Gedib Elşad Abdullayevin açıqladığı faktları araşdırsınlar

Rüstəm İbrahimbəyov haqqında yazılanlara sərt reaksiya verdi

“Aydın məsələdir ki, bu məlumatları ortaya atan hansı dairələrdir”

“Hazırda Rusiya paytaxtında olan Rüstəm İbrahimbəyov indi də Rəsul Quliyevin bu ölkənin hakimiyyət dairələri ilə əlaqələrini qurmaq üçün danışıqlar aparır”. Bu məlumatı hakimiyyətyünlü “Azadinform” agentliyi yayıb. Agentlik adını çəkmədiyi Moskvadakı mənbələrə istinadən yayıb. Agentliyin yazdığına görə, mənbə bildirib ki, Kremlə yaxın düşmək üçün imkanlarının tükəndiyini görən R.Quliyev son variant kimi uzun müddət Rusiyada yaşamış və bu ölkənin mədəni elitasında müəyyən əlaqələri qalmış R.İbrahimbəyovdan istifadə etməyə çalışır. R.İbrahimbəyov görüşdüyü şəxslərə R.Quliyevi Moskvaya sədaqətli adam kimi təqdim edir və onun istənilən şərtlər altında əməkdaşlığa hazır olduğunu bildirir.
Mənbənin sözlərinə görə, Azərbaycanın mədəni həyatından təcrid olunmuş və siyasi proseslərə qoşulmaqla özünü tam iflasa uğratmış R.İbrahimbəyov R.Quliyevlə əməkdaşlığı yeni biznes layihəsi kimi qiymətləndirir. Belə ki, onun öz xidmətlərini heç də təmənnasız göstərmədiyi deyilir.
Mənbə onu da bildirir ki, RATİ layihəsinin iflasa uğraması, orada təmsil olunan imkanlı şəxslərin R.İbrahimbəyovu özlərindən uzaqlaşdırması onu ağır duruma salıb. Artıq vəziyyət o həddə çatıb ki, Azərbaycanda siyasi fəaliyyətini cəmiyyətin maraqları və xalqa olan sevgisi ilə əlaqələndirməyə çalışan R.İbrahimbəyov Rusiyanın bəzi dairələrinin istənilən anti-Azərbaycan ssenarili layihəsində yer tutmaqdan belə çəkinmir. Məlumatda o da xatırladılır ki,  bir müddət əvvəl ölkə mətbuatında R.Quliyevin Moskvaya səfər etdiyi və Prezident V.Putinlə görüşmək üçün çalışdığı, lakin bütün cəhdlərinin nəticəsiz qaldığı barədə xəbər yayılmışdı.
“Azadinform”un məlumatında yer alan ittihamlara münasibət bildirməsi üçün R.İbrahimbəyova müraciət etdik.
“Azadlıq”a açıqlamasında R.İbrahimbəyov yayılan xəbəri yalan və böhtan adlandırdı: “İndi mən hər axmaq informasiyaya cavab verməliyəm? Əlbəttə ki, böhtandır, yalandır. Mən bu cür işlərlə heç vaxt məşğul olmamışam, olmayacağam da. Belə işlərə heç marağım da yoxdur. Universitetin professoruyam,  səhərdən axşama qədər imtahanlardayam. Aydın məsələdir ki, bu məlumatları ortaya atan hansı dairələrdir. Həmin dairələr getsinlər Elşad Abdullayevin məlumatları ilə, yeni açıqladığı faktlarla məşğul olsunlar. Bu faktlarla bir daha təsdiqləndi ki, Azərbaycanda deputatlıq da pulla həll olunur”.
R.İbrahimbəyov hesab edir ki, bu məlumatları cəmiyyətin fikrini Elşad Abdullayevin açıqladığı ifşaedici faktlardan yayındırmaq üçün ortaya atırlar: “Bu günə qədər Azərbaycanda korrupsiya məsələsi bu qədər açıq, biabırçı formada ifşa olunmamışdı. Hər kəsə aydın oldu ki, Azərbaycanda hər şey pulla həll olunur. İndi camaatın fikrini bundan yayındırmaq üçün cürbəcür şayiələr yayırlar”.
R.Quliyev məsələsinə gəlincə, İbrahimbəyov bunun da absurd olduğunu deyir: “Rəsul Quliyev mənim nə qardaşım, nə də qohumumdur. O, sadəcə mənim köhnə dostumdur. Özü siyasətlə məşğul olur və öz işlərini özü görür. Mən burada hansı  vəzifəni tuturam ki, belə problemləri həll edim? Rəsul Quliyevin tanışları məndən yüz qat yuxarı səviyyələrdə təmsil olunurlar. O, hökuməti idarə edirdi. Demək ki, dostları da siyasi xadimlər, hökumət adamlarıdır. Mən heç elə adamları tanımıram. Mənim ətrafımdakılar kino, teatr adamlarıdır. Onlarla Rəsul Quliyevə necə kömək edə bilərəm?”.

Gültəkin