Keçmiş rektor dəhşət dolu məlumatlar açıqladı
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev “Obyektiv.tv”yə müsahibə verib. ABU rektoru müsahibə zamanı açıqladığı videolardan sonrakı vəziyyətə münasibət bildirib, eyni zamanda qardaşı Mahir Abdullayevin oğurlanması ilə bağlı yeni və şok faktlar açıqlayıb. E.Abdullayev bildirib ki, oğurlanmasından sonra qardaşı Mahirlə bir neçə dəfə telefon danışığı olub, ona dəhşətli işgəncələrin verilməsinin şahidi olub. Müsahibəni diqqətinizə çatdırırıq:
MÜSAHİBƏNİN MƏTNİ VİDEONUN AŞAĞISINDA YERLƏŞDİRİLİB
– Sizin yaydığınız bir neçə videodan sonra yalnız indi Gülər Əhmədovanı YAP-dan çıxarmaq barədə qərar verildi. Bunu necə qiymətləndirirsiniz?
– Bu günə qədər açıqlanan videolar çox olub. Amma birinci videomuz Gülər Əhmədova ilə bağlı olub. Ikinci videomuz Daxili Işlər Nazirliyinin 7-ci idarəsinin polkovniki Rövşən Abasquliyevlə bağlıdır. Üçüncü videomuz həmin ərəfədə Nərimanov rayon Məhkəməsinin sədri işləmiş Hacı Ağababa Babayevindir. Yeri gəlmişkən, onu demək istəyirəm ki, rayon məhkəməsinin hüquqi statusu olduqca genişdir. Çünki orada DIN-in “Banditizm” idarəsinin, xüsusi idarənin, Interpolun işləri həmin məhkəmə vasitəsilə həyata keçirilir, orada mərkəzləşdirilir. Ona görə də təsadüfi deyil. Dördüncü videomuz da mənimlə Gülər Əhmədova, Prezident Admnistirasiyasının rəhbəri Ramiz Mehdiyev arasındakı vasitəçi Sevinc Babayeva ilə bağlıdır. Bu videaolara yəqin ki, baxmısınız hər birinin orada adı və hüquqi statusu müəyyənləşdirilib. Azərbaycanda insan oğurluğu ilə məşğul olan təşkilatın hər bir subyektinin öz missiyası var.
Müstəqil istintaq Komissiyası təsadüfən yaradılmadı
– Mahir Abdullayevin itkin düşməsi ilə bağlı cinayət işi başlanıb və dövlət başçısının tapşırığından sonra Baş Prokurorluqda Müstəqil Istintaq Komissiyası yaradılıb. Necə düşünürsünüz, bu komissiya qardaşınızın oğurlanmasında iştirak etmiş şəxsləri və sifarişçiləri tapa biləcəkmi?
– Istintaq Komissiyasının yaradılmasının əsas səbəbi ondan ibarətdir ki, mən 17 iyunda qardaşımın işini aparan müstəntiq Elmar Məmmədovdan xahiş elədim ki, doqquz ildən sonra işin vəziyyəti haqqında məlumat versin. O mənə məlumat verdi ki, qardaşınız hadisə günü Qaradağ rayonuna gedib və altı saatdan sonra geri dönüb. Amma apardığım hüquqi araşdırmalar göstərdi ki, mənə verilən rəsmi məlumatlar düzgün deyil. Çünki mənim qardaşımın oğurlanması xəbərini verən, istiqamətləndirən Sənan Ibrahimov demişdi ki, Mahir gedib Qaradağ rayonuna və altı saatdan sonra tanımadığı adamlarla geri dönüb. Mən bununla razılaşmadım və baş prokuror Zakir Qaralova yazılı müraciət etdim. Eyni zamanda dövlət başçısına müraciət ünvanladım ki, iyunun 17-də müstəntiq Elman Məmmədovadan aldığım cavab məni qane etmir. Çünki indiyə qədər bunlar mənə otuz variant göstəriblər. Bunların hamısının məqsədi cinayətin baş verdiyi yeri, əsas cinayətkarları gizlətmək və zərərçəkmişi susdurmaqdan ibarətdir. Qısa müddətdə mənim təhlükəsizliyimi təmin etmək məqsədilə Baş Prokurorluğun yanında Müstəqil Istintaq Komissiyası yaradıldı. Bu təsadüfi yaradılmadı. Bu işə on iki müstəntiq baxmışdı. Mən müracəitimdə birmənalı şəkildə vurğuladım ki, mənə cinayət işiylə bağlı verilən cavab obyektivliyi əks etdirmir və bu cavab Azərbaycanda adam oğurluğu ilə məşğul olan dəstənin gizlədilməsinə xidmət edir.
