“Fövqəlnazir”in atası Ağsaqqallar Şurasının sədri olacaq
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun atası, Milli Məclisin üzvü Fəttah Heydərova yeni vəzifə verilir. Moderator.az saytı etibarlı mənbələrə istinadən bildirir ki, Fəttah Heydərov ötən ay – noyabrın 1-də dünyasını dəyişmiş akademik, Azərbaycan Ağsaqqallar Şurasının sədri Budaq Budaqovun yerinə gətiriləcək.
Sayta verilən məlumata görə bir neçə potensial namizəd arasında məhz Fəttah Heydərovun üzərində dayanılıb. Bu seçimdə onun millət vəkilliyi, gümrah olması əsas götürülüb. Həmçinin, əlində olan təsir rıçaqları ilə daha çox iş görə biləcəyi nəzərə alınıb.
F.Heydərovun Agsaqqallar Birliyinə sədrliyi hələ rəsmiləşməsə də, artıq o birliyə de-fakto rəhbərliyi həyata keçirir. Hətta 10-11 dekabr 2012-ci il tarixdə İzmirdə keçirilən Türk dünyası Ağsaqqallarının 4-cü toplantısında Azərbaycan Ağsaqqallar Şurasını F.Heydərov təmsil edib.
Xatırladaq ki, Ağsaqqallar Şurasının sədr müavini vəzifəsini daşıyan F.Heydərov Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri işləyib. Son 3 çağırışda Milli Məclisin deputatı seçilib. Mərhum prezident Heydər Əliyevlə sıx münasibətləri ilə fərqlənib.