Ədalət Əsgəroğlu: «Yazıçılar Birliyi öz imkanı daxilində üzərinə düşən bütün işi görür»
Tanınmış Azərbaycan şairi Musa Yaqub mətbuatda gedən müsahibəsində fəxri adlarla bağlı məsələni də aydınlaşdırıb. Yazıçılar Birliyinin sədri Anarın Ramiz Rövşən, Məmməd Ismayılın xalq şairi adını alması üçün çalışdığı, lakin bunun mümkün olmadığı qeyd edilərək həmin siyahıda M.Yaqubun da adı olduğu bildirilib. Şair həmin məqama belə şərh verib:
“Anar mənim adımı təqdim edəndə, xəbərim olmayıb. Ümumiyyətlə, bizə bu haqda nə isə demirlər. Anarın, Yazıçılar Birliyinin məsləhət bildiyi adamların siyahısı yuxarılara təqdim olunur. Yuxarılarda da bir qayda var: ”bu bizim adamdır, yoxsa bizim adam deyil”. Belə ayrı-seçkilik mövcuddur. Prezident Aparatında bu məsələni həll edən adamı tərifləyən, onun dediyini yerinə yetirənlərin hər şeyini bağışlayırlar. Xalq şairi adını almaq elə bir məsələdir ki, gərək özün şəxsən müraciət edəsən, xahiş edəsən, sonra həll oluna. Şəxsən mən bunu bacarmaram. Indiyə qədər ad almamağımla bağlı Anardan, Yazıçılar Birliyindən narazı deyiləm. Dost kimi, qələm yoldaşı kimi gücləri çatan qədər bizə kömək etməyə çalışırlar, hörmətimizi saxlayırlar. Bu məsələ Anardan asılı olsaydı, çoxdan həll olunmuşdu. Onun gücü çatmır. Bu, Prezident Aparatında həll olunan məsələdir. Aparatın rəhbərinin stolunun üstünə siyahı gələndə, istəmədiyi adamın adı olan siyahını götürüb qoyur qırağa. Bu adamlar ancaq və ancaq öz adamlarına, onları tərifləyən şəxslərə ad verirlər, şərait yaradırlar”.
Məsələni aydınlaşdırmaq, eləcə də fəxri adlar siyahısının Prezident Administrasiyasında kimə təqdim edildiyi və təqdimatlar geri qaytarılarkən nəyə əsaslandığını öyrənmək istədik.
Yazıçılar Birliyi mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlunun söylədiyinə görə, fəxri adlarla bağlı təqdimat öncələr Yazıçılar Birliyindən Prezident Administrasiyasına göndərilirdi. Amma sonralar, yəni 2003-cü ildən başlayaraq bu təqdimat Mədəniyyət və Turizm Nazirliyinə göndərilir və nazirlik də onu PA-ya təqdim edir: “Anar müəllim Yazıçılar Birliyinin rəhbəri olaraq hansı şairə mükafat vermək, onu dəyərləndirmək, fəxri adla təltif olunması istiqamətində özündən asılı olan bütün işi görüb. Musa Yaqub və onun kimi görkəmli şairlərin fəxri ad alması vacibdir. Bu məsələni Mədəniyyət və Turizm Nazirliyi həll edə bilər. Nazirlik isə gözləməyi məsləhət görür”. Ə.Əsgəroğlu qeyd edir ki, Prezident Administrasiyası ona göndərilən siyahıda kimlərinsə fəxri adla təltif olunmadan kənarda qalması barədə qarşı tərəfə cavab vermir. Mətbuat sözçüsünə görə, təltif olunmamanın cavabı gəlmədiyi üçün, cavabsızlıq məsələnin məyusedici cəhətidir: “Gözləmə mövqeyində qalmaq açığı, bir qədər çətinlik yaradır”.
Nigar


