Rusiya ABŞ-a qarşı soyuq müharibəyə başlayır?

Dövlət Duması «antiMaqnistki» aktını qəbul etdi

Vəfa Quluzadə: «Amerika Rusiyanı üçüncü dünya ölkəsi kimi cəzalandırır»

ABŞ-da “Maqnistki qanunu”nun qəbulunun ardınca Rusiya da analoji addım atacağını bəyan etdi və Dövlət Duması “antiMaqnistki” aktı qəbul etdi. Qanuna əsasən, Rusiya vətəndaşlarının hüquqlarını pozan ABŞ vətəndaşları Rusiyaya buraxılmayacaq, həmçinin həmin şəxslərin Rusiya banklarındakı hesabları da dondurulacaq.
Hər iki ölkənin bir-birinə qarşı belə qanun qəbul etməsini bəzi ekspertlər Vaşinqtonla Moskva arasında soyuq müharibənin dərinləşməsi kimi qələmə verir. Xatırladaq ki, bir neçə gün əvvəl Putinin Avrasiya Ittifaqı ideyasını növbəti dəfə dilə gətirməsi ABŞ dövlət katibinin etirazı ilə qarşılandı. Dünyanın iki supergücünün növbəti dəfə üz-üzə gəlməsi bu ölkələr arasında balans qorumağa çalışan dövlətləri də çıxılmaz duruma salır. ABŞ-la Rusiya arasında baş verən son olaylar Azərbaycanın da yerləşdiyi regiona nə vəd edir?

Politoloq Vəfa Quluzadə Rusiya ilə ABŞ arasında soyuq müharibənin dərinləşməsi fikri ilə razı deyil. “Maqnitski” qanunu Rusiyaya utanc gətirən bir haldır. Dünyanın lider dövləti olan Amerika Rusiyanı üçüncü dünya ölkəsi kimi cəzalandırır. ABŞ-ın buna bütün imkanları çatır. Rusiya məmurlarının ABŞ-da tikdirdikləri malikanələr, evlər ya əllərindən çıxacaq, ya da ora çətinliklə gedəcəklər. Pullarına həbs qoyula bilər. Amma Rusiya Amerikanın vecinə olmayan qanun qəbul edir: “Amerikalı rus uşağını övladlığa götürsə, o uşaq da ölsə, onda həmin amerikalıya Rusiyaya gəlməyi qadağan edəcəklər. Onun da heç vecinə olmayacaq. Getməz Rusiyaya, gedər başqa bir ölkəyə. Yəni Rusiyanın Amerikanı cəzalandırmağa heç bir imkanı yoxdur. Qəzetlər vəziyyəti dramatikləşdirməsinlər. Ortalıqda heç nə yoxdu”.
Ekspertin sözlərinə görə, ABŞ öz qanunlarını Rusiyaya yeritmək istəyir və bunu edir də: “Artıq ruslar Amerika leksikonunu işlədirlər, az qala ingilis dilində danışırlar. Rusiya sərvətlərini ABŞ-a, Avropaya verir, onlardan da pul alır ki, acından ölməsin. Həmin pula ərzaq alır. Putin fəxrlə deyir ki, biz 40 faiz əti Braziliyadan gətiririk. Çox pis. Dünyanın altıda bir hissəsini tutan Rusiya boyda ölkə niyə öz ətini, taxılını istehsal etmir. Bu ölkə artıq məhv olmaq ərəfəsindədir. Qəbələ RLS-dən özləri əl çəkdi. Çünki Amerika onlara təzyiq etdi. Azərbaycanla danışıb razılaşdılar ki, siz bizdən 300 mln. tələb edin, elə görünsün, guya bizi qiymət razı salmadı. Yoxsa Azərbaycanın ağzı nə idi Rusiyaya deyə ki, burdan çıx”.
Ekspert Rusiyanın Amerika ilə heç bir rəqabət aparmaq və bu ölkəni cəzalandırmaq imkanında olmadığını da vurğuladı. Çünki Rusiya Amerikadan və neft qiymətindən asılıdır. Neftin qiymətini də ABŞ diqtə edir. Rusiyanın isə vəziyyəti pisdir: “Rusiyanı alkoqolizm, korrupsiya götürüb, bununla heç nə edə bilmirlər. Müdafiə nazirinin korrupsiyası dünyada analoqu olmayan korrupsiyadır. Onun ordakı arvadlarının gəzdirdiyi əl sumkasının qiyməti 25 min dollardır, hamısı brilyantın içində. Dəmir yolu nazirinin katibəsi həm şairədir, həm aktrisadır. Onu əvvəl Serdyukov yanında saxlayıb, sonra ötürüb dəmir yolu nazirinə. Onun geyimi yüz min dollarla ölçülür. Rusiya bütün bunların, parlamentinin öhdəsindən gələ bilmir. Rusiya neyləyəcək? Bir kağız qəbul edəcək ki, əgər bir amerikalı rusun burnunu qanatsa, onun Rusiyaya gəlməsinə imkan verməyəcəyik. Amerikalı rusun burnunu da qanadacaq, heç bura gəlməyə ehtiyacı da olmayacaq”.

Fizzə