Hökumətyönlü deputat videoda göstərilənləri ciddi fakt adlandırdı
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev “Azadlıq”a yeni videolar göndərib. Budəfəki videoda sabiq rektorla Gülər Əhmədovanın rəfiqəsi Sevinc Babayevanın söhbəti əks olunur. Təbii ki, söhbət yenə də Elşad Abdullayevin deputat seçdirilməsindən gedir. Qəzetimizin ötən sayında stenoqramı dərc olunan söhbətdə bir sıra ilginc məqamlar açıqlanır.
Elşad Abdullayevlə mandat bazarlığı edən S.Babayeva pulun Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə necə verildiyini, pulun hansı şəkildə sayıldığı barədə danışır. Həmçinin S.Babayeva Gülər Əhmədovanın qalib elan olunduğu dairədə digər namizəd Eldar Namazovun daha çox səs topladığını, lakin Ramiz Mehdiyevin tapşırığı ilə onun adamlarının necə döyüldüyünü dilə gətirir. Eyni zamanda Gülər Əhmədovanın hakimiyyət üçün hansı əhəmiyyət daşıdığı barədə söz açılır. Bütün bunlar bir daha hakimiyyətin hansı saxtakarlıqlara əl atdığını ortaya qoyur. Elşad Abdullayevin bu vaxta qədər açıqladığı videolara münasibət bildirən hakimiyyət təmsilçiləri, xüsusən də “əsas qəhrəman” Ramiz Mehdiyev bunun ona qarşı düşünülmüş təxribat olduğunu deyirdi. Bu dəfə daşdan keçən faktlar qarşısında hakimiyyət təmsilçilərinin, PA rəhbərinin sözü nə olacaq?
Son videoda açıqlanan faktlarla bağlı müxalif və hakimiyyətə yaxınlığı ilə seçilən partiya təmsilçilərinin mövqeyini öyrəndik.
Nurəddin Məmmədli: “Mənəvi baxımdan hakimiyyət təmsilçilərinin deməyə sözü olmamalıdır”
AXCP sədrinin müavini Nurəddin Məmmədli sözlərinə görə, mənəvi baxımdan artıq hakimiyyət təmsilçilərinin deməyə sözü olmamalıdır. Çünki konkret şəxsiyyəti məlum olan, bu rejimin əsas funksionerləri ilə əlaqəsi olan, rüşvət manipulyasiyalarında iştirak edən adamlar danışır və deyilənlər videomateriallarla təsdiq olunur. Ancaq bu rejimin idarəçilik sistemi nə qədər qüsurludursa, mənəvi davranışları da o qədər qüsurludur. Ona görə nə ictimai qınağı, nə ortaya qoyulan faktı reallıq kimi qəbul etmək istəyirlər. Ünvanlarına deyilənlərin yalan olduğunu deyərək özlərinə haqq qazandırmağa çalışırlar. Hakimiyyət təmsilçiləri təxminən dünyanın nüfuz sahibi olan beynəlxalq təşkilatların hesabatlarına verdikləri reaksiyaya uyğun davranırlar. Bəzi hallarda isə erməni variantından istifadə edilir. Ortaya qoyulan faktları erməni lobbisinin təsiri altında olan sistemlərin, şəbəkələrin təxribatı adlandırırlar.
N.Məmmədli Ramiz Mehdiyevin növbəti dəfə deməyə söz tapacağını və özünə haqq qazandırmağa çalışacağını da qeyd etdi. Amma ortalıqda həqiqət var və nə qədər dansalar da, heç kimi inandıra bilməyəcəklər. Çünki bu bir cinayətkar, rüşvətxor, korrupsioner rejimdir və bunun başında oturan adamların kənarda qalması mümkün deyil. Çünki korrupsiya Azərbaycan hakimiyyətində dövlət siyasətinə çevrilmiş bir faktdır.
