Koordinasiya Şurası ölkədə baş verən hadisələrlə bağlı bəyanat verib
14 dekabrda Ictimai Palatanın Koordinasiya Şurasının növbədənkənar toplantısı keçirilib. Bu barədə mətbuata Koordinasiya Şurasının dönəm sədri Rauf Arifoğlu məlumat verib. O deyib ki, KŞ ötən iclasda olduğu kimi, bu dəfə də qarşıdan gələn prezident seçkisinə münasibəti, IP daxilində fikir ayrılıqları yaradan mövzuları müzakirə edib.
IP KŞ üzvü Pənah Hüseyn tərəfindən toplantıya təqdim olunan kompromis sənəd (2013-cü il prezident seçkisi ilə bağlı IP Koordinasiya Şurasının qərarı) geniş müzakirə edilib. Müzakirələr konsensusa nail olmaq ehtimalı üzrə davam edir. Ictimai Palata ölkədə baş verən bir sıra hadisələrə də münasibət bildirib. Quba hadisələrinə dair məhkəmə hökmləri IP KŞ tərəfindən şiddətlə qınanıb. IP KŞ Quba hadisələrinə görə vətəndaşların həbsini və onların bir ildən artıq həbsdə saxlanmasını pisləyib. Toplantıda məhkəmə hökmü ilə bir neçə vətəndaşımızın ağır cəzalandırılması hüquqa, ədalət normalarına zidd olduğu xüsusi qeyd edilib. IP KŞ həmçinin bir qrup Azərbaycan vətəndaşının, o cümlədən Koordinasiya Şurasının üzvü Hacı Ilqar Ibrahimoğlunun Avropa Insan Haqları Məhkəməsində qalib gəlmələrini məmnunluqla qarşılayıb. IP KŞ xüsusi qeyd edir ki, çıxarılan qərarlar 2003-cü ildə prezident seçkisindən sonra, oktyabrın 16-da Bakıda keçirilən mitinqdə iştirakına görə həbs olunan şəxslərin şikayətləri ilə bağlıdır. Söhbət Müsavat Partiyasının üzvləri Bəhruz Əsədbəyli, Həsən Məmmədov, Elşad Məmmədov, Emin Hüseynli, Şirəli Həmidov, Saleh Əliyev, Ramiz Quliyev, Sadiq Daşdəmirli, Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin rəhbəri Hacı Ilqar Ibrahimli və hərbi ekspert Yaşar Cəfərlidən gedir. IP KŞ həmin şəxslərin və onların vəkillərinin apardıqları əzmli mübarizəni təqdir etməklə yanaşı, eyni zamanda AIH Məhkəməsinin qərarlarının illərlə ləngidilməsini və kəsilən kompensasiyaların azlığını qınayıb.
IP KŞ “Azadlıq radiosu”nun Naxçıvan üzrə müxbiri Yafəz Əkrəmoğluna qarşı muxtar respublika MTN-i tərəfindən həyata keçirilən təqib kampaniyasını pisləyən bəyanat qəbul edərək, yayıb.