Istibdada qarşı qələmli mübarizə
Cənubi Azərbaycan ədəbiyyatının ən parlaq simalarından biri olan Səməd Behrənginin əsərləri yeni-yeni oxucu nəsillərinin diqqətini daha çox çəkməkdədir. Onun böyük ustalıqla qələmə alınan, milli dəyərlərin qorunub saxlanmasına həsr olunmuş əsərləri azadlıq mübarizəsinin ədəbi çağırışçısı rolunu oynamışdır.Ölməz yazıçının “Balaca qara balıq” hekayəsini dünya ədəbiyyatının ən gözəl incilərindən biri hesab etmək olar. Cəmi 28 il ömür sürmüş qələm sahibinin mükəmməl əsərləri artıq ölkədən xaricdə də xeyli məşhurdur. Səməd Behrəngi 1939-cu il iyun ayının 24-də Təbriz şəhərində fəhlə ailəsində anadan olmuşdur.
O, ibtidai təhsilini burada 21 Azər adlı məktəbdə almağa başlayıb, sonra Cavid məktəbində və “Tərbiyyət” liseyində başa vurub. Tələbəlik illərində “Xənde” (Gülüş) adlı həftəlik divar qəzeti buraxan gənc Səməd ilk ədəbi tənqidi və satirik qələm təcrübələrini də bu dövrdə yazmışdır.
Burada oxuduğu illərdə Səmədin atası tez-tez liseyə çağrılır, oğlunun siyasi fəaliyyəti ilə bağlı ona xəbərdarlıq edilirdi. O, Təbriz Universiteti filologiya fakültəsinin ingilis dili şöbəsində təhsil almışdı (1956-1961). Səməd universitet təhsilini bitirib, müəllimlik üçün Azərbaycanın müxtəlif kəndlərinə gedir. Behrəngi əmək fəaliyyətinə Azərşəhr (Tufarqan) mahalının Mamağan, Gögan ibtidai məktəbində müəllim kimi başlayır. Bu dövrdə Azərbaycan nağıllarını toplayır, fars dilinə tərcümə edib həmkarı Behruz Dehqanı ilə birlikdə nəşr etdirir. Bundan başqa, onun fars dilindən doğma dilə çevirdiyi tərcümələri dövri mətbuatda nəşr olunur. Tezliklə, Səmədin müəllimliyini də, ingiliscə öyrənməsini də Təhsil Nazirliyi qadağan edir. Bu müddətdə onun bir neçə kitabı çap olunur. O, həmçinin Azərbaycan məktəbləri üçün Türkcə əlifba kitabını yazır. Bu kitab heç vaxt çap olunmur. Pəhləvi rejimi Səməd Behrəngini “Parə-parə” kitabına görə nəzarət altına alıb, 6 ay işdən uzaqlaşdırır.
Italiyada ən yüksək mükafat
Səməd Behrənginin yaradıcılıq dövrü yaşadığı mühitin inqilabi hadisələrlə çalxandığı zamana təsadüf edirdi. 21 Azər hadisəsi ilə bağlı baş verənlər hələ xatirələrdən silinməmişdi. Azərbaycan milli məsələsi Pəhləvi istibdadı üçün hər şeydən təhlükəli idi. Əslində, inqilabi hadisələrə qatılmayıb, yalnız yaradıcılıqla məşğul olan Behrəngi məhz o milli məsələnin daşıyıcılarından biri idi…
Behrəngi xalq arasında gəzib topladığı xalq nağılları əsasında kitablar yazmağa başladı. Istibdadın Azərbaycan türklərinin milli şüurunu silib atmağa çalışdığı bir zamanda bu, ən böyük vətənpərvərlik işi idi. Beləliklə, 1959-cu ildə onun ilk hekayələri “Adət” və “Binam” dərc olundu. Bundan sonra “Ulduz və qarğalar”, “Çuğundursatan oğlan”, “Məhəbbət əfsanəsi”, “Tapmacalar və qoşmacalar”, “Azadlıq beşiyi”, “24 saat yuxuda və ayıqlıqda”, “Koroğlu və keçəl Həmzə”, “Ləb-ləbi satan kiçik oğlan”, “Sadə inşa”, “Quşbaz keçəl”, “Balaca qara balıq” və s. əsərləri işıq üzü gördü.
