İbrahim Vəliyev: “Əli Kərimlini tələbəlik illərindən tanıyıram, prezident üçün lazım olan bütün keyfiyyətlər onda var”
Azərbaycan Xalq Cəhbəsi Partiyası (AXCP) sədrinin sabiq müavini, Bakı Dövlət Universitetinin (BDU) dosenti İbrahim Vəliyevin AzNews.az-a müsahibəsi:
– AXCP-dən getdikdən sonra xeyli müddətdir siyasətdə görünmürsüz. Buna səbəb nədir?
– Hələlik siyasi fəaliyyətimə ara vermişəm. Onu da qeyd edim ki, mən AXCP-dən getməmişəm, sadəcə olaraq müvəqqəti uzaqlaşmışam.
– Siz AXCP-dən gedən zaman məlumatlar yayıldı ki, guya siz şantaj altında getmisiz…
– Bu barədə indi danışmaq istəmirəm. Bu mübahisəyə səbəb olan məsələdir. Bunun zamana ehtiyacı var. Mənim AXCP-dən getməyimin səbəbini cəhbəçilər bilirlər. Sadəcə olaraq mən bunu hələlik mətbuata açıqlamaq istəmirəm.
– Hazırda AXCP sədri Əli Kərimli və Müsavat Partiyasının başqanı İsa Qəmbərlə münasibətləriniz necədir?
– Mənim Əli Kərimli ilə münasibətlərim olmasa da, əqidəsinin tərəfdarıyam və onu dəstəkləyirəm. Əli Kərimli ilə mənim aramda hər hansı xoşagəlməz hadisə də baş verməyib. O həmişə mənə müəllimi kimi münasibət bəsləyib, mən də ona əqidəli insan kimi baxmışam.
İsa Qəmbərlə də mənim aramda indiyədək hər hansı müxalif fikir olmayıb.
– Yəqin məlumatınız var ki, İsa Qəmbərlə Əli Kərimli arasında vahid namizdəlik məsələsi ilə bağlı müəyyən fikir ayrılığı mövcuddur…
– Bəli, İsa Qəmbər birinci təşəbbüsdə oldu və buna görə mübahisə yarandı. Bilirsiz, Azərbaycanda seçkiqabağı demokratik şərait yaradılmalıdır. Bu şəraitdə isə müxalifət mütləq vahid namizədlə seçkilərə getməlidir. İndiki şəraitdə müxalifətin vahid namizəd məsələsini müzakirə etməsi mənasızdır. Çünki öncə demokratik mühit yaradılmalıdır, sonra isə vahid namizəd haqqında düşünmək lazımdır. Mənim fikrim odur ki, müxalifətin yeganə namizədi olmalıdır. Mən şəxsən Əli Kərimlini müxalifətin vahid namizədi görürəm. Çünki mən Əli Kərimlini tələbəlik illərindən tanıyıram. Ə.Kərimli dönməz, əqidəli, uzaqgörən şəxsdir. Həqiqi prezident üçün lazım olan bütün keyfiyyətlər Əli Kərimlidə var.
Digər tərəfdən isə prioritet olmalıdır. İsa Qəmbər artıq neçənci dəfədir ki, namizədliyini irəli sürür. İsa Qəmbər geri çəkilib Əli Kərimliyə icazə verməlidir ki, qoy bu adam da qabağa getsin. Burada ədalətsizlik var, axı belə olmaz.
Əgər Müsavat tərəfi bizimlə razılaşmırsa, o zaman müxalifət arasında seçki keçirsinlər. Onlar bir az da xalqın içərisinə girib görməlidirlər ki, xalq kimi daha çox dəstəkləyir. Birmənalı şəkildə Əli Kərimlinin nüfuzu böyükdür. Digər tərəfdən isə deyə bilmərəm ki, İsa Qəmbərin nüfuzu aşağıdır və onu seçməzlər. Əgər bunu desəm, o zaman bu subyektiv fikrim olar. İndi vahid namizəd məsələsini müzakirə edirlər. Bu əvvəlcədən müxalifətin qəbrini qazmaq deməkdir. Azərbaycan xalqının naminə ən şanslı namizədin xeyrinə güzəştə getmək lazımdır. Burada mənəm-mənəmlik prinsipini kənara qoymaq lazımdır. Əslində mənəm-mənəmlik bütün demokratik hərəkatı məhv etmək deməkdir.