Hakimiyyət yenə Qərbə “atəş səpələdi”

YAP-ın qəzeti ABŞ, İngiltərə, Fransa və Almaniyanı eyni vaxtda “sökdü”

Bir neçə yerli QHT-nin Azərbaycanda demokratiya naminə yeni kampaniyaya başlaması və buna beynəlxalq birliyin ciddi dəstək verməsi hakimiyyəti əməlli-başlı özündən çıxarıb. Söhbət “Demokratiya naminə incəsənət” kampaniyasından və onun başlanmasına həsr edilən mərasimə ABŞ dövlət katibinin Bakıda səfərdə olmuş müşaviri Tomas Melianın və Böyük Britaniya, Fransa kimi qərb ölkələri səfirlərinin qatılmasından gedir. Hakimiyyətdə olan YAP-ın rəsmi orqanı “Yeni Azərbaycan” qəzeti bu hadisəyə nə az, nə azacıq – özünün A2 formatlı bir səhifəsini həsr edib – əlbəttə ki, tənqid və ittihamlarla.Məqalədə bu kampaniyanın başlanmasına “düşmən dəyirmanına su tökmək” ənənəvi ittihamı ilə qiymət verilib. Ən maraqlı və ciddi məqam isə azərbaycanlı fəalların bu təşəbbüsünə dəstək verən ABŞ, Ingiltərə, Fransa və Almaniya kimi ölkələrin timsalında Qərbin “darmadağın” edilməsidir. Məqalədən seçmələri öz yarımbaşlıqları ilə təqdim edirik:

Tomas Melianın antiAzərbaycan mövqeyi nədən irəli gəlir?

Təəssüf doğurucu hal isə ondan ibarətdir ki, sözügedən prosesdə ayrı-ayrı ölkələrin səfirlikləri, diplomatik nümayəndələri və şirkətləri aparıcı rol oynayırlar. Elə buna bariz nümunə kimi ABŞ Dövlət Katibinin müşaviri Tomas Melianı göstərmək olar. Maraqlıdır ki, dekabrın 11-də Bakı Caz Mərkəzində keçirilən “Demokratiya naminə incəsənət” kampaniyasının təqdimat mərasimində bəzi Qərb ölkələrinin səfirləri, həmçinin, ABŞ Dövlət Katibinin müşaviri Tomas Melia da iştirak edib və bu qondarma kampaniyaya dəstəklərini ifadə ediblər. Bu cür vəziyyət əlbəttə ki, iki ölkə arasındakı əməkdaşlığın ruhuna və prinsiplərinə ziddir. Məgər, Azərbaycan ABŞ-dakı hindu azlıqların və ya qaradərili insanların hüquqlarının pozulması ilə bağlı hər hansı aksiyaya və ya kampaniyaya dəstək verirmi? Təbii ki, xeyr.

Azərbaycana qarşı aparılan qarayaxmalara Böyük Britaniyanın ölkəmizdəki səfirliyi də qoşulur

