«Rəhim Qazıyevin Şerbakla gizli telefon danışığı apardığını bütün parlament bilirdi»
“Azadlıqdan tiranlığa” kitabının müəllifi, türkiyəli diplomat Turqut Ərin keçmiş müdafiə naziri Rəhim Qazıyevlə qəzetimizdə dərc olunan söhbətində politoloq Hikmət Hacızadənin də adı hallanıb. T.Ər kitabında R.Qazıyevin Elçibəy hakimiyyətini devirmək istəyənlər arasında yer aldığını və bu məqsədlə də Rusiya ilə təmaslar qurduğunu yazıb və iddialarının konkret sənədə söykəndiyini bildirib.
R.Qazıyev bu sənədi AXC hakimiyyətində baş nazir posutunu tutan Pənah Hüseynin göstərişi ilə o zaman Azərbaycanın Rusiyadakı səfiri vəzifəsində çalışan Hikmət Hacızadənin uydurduğu yalan adlandırıb.
“Azadlıq”a açıqlamasında Hikmət Hacızadə Rəhim Qazıyevin ittihamlarını absurd adlandırıb: “Rəhim Qazıyev həmişə məsələni dolaşdırmağa çalışır ki, filan yerdə olmamışam, filan sözü deməmişəm. Bunu təsdiq və ya inkar etmək üçün Rəhim Qazıyevin istefa məsələsini yada salmaq lazımdır. Elçibəyin vaxtında parlament Rəhim Qazıyevin fəaliyyəti ilə bağlı məsələ qaldırdı. Azərbaycan MTN-i onun Gəncədəki diviziyanın rəhbəri Şerbakla telefon danışıqlarını yazmışdı. O danışıqların mətni parlamentdə səsləndirmişdi. Orada Şerbak Rəhim Qazıyevə deyir ki, nə oturmusan, bəs deyirdin ki, yıxacaqsan bunları, vaxtı çatıb, qalx. Parlamentin bütün üzvləri bunu bilir. Bunu Sülhəddin Əkbər də təsdiqləyə bilər. Indi Rəhim Qazıyev deyir ki, mən xain deyiləm, Hikmət Hacızadə təxribatla məşğuldur”.
S.Əkbər qəzetimizə açıqlamasında faktı təsdiqləyərək məsələnin həqiqətən də o vaxtkı parlamentin qapalı iclaslarının birində müzakirə olunduğunu bildirib.