Qardaşıma işgəncə verirdilər
– Qardaşınızın sağ olmasına indi inanırsınızmı? Onun oğurlanmasının səbəblərini nə də görürsünüz? Kimlər sifarişçi ola bilər? Xahiş edirəm vəzifəsindən asılı olmayaraq konkret adlar çəkəsiniz.
– Qısa müddət ərzində qardaşımın oğurluq məsələsi ilə bağlı Azərbaycanda insan oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar dəstə pul almaq məqsədi ilə mənə çıxdı. Çünki mən Daxili Işlər Nazirliyində olmuşam və Ramil Usubova ərizə vermişəm. Həmin dəqiqədə Yasamal rayon Polis Idarəsinin rəisi Şahmar Əliyevi dəvət etdilər və ərizəmi ona verdim. Çünki hadisə aidiyyatı üzrə onun rayonunda baş vermişdi. Bu hadisə 2003-cü il oktyabrın 14-də baş verib. Daha sonra bu hadisə daxili işlər nazirinin müavini Zahid Dünyamalıyevə tapşırılıb. Həmin ərəfədə də qardaşımın geri qaytarılması ilə bağlı məndən bir ay müddətində pullar tələb olundu. Məndən pul tələb olunanda məsələni belə qoydum ki, bilməliyəm ki, qardaşım sağdır, onun səsini, video görüntülərini verməlisiniz. Imkan yaratmalısınız ki, qardaşımla heç olmasa telefonla da olsa danışım. Əgər məndən pul tələb edirsinizsə siz bunu sübut etməlisiniz. Mənimlə qardaşımın telefon danışıqlarını təşkil etdilər. Mən apardığım bütün telefon danışıqlarının qeydiyyatını tarixlərə uyğun olaraq aparmışam. Mənim şərtim bu idi ki, bu adamın mənə səsini, videogörüntüsünü verməlisiniz, təxəllüsünü deməlisiniz. Mahir Abdullayevin oğurlanması pul almaq məqsədi daşıyıb. Bu ərəfədə də qardaşımın telefon danışıqlarını təşkil etdilər.
– Danışdınız qardaşınızla?
– Bəli. Qardaşımla danışdım. Əvvəlki danışıqlarımız normal qaydada keçirildi. Sonra pul gecikən zaman onlar qardaşıma işgəncə verib, qışqırtmağa başladılar. Qeyri-insani işgəncələr verirdilər. Bunu həmin ərəfədə qohumlarıma deməmişdim. Amma qohum-əqrabanı, dost-tanışı bu məsələyə səfərbər etdim ki, bu adamlar vəhşidirlər, çox təhlükəlidir. Bu adamlar pula görə nə desən edərlər. Istədikləri məbləğ böyük idi. Bu məbləği yığıb, təhlil vermək üçün zaman tələb olunurdu. Telefon danışığı sübut edir ki, həmin ərəfədə mənim qardaşım sağ olub. Qardaşımın oğurlanma yeri zaman və məkan etibarı ilə mənə təqdim olunmuş telefon danışıqları məntəqəsinə görə, Mətanət Isgəndərlinin evindən aparılıb. Və aparılan gün gecə saat 1-dən saat 10-a qədər bir gün müddətində Mətanət Isgəndərli qardaşımın həm ev, həm mobil telefonuna dəfələrlə zəng edib. Bu o deməkdir ki, qardaşım evindən sağ-salamat çıxıb gedib. Əgər qayıdıb-gəlibsə o məqsədlə zəng edib.
