Partlayır, partlamır?
Desək ki, partlamır, düz olmaz. Məsələn, Ramiz Mehdiyev özünü ağır aparır həmişə, yaşdan gəlməsindən əlavə, vəzifəsinin də bunu tələb etdiyini düşünmək olar. Yəni bütün ölkə əlində olanda, seçib-seçilmək məsələləri sənin ixtiyarında olanda gərəkdir ki, ağır oturub batman gələsən. Elə son videodan da göründü ki, pulu qəpiyinə, üzr istəyirəm, dollarına qədər saymaq elə də asan və az vaxt aparan iş deyil. Günün çox hissəsi buna gedir, başqa işlərə vaxt qalmır. Açığı, dünənki videodan, Ramiz müəllimin pul məsələsində “krısa” (ifadə Sevinc Babayeva məxsusdur – R.H.) olmasından və gününü bu işə sərf etməsindən xeyli təəccüblənmişəm. Yox, məsələ pulu saymaqda, pula sonsuz həvəsdə, heç simic olmaqda da deyil. Adam özü bilər, hər kəs qazandığını (hansı yolla qazanmaq başqa məsələdir) səxavətlə xərcləmək iqtidarında deyil. IQTIDARDA olsa belə. Bəs bu adam cild-cild kitabları yazmağa necə vaxt tapır? Belədə onu fenomenal adam saymaq olar. Kişinin yazdıqlarından böyük bir kitabxana yaratmaq olar. Ilham Əliyev dövlət başçısı ola-ola heç vaxt tapıb düz-əməlli işə də gəlmir…
Videoların effektli olduğu, yəni bomba kimi partladığı göz önündədir. Ramiz müəllim bu videolara açıqlama verdi. Münasibət bildirdi. Bütün bunların ona qarşı təşkil edildiyini dedi. Hələ üstəlik, yapçılara Elşad Abdullayevə qarşı hücum əmrini də verdi. Gülər Əhmədovanı qorumaq istəyi də açıq-aydın göründü. Əslində bu, dolayısıyla özünün müdafiəsiydi.
Maraqlı, diqqəti çəkan bir başqa məqam da var. Bu da məhz bu videolara görə Ramiz müəllimin çabaları, saman çöpünə əl atmasıdır…
Sonra da “Yeni Müsavat” yazır ki, videoların effekti yoxdur. Elşad Abdullayev də, “Ziyalılar Forumu” da, “Milyarderlər ittifaqı” da Ramiz Mehdiyevə qarşıdır. Düzdür, bütün bunları qəzetə bəzi siyasətçilər (ad çəkilmir) deyib. Bu nə siyasətdir belə. Adını gizlədənə bizdə qeybətçi deyirlər, siyasətçi yox. Qalırsan məəttəl. “Bəzi siyasətçilər”i ikiüzlülükdə necə qınamayasan. Bəs bizə niyə hər şeyi demirlər? Son videoda Sevinc Babayeva da deyir ki, bəzi siyasətçilərin Gülər Əhmədova ilə yaxşı münasibətləri var. Onlar burda “bəli, Ilham Əliyev alçaqdı deyirlər, amma xaricə gedəndə başqa şey deyirlər, Ilhama plyus gəlir” (Sevinc Babayeva belə deyir – R.H.).
Ilham Əliyevə “plyus” gətirən siyasətçilər kimdir? Videodan belə anlaşılır ki, onlar müxalifətdə olan siyasətçilərdir. Çünki özünü siyasətçi adlandıran bir çoxları iqtidar süfrəsinin qırıntıları ilə dolanır və onların sözünün nə daxildə, nə də xaricdə çəkisi var. Şübhəsiz ki, söhbət onlardan getmir. Ancaq müxalifət siyasətçilərinin də bir neçə kateqoriyaya bölündüyü hamımıza, o cümlədən onlara tribuna verən qəzetlərə də bəllidir. Görəsən bu siyasətçilər, o siyasətçilər deyil ki?
Qayıdaq videonun “effektivsizliyinə”… Hər xırda-para işlərə reaksiya verməyən Ramiz müəllimin danışmağı sizcə, effekt deyilmi? Bəs nədən “Elşad Abdullayevdən daha bir video bomba”nı manşet edirsiz? Effektsiz olmaq o deməkdir ki, oxucuların da buna marağı yoxdur. Oxucu marağı çəkməyən məsələlərin qəzetə çıxarılması heç də uğurlu seçim deyil. Bu nə tiraj gətirir, nə də pul. Heç Ramiz müəllimin müdafiəsi də tiraj gətirmir…
Sosial şəbəkələrdə “boz kardinal”ın istefa ərizəsi yazdığı barədə xəbərlər dolaşır. Olmur belə şeylər. Istefa mədəniyyəti demokratik quruluşlarda, korrupsiyanın, rüşvətxorluğun geniş yayılmadığı cəmiyyətlərdə olur. Özümüzü aldatmayaq…

Elşad Abdullayevin bombası
•