Dünən musavat.com və qafqazinfo.az saytları haker hücumuna mərzu qalıb. Hər iki saytın rəhbərliyi Milli Təhlükəsizlik Nazirliyinə müraciət ediblər.
Müraciətdə deyilir: “Son dövrlərdə ölkəmizin bir sıra aparıcı elektron kütləvi informasiya vasitələrinə qarşı, xüsusilə “Yeni Müsavat” qəzetinin internet səhifəsinə (musavat.com) və “Qafqazinfo” (qafqazinfo.az) saytına qarşı kiber hücumlar edilir. Bu hücumlar, bəzi məlumatlara görə, xarici ölkələrdən, digər informasiyalara görə isə ölkə daxilindən törədilir. Kiberterrorçular adıçəkilən mətbuat orqanlarında gedən informasiyaların internet vasitəsilə yayılmasına ciddi fəsad törədir və onların internet səhifələrinin fəaliyyətini yararsız hala salırlar. Bütün bunlar hər iki media orqanının geniş oxucu kütləsinə çatdırılmasına böyük zərbə vurur. Bu isə həm “Yeni Müsavat”ın, həm də “Qafqazinfo.az”ın internet səhifəsinin ciddi maddi zərərə məruz qalmasına səbəb olub.
Bu gün günorta saatlarından sonra musavat.com fəaliyyətini bərpa etsə də qafqazinfo.az saytı hələ də öz fəaliyyətini bərpa edə bilməyib.