Qardaşımı “vor zakonlar” içərisində axtarsam da, yenidən MTN-ə qayıtdım
– Sizin qardaşınız MTN-in mayoru idi. MTN öz əməkdaşının axtarışı ilə bağlı hansı işləri görüb. Çünki bu ölkənin milli təhlükəsizliyilə də bağlı bir məsələ ola bilər?
– Hesab edirəm ki, elə bu ölkənin milli təhlükəsizliyinə xələl gətirir. Əgər qardaşım Mahir Abdullayevin işlədiyi struktur onu belə fəal axtarmırsa, axtarıb ortaya çıxarda bilmirsə deməli müəyyən problemlər var. Bu problemlər nədir? Mən qardaşımı axtaranda kriminal dünyada “vor zakonlar” arasında axtarırdım. Amma qısa müddətdə bir hüquqşünas kimi yenidən qardaşımı MTN-də axtarmalı oldum. Mətanət Isgəndərlinin evindən banditizmə aparılmasını müşahidə elədim. Bu onu göstərir ki, onlar məlumatlıdırlar. Amma onlar bu cinayətin açılmasında maraqlı olmadılar. Əksinə MTN bu cinayətin ifşa olunmamasında, örtülməsində maraqlı idi. Çünki mən araşdırdım və məlum oldu ki, Arzu Kazımovun köməkçisi Rövşanə Əliyeva mənimlə MTN-nin Anti-terror Mərkəzinin otağından fövqəladə hallar naziri Kəmaləddin Heydərovun anası Hacı Simuzərin adından danışırdı ki, mən Hacı Simuzərəm. Istəyirik ki, Mahiri qaytaraq, ona görə də saat altıda sizə gələcəyik. Ondan sonra mənlə Mahirin adıyla danışdılar. Mən MTN-in Akademiyasında vaxtı ilə dərs demişəm. Mən bu səsi çox gözəl tanıdım. Bu mənim vaxtı ilə MTN-də dərs dediyim hazırda Anti-Terror Mərkəzinin rəisi general Elçin Quliyevin səsi idi. Deməli, bu iki şəxs cinayəti azdırmaq, yayındırmaq məqsədilə mənlə Mahirin adıyla danışmışdı. Mən gördüm ki, bu Mahirin səsi deyil. Ona görə mən dedim ki, Mahirin uşaqlıq kliçkasını mənə deyə bilərsənmi? Qarşı tərəf Anti-Terror Mərkəzinin rəisi general Elçin Quliyev mənə Mahirin uşaqlıq kliçkasını deyə bilmədi.
Zahid Dünyamalıyev qarant idi
– Qardaşınızın tapılması üçün kimlərə nə qədər pul vermisiniz?
– Birinici dəfə Arzu Kazımova. Çünki daxili işlər naziri bu işi tapşırmışdı Zahid Dünyamalıyeva. Məni Rövşanənin əli ilə ofisinə gətirdi. Gördüm ki, orada Zahid Dünyamalıyev də məni gözləyir. Ona görə arxayınlaşdım. Çünki düşündüm ki, arada daxili işlər naziri Ramil Usubov var. Bizim ilk söhbətimizdə Zahid Dünyamalıyev Ramil Usubovun simasında bir qarant kimi çıxış etdi. Yəni mən Arzu Kazımova etibar edirəm. Sən ona nə qədər pul verəcəksənsə, qorxma çəkinmə, mən zəmanət dururam.
– Deməli, ilk pulu kimə verdiniz?
– Ilk pulu danışığımıza əsasən, Mahirin səsini eşidəndən sonra yazılı şəkildə Arzu Kazımova ikitərəfli müqavilə ilə təqdim elədik.
– Nə qədər pul verdiniz?
– Birinci pulu qaynım Sabir Hüseynovun adından, imzası ilə verdik. Biz tərəfdən Sabir Hüseynov qol çəkdi, digər tərəfdən də Arzu Kazımov imza atdı.
– Nə qədər pul verdiniz?
