Rəhim Qazıyev Şerbakla telefon söhbətindən danışdı

«Hikmət Hacızadənin dedikləri təsdiqlənsə hamının gözü qabağında onun əlindən öpəcəm»

Politoloq Hikmət Hacızadə “Azadlıq”ın dünənki sayında sabiq müdafiə naziri Rəhim Qazıyevin istefasını xatırladarkən bildirib ki, parlamentin qapalı iclaslarının birində onun Şerbakla telefon danışıqlarının audio yazısı səsləndirilib:
“Elçibəyin vaxtında parlament Rəhim Qazıyevin fəaliyyəti ilə bağlı məsələ qaldırdı. Azərbaycan MTN-i onun Gəncədəki diviziyanın rəhbəri Şerbakla telefon danışıqlarını yazmışdı. O danışıqların mətni parlamentdə səsləndirmişdi. Orada Şerbak Rəhim Qazıyevə deyir ki, nə oturmusan, bəs deyirdin ki, yıxacaqsan bunları, vaxtı çatıb, qalx. Parlamentin bütün üzvləri bunu bilir. Bunu Sülhəddin Əkbər də təsdiqləyə bilər”.
Sülhəddin Əkbər də qəzetimizə açıqlamasında faktı təsdiqləyərək məsələnin həqiqətən də o vaxtkı parlamentin qapalı iclaslarının birində müzakirə olunduğunu bildirib.
Lakin Rəhim Qazıyev qəzetimizə deyilənlərin əsassız olduğunu bildirib: “Bəli bunlar mənim Şerbakla telefon danışıqlarımı yazmışdılar. Amma mənim Şerbakla söhbətim Hikmət Hacızadənin dediyi kimi olmayıb. Mən Şerbaka demişəm ki, cənab general, Ağdərədə vəziyyət gərgindir mənə kömək edin. O isə deyir ki, sizinkilər səni devirmək istəyir, sən isə torpaq uğrundan vuruşursan. Mən də cavab vermişəm ki, siz mənə Ağdərədə vəziyyəti düzəltmək üçün kömək edin, özümüzkülərlə özüm danışaram. Mənim Şerbakla söhbətim belə olub. Hikmət Hacızadə deyir ki, qapalı iclasda səsləndirilib telefon danışıqlarım. Qapalı məclisin 50 üzvü var idi. Onlardan heç olmasa 45-i orda olub. Həmin şəxslərdən soruşun. Əgər Hikmət Hacızadənin dedikləri təsdiqlənsə, mən söz verirəm ki, gələcəm sizin redaksiyaya Hikmət Hacızadəni və onun tərəfdarlarını çağıracam hamını gözünün onun əlindən öpəcəm. Və deyəcəm ki, 1993-cü ildən bu yana mənim barəmdə nə qədər şər-böhtan deyilibsə, hamısı həqiqətdir. Deyilənlər təsdiqlənməsə, onda qoy bu adamlar özləri özlərinə ad versinlər”.