“Musavat.com” portalı haker hücumu nəticəsində fəaliyyətini dayandırmağa məcbur olub. Saytın rəhbəri, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu “Media forum” saytına deyib ki, bir neçə gündür bəzi saytlar haker hücumuna məruz qalıb, əsas hədəf isə “Müsavat.com” və “Qafqazinfo.az” portallarıdır: “Bir necə dəfə dayanmaq məcburiyyətində qalmışıq. Dekabrın 17-də hücumlar daha da intensivləşib. Ona görə də sayt fəaliyyətin dayandırıb. Hücumlar indi də davam edir”.
Baş redaktorun sözlərinə görə, hücumları kimin təşkil etdiyini müəyyənləşdiriblər: “Bunu yerli rəqiblərimiz təşkil edir. Kim olduğunu bilirik. İndi bunu sübuta yetirmək istiqamətində addımlar atırıq. Hücumları tanıdığımız, görüşəndə salamlaşdığımız həmkarlar təşkil edir. Bu, çox çirkin hərəkətdir. Bir necə ay əvvəl də belə hücumlar olmuşdu. Xaricdəki provayderlərlə əlaqə saxlamışıq. Saytı qorumağa çalışırıq. Bizə çox böyük zərər vurulur. Kimlərsə öz saytlarına az insanın müraciət etməsinin, işlərinin pis getməsinin günahını bizim saytın daha çox ziyarət olunmasında görür”.
Rauf Arifoğlu bildirib ki, məsələ ilə bağlı Milli Təhlükəsizlik, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinə müraciət edəcəklər.