– Həmin gün 500 yüz min dollar verildi. Ikinci dəfə mənlə Arzu Kazımov arasında ikitərəfli müqavilə oldu. O zaman bir milyon dollar verdim. Deməli, 500 min dolları 2003-cü ilin dekabrında, bir milyonu isə 2004-cü ilin fevralında vermişəm. Pulu yığana qədər bu müddət keçdi.
– Sonra kimlərə pul verdiniz?
– Sonra bu proses davam elədi. Deməli, Arzu Kazımov pulu alandan sonra dedi ki, narahat olma get otur evdə və gözlə. Qardaşın özü gələcək. Bu müddətdə mənim qohum-əqrəbam çox narahat idi. Mən də onları başa saldım ki, istəyirsinizsə bu məsələ həll olunsun sakit oturun gözləyin. Adam özü gələcək, pul artıq verilib. Çünki bu cinayətin təhlükəliyi onunla bağlı idi ki, cinayətkar şəbəkə bir qayda olaraq dövlət və hakimiyyət orqanlarından kənarda olur. Amma Azərbaycanda adam oğurluğu ilə məşğul olan cinayətkar dəstənin təhlükəliyi və fərqliliyi ondan ibarət idi ki, bu təşkilat hakimiyyət orqanlarının daxilində yerləşirdi. Bunun təhlükəliyi bundan ibarətdir. Əvvəllər mən qardaşımı cinayət dünyasında axtarırdım. Amma bu cinayətdə təsdiqini tapdı ki, adam oğurluğu ilə məşğul olan dəstə bandit qruplaşması deyil. Bu təşkilat dövlətin gücündən istifadə edirdi. Mən dövlətin gücü ilə üzbəüz qaldım. Ölüm təhlükəsiylə həm mən, həm qohumlarım üzləşdi. Bir qardaşımı zəhərlədilər. O əmək qabiliyyətini itirdi. Hazırda danışa bilmir. Sadəcə olaraq sevinirik ki, o, kömək olmadan əl-üzünü yuya bilir. Bu özü də bir cinayətdir. Birinci müqaviləyə qol çəkən Sabir Hüseynovu o qədər dindirdilər, şərlədilər, oğlunu oğurladılar. Iki həftədən sonra onu banditizmdə tapdıq. Mən Ramil Usubovun qəbuluna gedib, şikayət edəndən sonra buraxdılar.
– Daha kimlərə pul vermisiniz?
– Bu proses daha da böyüdü. Proses böyüyəndən sonra Hacı Məmmədovun 2005-ci ildə həbs olunması mətbuatda elan olundu. Bundan sonra mən Arzu Kazımov və Zahid Dünyamalıyevlə görüşdüm. Bildirdim ki, ya adamı verməlisiniz, ya da pulu qaytarmalısınız, ya da mən sizdən şikayət edəcəm. Onlar bildirdilər ki, biz sizdən pul almışıq və gedək bunu “notarius”da təsdiq edək. Arxayın olun. Pulunuzun qarantı kimi sizə əmlak verəcəyik. Üç aya Hacı Məmmədovun işi sakitləşən kimi qardaşınızı qaytaracağıq. Sonra da bizdən aldığınız əmlakı da geri qaytaracaqsınız.
– Amma qardaşınızı qaytarmadılar?
– Qaytarmadılar. Belə olan vəziyyətdə bu söhbət böyüdü və 2009-cu ildə altı ili tamam oldu. Mənə pul yardımı edən qohumlar da artıq mənə inanmamağa başladılar. Mən artıq bunlara dedim ki, mən bu caamatı saxlamışam və onlar altı il müddətində heç yerə şikayət etməyib. Adam oğurluğunun bir mühüm cəhəti var ki, zərərçəkmişə danışmağa icazə vermirlər. Əgər o danışsa oğuladıqları adamı öldürməklə təhdid edirlər. Altı il müddətində də Allah bilir ki, mən və qohumlarım hansı müsübətlərdən keçib.
Üç milyondan sonra 10 milyon da istədilər
– Qardaşınızın qaytarılması üçün təxminən nə qədər pul vermisiniz?
