Elşad Abdullayevin məlum videoları Azərbaycan insanını heyrətləndirmir. Onun təpkisizliyi, səssizliyi bu üzdəndir. Əvəzində yalnız həmişə mitinqlərə çıxanlar, 9 milyonluq toplumun haqqı, hüququ, azadlığı uğrunda kimlər döyülür, söyülürsə, etiraz edənlər də onlardır.
Hamımız deyirik ki, o videolarda baş verənlərin mində biri hansısa normal ölkədə yaşansa, bu gün xalq küçələrdə, meydanlarda idi. Bizdə isə xalqın münasibəti ortadadır. O sadəcə seyr etməklə kifayətlənir. Seyr edir və başını bulamaqla, ya da ən yaxşı halda ürəyində söyməklə kifayətlənir. Niyəsini də ata-oğul Əliyevlərin onillər boyu Azərbaycanda qurub-möhkəmləndirdiyi qorxu, xof imperiyası ilə əlaqələndiririk.
Səbəb yalnız qorxudurmu? Xalqın qanına işləmiş xofdurmu? Yox.
Səbəblər çoxdur, məsələn, biri toplumun artıq özünü ölkəyə, onun taleyinə yad görməsi. Azərbaycan insanının böyük çoxluğunun məmləkətə sadəcə coğrafi bağlılığı qalıb. Əksəriyyət çoxdan ruhən Azəraycandan qopub. Əksəriyyət üçün Azərbaycan çoxdan sadəcə, Ilham Əliyevin,
Kəmaləddinin, Ramizin, Ziya Məmmədovun vətənidir, özləri isə qəribdirlər burda, yaddırlar, ögeydirlər. Ətrafımız taleyini söyən insanlarla doludur. Və fikir vermisinizsə, çoxluq dünyaya gəldiyinə görə yox, dünyaya Azərbaycanda gəldiyinə görə qarğayır taleyinə.
Bu, rejimin uzun illər apardığı, altşüurlara yeritməyə çalışdığı təliğatın nəticəsidir: Azərbaycan ona görə dünya xəritəsində qalıb ki, biz varıq, biz olmasaq, ölkə çoxdan dağılmışdı, əgər bu gün nəfəs alırsınızsa, bizə borclusunuz. Biz əvəzsizik, əvəzedilməzik, biz sizdən fərqliyik, siz bizə məxsussunuz, sizin özünüzə məxsus olan isə heç nə yoxdur bu ölkədə. Nə veririksə, qane olub yaşamalısınız, xoşunuz gəlmirsə, xoş getdiniz!
Böyük çoxluğun içərisində bir kirayənişinlik duyğusu var, onlar fərqindədirlər ki, hətta öz halal zəhmətləri, alın təri ilə tikdikləri evdə belə, kirayənişindirlər, istədikləri vaxt rejim qoçuları, buldozerləri gəlib onların dalından təpik vurub çölə ata bilərlər.
Istənilən toplum bu cür gizli və aşkar təbliğata təslim ola bilər, yalnız o toplumlar hər şeyə rəğmən müqaviməti davam etdirirlər ki, onun aydınları, onun fikir, düşüncə, söz adamları belə bir əxlaqi daşınmanın, mənəvi terrorun qarşısında dayanırlar, ortaya insanların şüurunda təslimçiliyin, köləliyin təntənəsinə mane olan əsərlər çıxır. Bizdə isə hətta bu da olmadığına, tam əksinə, uzun illər cəmiyyətin aydınlanması, qaranlıqların yarılması missiyasını üzərinə götürməsi gərəkənlər toplumun özündən əvvəl “ağ bayraq” qaldırdığına, mütiliyi həyat və yaradıcılıq tərzinə çevirdiyinə görə, bu gün yaranan mənzərə əsla təəccüblü deyil: əksəriyyət Əliyevçi rejimin onillərcə apardığı, altşüurlara yeritdiyi təbliğatın girovudur. O sadəcə, kağız üzərində bu ölkənin vətəndaşıdır, ruhən, qəlbən isə onun üçün bu ölkənin dərdlərinin, qayğılarının, ağrılarının heç bir mənası, anlamı qalmayıb.
O görəndə ki, onillərdir məmləkətin ipini əlinə almış bir ovuc adam üçün heç kimdirlər, heç bir dəyər ifadə etmirlər, artıq ona ölkədə olub-bitənlərin heç bir dəxli qalmır. Nə Elşad Abdullayev videoları, nə ondan da dəhşətli rəzalətlər tükünü tərpətmir, qılını qıpırdatmır. Əksəriyyət belə düşünür: “Öz zibilləridir, özləri bilər, bizə nə?”.
Bunları çoxluğun susqunluğuna bəraət qazandırmaq üçün yazmıram. Susmağın, səssiz qalmağın heç vaxt bəraəti ola bilməz. Mən bunları sadəcə, ona görə yazıram ki, bu, Azərbaycan insanının gerçək əhval-ruhiyyəsidir. Bugünkü ovqatıdır.
Biz bəzən ləyaqət, vicdan, mübarizə örnəyi olan adamları göstəririk və deyirik: bəs bu xalq niyə onlardan dərs almır, onları özlərinə nümunə götürmür?
Amma belə adamların bəzilərinin də sonradan tulapayının müqabilində ləyaqətsizlik, köləlik, vicdansızlıq örnəyinə çevrilməsinin toplumun beynində yaratdığı travmaları unuduruq.
Bu cür travmalara görədir ki, öz şərəfini, vicdanını qorumuş adamlara da bəzən şübhəli, suallarla dolu, inamsız münasibətin şahidi oluruq.
Və əsas sual da elə burada ortaya çıxır: çoxluq bu ölkəyə və ağalıq edənlərə yaddır. Ögeydir, biganədir. Bəs bizlər – həqiqətin, ədalətin, azadlığın təntənəsini arzulayanlar və bunun üçün çarpışanlar necə, çoxluq üçün nə qədər doğmayıq?!
(I yazının sonu)
2012-nin son sualları – 1
•
•