, hər iki vicdan məhbusu iki ay Penitensiar Xidmətin mərkəzi hospitalında müalicə olunduqdan sonra 15 dekabrda yenidən 14 saylı Cəzaçəkmə Müəsisəsinə gətiriliblər: “Mərkəzi hospitalda müalicə olunduqdan sonra vicdan məhbuslarının səhhətində nisbi normallaşma var. Ancaq Vidadi Isgəndərli ağır şəkər xəstəliyindən, ürək-damar sistemindəki problemlərdən, Şahin Həsənli isə qan təzyiqinin normadan yuxarı olması, əsəb-sinir sistemindən əziyyət çəkir. Bu xəstəliklər istənilən vaxt sağlamlıq üçün ciddi problemlər törədə bilər. Bütün bunlara baxmayaraq vicdan məhbuslarının ovqatı yüksəkdir, mübariz olaraq qalır”.
Hüquq müdafiəçisi deyir ki, vicdan məhbusları mətbuat vasitəsi ilə ölkədə baş verən siyasi prosesləri ciddi şəkildə izləyirlər: “Hər iki məhbus Nigar Yaqublunun məhkəmə prosesləriylə maraqlanırlar. Məhkəmənin gedişindən ciddi narahatçılıq keçirdiklərini bildirdilər. Siyasi motivlərlə həbs olunan insanların məhkəmə proseslərinin sifarişli olması və ölkədə müstəqil məhkəmə sisteminin olmamasını qeyd etdilər. Vidadi Isgəndərli Nigar Yaqublu haqqında ədalətsiz məhkəmə hökmü olacağı təqdirdə onun hüquqlarını məhbəsdən qorumaq qərarına gəlib”.
Ramin DEKO