– Arzu Kazımov və Zahid Dünyamalıyevə birlikdə üç milyon dollar pul verildi. Bu pullar verilib qurtarandan sonra 2009-cu ildə Arzu Kazımov deyir ki, Elşad müəllim hələ 10 milyon da verilməlidir. Bu barədə hələ altı ay əvvəl “Azadlıq” və “Yeni Müsavat” qəzetlərində, “Qafqazinfo”da məlumat getdi.
– Belə fikirlər gəzir ki, sizin deputat seçilməyiniz üçün verilən pul çatmalı olan şəxsə verilməyib. Bundan sonra Ramiz Mehdiyev sizin adınızı namizədlər sırasından çıxarıb. Bunu sübut etmək üçün vasitəniz varmı? Pul kimə çatıb, hara gedib?
– Məlumdur ki, yalnız bu məsələ ilə bağlı birinci və dördüncü video görüntülər yayılıb. Hələ bu faktı təsdiq edən xeyli videolar da var. Növbəti bir neçə video görüntülər də var. Bu proses tam videolaşdırılıb. Mən ilk vaxtda gördüm ki, bunlar mənim pulumu alacaqlar heç deputat da keçirməyəcəklər. Ona görə də mən videogörüntüləri işə saldım. Bir hüquqşünas kimi bir şeyi bu adamlara sübut etmək lazımdır. Bu adamlar 44 ildir, deyirlər ki, yalnız bunlar düz söz deyirlər. Hələ bunların sözünün qarşısına söz deyən olmayıb. Ona görə Gülər Əhmədovanın, Sevinc Babayevanın videosu əsaslı şəkildə sübut edir ki, bu pullar Prezident Administirasiyasının rəhbəri Ramiz Mehdiyevə çatıb. Əgər fikir vermisinizsə mətbuatda Ramiz Mehdyiev mənimlə bağlı açıqlama verəndən sonra mən də onun bəyanatı ilə bağlı görüşümüzün xırda detallarını mətbuatda verdim. Orada sizin soruşduğunuz sual açılır. Orada iki məqam var. Birinci deputatlıq məsələsidir. Digəri qardaşımın geri qaytarılmasıdır. Yəni Ramiz Mehdiyev mənimlə deputatlıq söhbəti etdi və uğurlar arzuladı. Sonradan düşdüm Prezident Aparatının birinci mərtəbəsində mənim Idarəetmə Akademiyasından hörmət etdiyim tələbəm, Prezident Administirasiyasının əməkdaşı şəkili Mamedin otağında məni Gülər Əhmədova və Sevinc Babayeva gözləyirdi. Bunlar mənə dedilər ki, söhbəti qurtardınız. Dedim bəli. Onlar dedilər ki, pul məsələsinə biz baxırıq. Mən də təəccüblə soruşdum ki, siz nədən bildiniz ki, mən Ramiz Mehdiyevin yanındayam, dedilər bu barədə məlumatımız var və pul məsələsinə biz baxırıq. Dedim bəs qarantiya? Dilər ki, sən hə desən Ramiz Mehdiyevin adından icra başçısı səni çağıracaq və deputatlıqla bağlı sənədlərini qəbul edəcək. Məlumdur ki, deputatlığı kim həll edir, göz qabağındadır. Mən çıxdım çölə və heç kəsin bilmədiyi, yalnız bir neçə nəfərin və Ramiz Mehdiyevin qəbul otağında olan telefon nömrəmə zəng gəldi. Alı Qocayevin nömrəsindən idi zəng. O bildirdi ki, Ramiz Mehdiyevin adından zəng edirəm. Sizi təbrik edirəm. Bəs siz bu gündən deputatsınız, sənədlərinizi gətirin.
