Türkiyədə Bəşər Əsədin taleyi həll olunur

Elxan Şahinoğlu: «Əsəd rejiminin sonu yaxınlaşır»

ABŞ müdafiə naziri Leon Panettanın Türkiyəyə səfərinin ardınca Iran prezidenti Mahmud Əhmədinejadın da bu ölkəyə səfər edəcəyi məlum olub. Xatırladaq ki, Panettanın Türkiyəyə səfəri planlaşdırılmış olub və amerikalı nazir “Incirlik” hərbi bazasına da baş çəkib.
Məlumata görə, Panetta Türkiyəyə səfəri zamanı “Patriot” ZRK-nin iki batareyasının yerləşdirilməsi məsələsini müzakirə edib. Dekabrın 17-də isə Iran prezidenti Türkiyəyə qısamüddətli səfərə gedir. Rəsmi məlumatlara görə, Əhmədinejad Konyada Mövlananın xatirəsinə keçirilən Şəbi-Arus mərasimlərində iştirak edəcək və həmin gün də vətənə dönəcək. Lakin səfər zamanı mühüm əhəmiyyət kəsb edən məsələlərə diqqət yetiriləcəyini də gözləmək olar. Bu iki səfərin arsında hər hansı əlaqə varmı?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu beynəlxalq aləm, o cümlədən ABŞ üçün başlıca mövzusunun Suriya olduğunu deyir. Bu ölkədə isə vəziyyət getdikcə gərginləşir və artıq bitmək üzrədir. Artıq ərəb dünyası, ABŞ, Avropa Birliyi Əsədə müxalif olan qüvvələri tanıyıb. Döyüşlər Dəməşq ətrafında gedir. Əsəd rejiminin sonu yaxınlaşır. Bu mənada Əsəd əleyhinə olan koalisiya fəaliyyətini mərkəzləşdirilmiş şəkilə gətirir. Bu arada Türkiyədə raketlərin yerləşdirilməsi də beynəlxalq aləmin Suriya siyasətinin bir halqasıdır. Raketlərin yerləşdirilməsinin əsas dəstəkçisi olan ABŞ-nın müdafiə nazirinin Türkiyəyə səfərinin başlıca mövzusu da məhz Suriya məsələsi olub.
Ekspertin sözlərinə görə, artıq Iran və Rusiya da Əsəd rejimini qorumaq gücündə olmadığını anlayıb. Rusiya artıq Suriyadakı maraqları qorunmaq şərti ilə geri çəkilməyə hazırdır. Çünki Əsəd rejiminə dəstək verməklə beynəlxalq aləmlə münasibətləri korlanıb. Artıq Iran da Əsədi qorumağın mümkünsüz olduğunu anlayır. Türkiyə Suriya ilə həmsərhəd dövlətdir. Bu mənada həm ABŞ, həm Iranın hakim dairələri  Ankara ilə bir sıra məsələləri müzakirə edir. Ekspert Iran prezidentinin səfəri zamanı “Partiot” raketləri ilə bağlı məsələnin də müzakirə oluna biləcəyini deyir. Çünki artıq Qərb, eyni zamanda Rusiya mətbuatında xəbərlər yayılıb ki, Suriya ilə sərhəddə yerləşdirilən partiot raketləri əslində Əsəd rejiminə qarşı yönəlməyib. Gələcəkdə Qərb Irana zərbələr endirsə, bu, Iranın əks zərbələrindən qorunmaq məqsədi daşıyır. Görünür, bu səbəbdən Iran narahat olmağa başlayıb.

Fizzə