Tofiq Yaqublu: “Videolar hamının bildiyini əyani şəkildə təsdiqlədi”
Müsavat başqanının müavini Tofiq Yaqublu videoda əks olunanların cəmiyyətə bəlli olduğunu deyir. Hamı bilir ki, Azərbaycanda mandatlar alınır, satılır, siyasi qərarla təyin olunur. Bir neçə YAP-çı pulsuz təyin olunur. Qalanlarına isə mandat pulla verilir. Bu, reallıq idi. Sadəcə Elşad Abdullayevin videolar bunu bir daha sübut etdi: “Təsəvvür edin, futbol matçını izləmisiniz, hesabı da bilirsinz. Sadəcə xəbərlər proqramında qolların necə vurulduğuna yenidən baxırsınız. Bu məsələdə də eyni mənzərədir. Faktiki olaraq nə baş verdiyini bilirdik, amma indi onu videolarda əyani şəkildə görürük”.
Əvəz Temirxan: “Bu, Azərbaycan kimi qeyri-demokratik rejimlərdə adi haldır”
ALP sədri Əvəz Temirxan isə baş verənləri hakimiyyətdaxili qruplaşmaların bir-biri ilə mübarizəsi kimi qiymətləndirdi. Bu, Azərbaycan kimi qeyri-demokratik rejimlərdə adi haldır. Videoda adı hallanan adamlara gəldikdə, nə qədər də istiqtanq getməyib, məhkəmə kimisə cinayət törətməkdə təqsirli bilməyib, adları çəkilən adamlar günahı öz boyunlarından atacaq. Bu əməllərin törədilməsi ehtimalını yalanlayacaqlar.
Ə.Temirxanın sözlərinə görə, prokurorluq qaldırılan cinayət işi üzrə dolğun, hərtərəfli, obyektiv istintaq aparmalıdır. Ancaq bu hakimiyyətdən belə bir istintaqın aparılmasını gözləməyə dəyməz. Çünki adları hallanan adamlar daha çox qara həqiqətləri üzə çıxara bilər. Istintaq hakimiyyətin özü üçün təhlükəyə çevrilər.
Cəmil Həsənli: “Şah Ismayıl da Ramiz Mehdiyevi xilas edə bilməz”
Ziyalılar Forumunun üzvü, professor Cəmil Həsənli isə PA rəhbərinin bundan sonrakı aqibətini bir cümlə ilə ifadə etdi: “Şah Ismayıl da Ramiz Mehdiyevi xilas edə bilməz”.
Fəzail Ağamalı: “Baş verənlərə hüquqi müstəvidə qiymət verilməlidir”
Hakimiyyətə yaxınlığı ilə seçilən Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı videoda əks olunanları ciddi fakt kimi qiymətləndirdi. Deputatın sözlərinə görə, bu, siyasi məsələ deyil və baş verənlərə hüquqi müstəvidə qiymət verilməlidir.
F.Ağamalı hesab edir ki, Elşad Abdullayev açıqladığı faktlarla bağlı cavab verməlidir və məsələ öz hüquqi həllini tapmalıdır.
Millət vəkili keçmiş rektorun faktları şişirtdiyini və bir sıra hallarda sifarişli addımlar atdığını bildirdi.
Sərdar Cəlaloğlu: Elşad Ramiz Mehdiyevin ondan rüşvət aldığını sübut etmək istəyir”
ADP sədri Sərdar Cəlaloğlu isə Elşad Abdullayevin açıqladığı videoların hələ kimisə ittiham etmək üçün yetərli fakt olmadığını deyir: “Elşad Abdullayev özü təmiz adam deyil. Sabah deyə bilər ki, Sərdar Cəlaloğluna da pul vermişəm. Gülər Əhmədovanın söhbətdə iştirakı faktdı. Gülər nəsə alırsa. Kimsə pul verirsə, günahkarı. Ancaq Ramiz Mehdiyevə pul verməsi videoya alınmayıbsa, vasitəçilərin nəsə deməsi Ramiz Mehdiyevi ittiham etməyə əsas vermir. Elşad deyir, pul vermişəm, Ramiz də deyəcək yalan deyir. Bunu ancaq məhkəmə həll edə bilər. Elşad nəyin bahasına olursa-oslun Ramiz Mehdiyevin ondan rüşvət aldığını sübut etmək istəyir”.
Korrupsiyanın hakimiyyətin bütün qollarını əhatə etdiyini deyən ADP sədri daha tutarlı faktların ortaya çıxarılmasını vacib sayır.
Məsələ ilə bağlı hakim partiya təmsilçilərinin də mövqeyini öyrənmək istədik. Lakin zənglərimiz cavabsız qaldı.
Fizzə