Ramiz Mehdiyev dedi universiteti keçir qohumumun adına
– Amma deputat olmadınız…
– Ikinci bir tərəfdən qardaşımın geri qaytarılması üçün Ramiz Mehdiyev yanımdan Gəncə və Kürdəmir rayonlarının icra hakimləri ilə danışdı. Mən də öz nümayəndələrimi Eldar Əzizovun yanına göndərdim. Gəncədə orta məktəbin tikintisi ilə bağlı onunla bir neçə dəfə telefon danışığım oldu. Həm də Kürdəmir rayon icra başçısı ilə danışdım. Dedim yəqin bu ucuz olar. Amma hər proyektin qiyməti beş, on milyon idi. Arzu Kazımovun qardaşımın qaytarılması üçün istədiyi on milyon bax bu məbləğ idi. Yəni əsas işin sifarişçisi, himayədarı özü çıxdı ortaya ki, deputatlıq üçün pulu Gülər Əhmədovaya keçirəcəksən, iki orta məktəbi də tikməlisən. Iki orta məktəbi tikmək üçün hesabladım ki, hər birinə beş milyon pul ödəmək lazımdır. Dedim ki, imkanım yoxdur. Dedi imkanın yoxdursa o zaman universiteti mənim qohumum “KQB” polkovniki Fikrət Əliyevin adına keçirməlisən. Sonradan heç bir elmi dərəcəsi, elmi məqaləsi olmayan, tədqiqat işi ilə məşğul olmayan birini gətirdi mənə prorektor təyin etdi. Təhsil Nazirliyi də buna etiraz etdi. Bildirdi ki, buna bizim icazəmiz olmalıdır. Çünki bu şəxsin heç bir elmi dərəcəsi yoxdur. Prorektor olmaq üçün ən azı akademik elmi dərəcən olmalıdır. Təhsil Nazirliyi bundan imtina etdi. Amma buna baxmayaraq Fikrət Əliyev mənim yanımda işini davam etdirirdi. Sonra elə bir vəziyyət yarandı ki, dedi ki, sən olmalısan rektor, mən də təsisçi olmalıyam. Iyirmi min tələbəsi və müəllimi olan universitetin bağlanmasının da səbəbi Ramiz Mehdiyev oldu. Çünki mən onun qohumunu bu sözdən sonra işdən uzaqlaşdırdım. Işdən uzaqlaşdıran kimi də gördü ki, universiteti əlinə keçirə bilmir, ondan sonra universiteti bağlatdırdı. O ərəfədə də mənə qara maskalıların hücumunu müşahidə elədim. Bununla bağlı kimə şikayət edirdimsə üzünü o yana çevirirdi.
Sevinc Babayevanı da gizlədən Ramiz Mehdiyevdir
– Sevinc Babayeva ilə bağlı ümumiyyətlə məlumat yoxdur. Gülər Əhmədova ilə bağlı qaldırılan cinayət işi dələduzluqla bağlıdır. O cümlədən Arzu Kazımov da dələduzluq maddəsi ilə həbs olunub. Onun həbsində qardaşınızın oğurlanması ilə bağlı heç bir ittiham yoxdur. Buna münasibətinizi bilmək istərdik?
– Bunların üçünə də Ramiz Mehdiyev havadarlıq edir. Bir mərkəzdən idarə olunurlar. Bunların hər üçünün cinayəti dələduzluq deyil. Onların cinayəti Azərbaycanda adam oğurluğu ilə məşğul olan cinayətkar dəstənin subyekti olmaqdır. Təsadüfi deyil ki, mən dövlət başçısına şikayətlə müraciət etmişəm. Bu cün Müstəqil Komissiyanın üzvləri hamısı peşəkar hüquqşünaslardır. Amma onların işinə maneçilik törədənlər var. Bu maneçilik də Ramiz Mehdiyev tərəfindən həyata keçirilir. Amma bu gün Azərbaycanın Cinayət Prosesual Məcəlləsi tələb edir ki, əgər bu işdə şəxsin adı hallanırsa o tutduğu vəzifədən müvəqqəti olaraq kənarlaşdırılmalıdır. Son videoda Sevinc Babayeva deyir ki, biz sizdən aldığımız pulları aparıb Ramiz Mehdiyevə vermişik. Ona görə Ramiz Mehdiyev Müstəqil Istintaq Komissiyasının qərarı ilə tutduğu vəzifədən müvəqqəti olaraq