Bununla yanaşı, son günlər ərzində Azərbaycandakı maraqlarının tam təmin olunmadığını görən Böyük Britaniyadakı bəzi qüvvələrin də anti-Azərbaycan cəbhəsində yer aldığını görürük. Onlar da ölkəmizdəki “beşinci kolon”un təmsilçilərinə maddi dəstək verməklə, direktivlər göndərməklə mənafelərini təmin etməyə çalışırlar. Bu işdə isə Böyük Britaniyanın ölkəmizdəki səfirliyi daha fəal rol oynayır. Görəsən, Böyük Britaniya səfirliyinin belə cəfəng layihələrə dəstək verməkdə məqsədi nədir?
Məsələn, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi “Amnesty International”, “Article 19″ və digər Böyük Britaniya hüquq-müdafiə təşkilatlarının Azərbaycana qarşı qarayaxma kampaniyasına indi də açıq şəkildə qoşulur. Səfir Piter Beytmanın bu əməlləri Böyük Britaniyanın Azərbaycana qarşı təxribatı kimi qəbul edilə bilərmi?
Əgər cənab səfir, həqiqətən də, demokratiyanın durumundan narahatdırsa, 2011-ci ildə bu ölkənin paytaxtı Londonda və müxtəlif şəhərlərində baş vermiş iğtişaşlar zamanı insan haqlarının kobud şəkildə pozulması, internetin məhdudlaşdırılması, 2 mindən artıq insanın, fəalların həbs olunması zamanı niyə səsini qaldırmırdı? Bundan başqa, artıq Böyük Britaniya ingilislərdən başqa digər xalqların nümayəndələri üçün yaşamaqdan ötrü təhlükəli ölkəyə çevrilib. Çünki hər kəsin gözü qarşısında, günün günorta çağında hicablı qadınlara belə hücumlar olur, dəhşətli səhnələr yaradılır. Məgər, bu cür antidemokratik, qeyri-tolerant mühiti dünya ictimaiyyəti görmür? Ona görə də, Böyük Britaniya başqasının gözündə çöp axtarınca, elə öz gözündəki tiri görsə yaxşı olar.
Azərbaycana qarşı aparılan çirkin kampaniyanın arxasında duran qüvvələrdən biri də bp şirkətidir. Böyük Britaniya şirkəti olan bp-nin Azərbaycanda qazandığı milyardların müqabilində Ingiltərənin müxtəlif hüquq-müdafiə təşkilatlarının, o cümlədən, BBC başda olmaqla müxtəlif media orqanlarının Azərbaycana qarşı səlib yürüşü təşkil etməsi də anlaşılan deyil.

Minlərlə müsəlmanın qanına əli batmış Fransa da çirkin kampaniyanın önündə gedir

Qeyd edək ki, Azərbaycana qarşı aparılan çirkin kampaniyanın önündə gedən qüvvələrdən biri də Fransadır. Daim Azərbaycanla əməkdaşlıqdan, enerji və təhlükəsizlik məsələlərindən danışan Fransanın Azərbaycandakı səfirinin ölkəmizdə antimilli qüvvələrə dəstəyini heç anlamaq olmur. Xüsusilə də, Fransanın Azərbaycanda insan haqlarının pozulması haqqında dedikləri böyük gülüş doğurur. Çünki bir ölkə ki, tarixi həqiqəti demək istəyənləri cərimələmək və həbs etmək siyasəti yürüdür (erməni soyqırımını tanımamağa görə yüksək məbləğdə cərimə və həbs cəzasının tətbiqinə cəhd), onun nümayəndəsi heç bir halda azad söz və demokratiyadan danışa bilməz. Cənab Paskal Mone Fransada faktiki qettolarda minlərə və milyonlarla müsəlmanın insan haqlarının pozulmasından danışsa daha yaxşı olar.

Rasizmin və korrupsiyanın baş alıb getdiyi Almaniyanın Azərbaycana irad tutmağa haqqı varmı?

“Eurovision-2012″ mahnı yarışması ərəfəsində Azərbaycana qarşı aparılmış qarayaxma kampaniyasının öndə gedənlərindən biri olan Almaniya da fəallığı ilə seçilir. Yeri gəlmişkən, bu günlərdə, Olaylar informasiya agentliyinin yaydığı məlumata görə, Almaniyanın Azərbaycandakı səfirliyi ”Azadlıq” qəzetinin maliyyə problemlərini həll etməyi öz üzərinə götürüb. Məgər bu, digər ölkənin suveren bir dövlətin işlərinə kobud şəkildə müdaxiləsinin bariz nümunəsi deyilmi? “Eurovision”da iç üzləri ifşa olunmuş Almaniyanın müxtəlif dairələri 2012-ci ildə “öz qəhrəmanlıqlarını” təkrarlamaq niyyətindədirlərmi?
Almaniyanın antiAzərbaycan kampaniyasının iştirakçıları, əslində, öz ölkələrindəki problemlərə nəzər salsalar yaxşı olardı. Çünki bu gün Almaniya rasizmdən və korrupsiyadan ən çox əziyyət çəkən ölkədir. Ümumi mənada desək, Almaniya korrupsiya içərisində çabalayır, özü də, alman cəmiyyəti bu xəstəliyə “başdan” yoluxub…”

Məqaləni tam oxumaq istəsəniz bura daxil olun