Qarınqululuğun qanuniləşməsi

Bilirsiniz ki, “Gülər parlamenti” yemək haqqında qanun qəbul etməyə hazırlaşır. Layihədə qeyd olunur ki, milli yemək qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməlidir.
Mən bilmirəm, “müvafiq icra hakimiyyəti” deyəndə bunlar nəyi nəzərdə tuturlar, amma söhbət yeməkdən gedirsə, hansısa ayrı-seçkiliyə, fərqləndirməyə, “müvafiq qurum”a ehtiyac yoxdur, rejim bütövlükdə yemək sarıdan zəngin təcrübəyə malikdir. Məsələn, bizdə büdcəni basıb yeməyin qaydaları artıq çoxdan məlumdur, ya da bunların ölkədə demokratiyanın, hüquq və azadlıqların başını necə yediyini bilməyən yoxdur.
Üç il əvvəl konstitusiyada iki dəfədən artıq prezidentliyə məhdudiyyət qoyan maddəni necə iştahla yediklərini unutmadıq.
Təpəgöz yazığın adı çıxıb, o özü heç Oğuz elində o qədər igidi yeməmişdi ki, bunlar bir neçə il içində bu qədər ağzıyla quş tutan, qan-qan deyən jurnalist yedilər.
Yedikləri qəzetin, partiyanın, QHT-nin sayını-hesabını necə, bilən varmı?
Sərbəst toplaşmaq azadlığını yedilər, üstündən su içdilər.
Azad seçkini yedilər, boşqabın dibində bir az təkrar seçki qalmışdı, gözləri doymadı, onu da yedilər.
Məhkəmələri yedilər. Vəkillər Kollegiyasını yedilər. Yazıçılar Birliyini yedilər, Kinematoqrafçılar Ittifaqı bir az yekə tikə idi, boğazlarından keçməyəcəyini görüb, böyründən bir dişlək qopardılar. Parlamenti yedilər.
Indi də yemək qaydaları haqqında qanun düzəldirlər. Içini nə ilə dolduracaqlar, bilmirəm, amma səmimiyyətləri çatsa, heç dolma ilə, piti ilə, xaşla, xəngəllə, kababla uğraşmazlar. Öz “menyülərindən” bəhs edərlər – məsələn, yol çəkəndə asfaltı, seçki keçirəndə bülleteni necə yeməli? Bir tərəfdən məktəb tikib o biri tərəfdən təhsili necə yeməli? Bir tərəfdən Qafqazın ən böyük zooparkını düzəldib, o biri tərəfdən ayını necə yeməli?
Bir sözlə, qoy elə bir yemək qanunu qəbul etsinlər ki, acgözlük, qarınqululuq, tamahkarlıq birdəfəlik leqallaşsın. Yaptokratiyaya yaraşan da budur. Özlərinin də canı dincələr, bizim də. Hardasa vətəndaşın evini yeyib yerində Heydər Əliyev Mərkəzi tikəndə bilərik ki, burada qanunsuz bir şey yoxdur, yemək qanununun filan-filan maddəsilə nuşi-canlarıdır.
Yoxsa, qeyri-səmimi olmaq, riyakarlıq etmək, camaata guya kabab, dolma yeməyi öyrətməyə qalxmaq nə üçün? Bu ölkənin sadə adamları nə vaxtdan süfrələrində yeməyə düz-əməlli bir şey tapdılar ki, hələ bir onu necə yeməyi də onlara öyrətmək lazım gəlsin. Adamların ayda-ildə yeməyə bir dəfə dolma tapdığı ölkədə “dolma kimindir?” mövzusunda polemika açmaq qədər absurd bir şeydir bu. Bir ovuc adamı çıxmaq şərti ilə məmləkətdə hər kəs aclıqla boğuşur, bunlar isə yemək haqqında qanun qayırırlar.
Tarix isə əslində, yemək haqqında qanunu çoxdan qəbul etmişdir, cəmi bir maddəlik həmin qanunda deyilir: “Millətin malını yeyənin bir gün burnundan bircə-bircə gələcəkdir”.

***

Sonda istirahət günü olduğunu nəzərə alıb yazıya elə yeməklə bağlı bir lətifə ilə nöqtə qoyaq.
Bir kişi küçə ilə gedərkən bir restoran görür, baxır ki, restoranın qapısı üzərində iri hərflərlə yazıblar: “Gəlin, yeyin, için, pulunuzu nəvəniz verəcək”.
Eləmə tənbəllik, kişi girir restorana, gedib oturur masaların birində, stolun üstünə hər şey düzdürür. O ki var yeyir, içir. Elə qalxır ki, durub getsin, bir də baxır budu e, hesab gətirirlər. Kişinin cin vurur təpəsinə, deyir, bəs o nədi qapının üstünə yazmısınız ki, “hesabı nəvəniz verəcək”.
Ofisiant tövrünü də pozmur, belə cavab verir:
– Hə də. Bu da sizin babanızın hesabıdır.