kənarlaşdırılmalıdır. Istintaqın gedişinə maneçilik törətməsin. Mən uzun müddət hüquq sahəsində müəllim olmuşam. Mənə deyirlər ki, müəllim gündə üç dəfə hava dəyişir. Biri deyir tut, biri deyir burax, biri də deyir ki, obyektiv olun. Amma bunlara özlərinin də etiraf etdiyi kimi tutduğu vəzifəsinə görə ən çox Ramiz Mehdiyev maneçilik törədir. Çünki Arzu Kazımova, Gülər Əhmədovaya himayədarlıq edən, Sevin Babayevanı Ramiz Mehdiyevdir gizlədən. Sevinc Babayevanın video görüntülərində pulun necə aparıldığı, necə gətirildiyi hamısı əksini tapıb. Bir də ki, Azərbaycan qanunlarla idarə olunmalıdır. Milli Məclis bir il əvvəl qanun qəbul etdi ki, hər bir şəxsin tutduğu mövqedən, sosial vəziyyətindən asılı olmayaraq 65 yaşına çatmış hər bir şəxs pensiyaya çıxmalıdır. Bu bir hüquqi-tibbi termindir. Bu o deməkdir ki, insan altmış beş yaşa çatanda normal əmək qabiliyyətini itirir. Bunun üçün qanunlar qəbul olunub. Amma bu gün Prezident Administirasiyasının müdri Ramiz Mehdiyevin səksənə yaxın yaşı var. Bu pensiyaya getməlidir. Çünki adam çox yaşlaşıb. Onun işlədiyi vəzifə ilə yaşı uyğun gəlmir. Hər adam bu yaşla o işi çəkə bilməz. Bu qanunun tələbidir. Kimsə deyirsə ki, Elşad müəllim kiminsə əlində alətdir. Axı bunu qanun ələb edir. Və ya deyirlər ki, Elşad Abdullayevi Fransa öyrədir. Azərbaycan on bir ildir ki, Avropa Şurasının üzvüdür. Fransa da Avropa şurasında aparıcı dövlətlərdən biridir. Fransanın sənlə nə şəxsi qərəzliyi ola bilər. Fransa istəyir ki, Azərbaycanda normal vətəndaş cəmiyyəti qurulsun. Yüz qırx yeddi şikayət ərizəsi yazmışam birinə də cavab verilməyib.
– Kimə yazmısınız bu ərizələri?
– Azərbaycanda ədliyyə deyilən institut sıfra endirilib. Ramiz Mehdiyevə yüz qırx yeddi ərizə yazmışam. Halbuki Konstitusiyaya görə, vəzifəli şəxslərin fəaliyyətindən vətəndaşların şikayət edə biləcəyi barədə qanuna görə yeddi gün ərzində mənə cavab verilməlidir. Formal olaraq cavab verilir ki, sənin işinə baxıldı və oğurlanmış qardaşının işinə qoşuldu. Mahir Abdullayevin işi açıq bir işdir. Nəyə görə onu on ildir ki, aça bilmirlər? Burada dövlət başçısı Ilham Əliyevin siyasi iradəsi lazımdır. Artıq Azərbaycanda cəzasızlıq şəraiti hökm sürür, ölkə hüquqi böhrandadır. Nə cinayəti icra edənləri, nə də ona sifariş verənləri məsuliyyətə cəlb edirlər. Azərbaycanda insan hüquqlarının vəziyyəti Avropada gündəmdə olan bir nömrəli məsələlərdir. Yoxsa üzərimizə böhtanlar yağdırırlar ki, Elşad müəllim kiminsə əlində alətdir. Mən heç kimin əlində alət deyiləm. Mən müstəqil şəxsəm, ölkənin professoruyam. Siz məni məcbur etdiniz ki şikayətlər yazım. Ümumilikdə toplansa şikayətlərim mindən çox ərizəni əhatə edir. Hansına cavab verilib? Məni qınıyırlar ki, nəyə görə Avropa Məhkəməsinə müraciət etmisən. Məhkəmələrlə də bağlı şikayət etmişəm. Bir şikayətimə də baxmayıblar. Təzyiqlər etdilər ki, şikayətimi geri götürüm. Belə bir fikrim yoxdur. Qardaşımın oğurluğunun cinayətkarları ifşa olunmalıdır. Hacı Məmmədovun yarımçıq qalan işi başa çatdırmalıdır. Bu cinayətkarlığa son qoyulmalıdır. Azərbaycanda cinayətkarlıq davam edir.
Yeni videolar gəlir
– Elşad müəllim yeni videolarınız varmı? Yeni videolarınız nəylə bağlı olacaq?
– Bu gün Arzu Kazımovun, onun oğlu polis rəisi Zaur Kazımovun istintaqdakı ifadələri bizi qane etmir. Belə olduğu halda biz Müstəqil Istintaq Komissiyasına kömək etmək məqsədi ilə onların videogörüntülərini ictimailəşdirəcəyik. Arzu Kazımov və Rövşanə Əliyevanın video görüntülərini ictimailəşdirəcəm. Rövşanə Əliyeva deyir ki, ümumiyyətlə məni tanımır. Necə olur ki, sən mənim otağıma gəlib stolun üstündə oynayırsan ki, bəs Zaur Kazımov bir saata Mahiri Qarabulaqdan Bakıya gətirir. Sonra da mənim telefonumu verirsən Zaurla danışdırırsan. Sən necə məni tanımırsan axı?
– Hakimiyyətə sözünüz, müraciətiniz nədən ibarətdir. Təhlükəsizliyinizə qarantiya varmı?
– Ilham Əliyevə son müraciətimdən sonra mənim təhlükəsizliyimi təmin etmək məqsədilə Müstəqil Komissiya yaradıldı. Lakin təhlükəsizliyim təmin olunmaq əvəzinə evimin divarını sökdülər. Nümayəndəmə Bakıdan çıxmağa icazə vermirlər. Nümayəndəmin anası ağır xəstədir. Onu Türkiyəyyə aparıb müalicə elətdirmək istəyir. Bacım da son yaşanan streslərdən xəstələnib. Müalicə olunmaq istəyir. Ölkədən buraxmaq istəmirlər. Deyirlər ki, sən niyə xaricə getmək istəyirsən. Sən təhlükəsizliyimi necə təmin edirsən ki, nümayəndəmə anasını müalicə etməyə imkan vermirsən. Yaxud gedir bazara gəlib görür ki, maşınını uşaq qarışıq aparıblar. Məqsəd aşağılamaqdır. Uşaq da maşında qışqıra-qışqıra qalıb. Belə təhlükəsizlik olar. Ramiz Mehdiyev məni təhdid edir. Hər şikayət verəndə mənə qarşı cinayət işi açıblar. Məqsəd cinayətlərini ört-basdır etmək məqsədilə başımı qatmaqdır. Dövlət başçısına müraciət edib demək istəiyrəm ki, təhlükəsizliyim naminə yaradılan komissiyanın fəaliyyətinə Ramiz Mehdiyev mane olur. Bunlar açıqlanan videoların saxta olduğuna dair Moskva və Sankt-Peterburq şəhərlərindən saxta rəy almağa çalışırlar. Sevinc Babayeva gələcək videolarda açıq-aydın hər şeyi danışır. Ramiz Mehdiyevin onu ölkədən qaçırmasının səbəbi budur. Sevinc Babayevanı da mənimlə Gülər Əhmədova tanış edib. O mənimlə Ramiz Mehdiyev arasında vasitəçilik etməli idi. Daha sonra universiteti əlimdən almaq üçün Fikrət Əliyevi prorektor təyin etdilər. Amma Təhsil Nazirliyi qoymadı. Nəticədə məni saxta diplom, orqan transplantasiyasında ittiham etdilər. Hamısı mənə qarşı saxta, özləri tərəfindən düzəldilmiş ittihamlardır. Elə bil 37-ci ildir. Mən YAP-ın 3 qurultayının üzvü olmuşam. Mənlə YAP üzvləri qorxa-qorxa əlaqə saxlamağa çalışırlar.