Səməd Behrənginin hekayələr kitabı Italiyanın Bolonya şəhərində keçirilən Uşaq Kitabları Müsabiqəsində qızıl medala layiq görülmüş, birinci yeri tutduğuna görə kitabları italyan, fransız, ingilis, türk dillərində nəşr edilmişdir.
Cənubi Azərbaycanlı yazıçı Güntay Gəncalp Behrəngi haqqındakı məqaləsində yazır: “…Behrəngi ”Para-para” adında bir kitab yayınladı. Kitabın adı çox anlamlı idi. Buradakı “para-para” sözü, dolayısıyla para-para bölünmüş, parçalanmış Azərbaycana işarə edirdi. Kitabda Quzey və Güney şairlərinin şeirlərindən örnəklər verilmişdi. Behrəngi öldürüldükdən sonra onun əsərlərinə olan istək şiddətləndi. Bu şiddətli istək istər-istəməz onun milli kimlik görüşünün də özümsənməsinə səbəb olurdu. Hətta bu gün də milli kimliyimizin yüksəlişində Səməd Behrənginin kitablarının çox böyük etkisi var. Sadəcə onun əsərlərinin etkisi deyil, “Səməd Behrəngi” adı özü-özlüyündə milli mübarizəni çağrışdırır..”.
“Milli mədəniyyətin oyaq vicdanı”…
Səməd Behrəngi Cənubi Azərbaycandakı milli azadlıq mübarizəsində simvollaşmış bir addır. Həmkarları onu “Azərbaycan kəndlilərinin canlı dili”, “Milli mədəniyyətin oyaq vicdanı”, “Xalqa üz tutan”, “Səyyar müəllim” adlandırmışlar.
Onun yaradıcılığında bir çox unikal nümunələr var ki, onlardan ən mükəmməli “Balaca qara balıq” hekayəsidir. Hekayəni doğma dilimizə çevirən Güntay Gəncalp məqaləsində əsərlə bağlı fikirlərini belə ifadə edir: “…”Qaraca balıq” həqiqəti, sonsuzluğu və ruhi bütünlüyü axtaran bir insanı xatırladır. Bu yoldakı mübarizədə təcrübə qazanıb dolğunlaşan, macəradan macəraya atılan, bir an belə doğrunu aramaqdan vaz keçməyən bir insan. Qarşısına türlü-türlü cəhalət çıxır, həyatını məhv edən vəhşilərlə qarşılaşır Qaraca balıq. Ancaq həyat doğrunu öyrənməyə həsr edilmirsə, onun nə anlamı var. Həyata anlam verən hərəkətdir. Çünki hərəkət edərkən təcrübə qazanılır, yeni hədəflər ortaya çıxır. Behrəngi çox gözəl təsbit etmiş bunu ki, böyük amac yolunda səfərə çıxarkən, qorxu hissi öz-özünə yox olur. …Necə ki, Qaraca balıq öz qılıncı ilə balıqdan quşu, balıqları yeyən naqqanı içlərindən vurur. Öz qılıncı ilə onların qarnını yırtıb və balıqların həyatını təhlükədən qurtarır. Hamı qəhrəman olmaz. Qəhrəmanlıq üçün hünər və xarakter lazımdır. Bir qəhrəmanın, bir fikir adamının hesabına bir millət və bir topluluq azadlığını əldə edir…”.
Ölməz yazıçının seçilmiş əsərləri Bakıda “Məhəbbət nağılı” (1987) adı ilə kütləvi tiracla buraxılmışdır. Bundan başqa, Behrənginin əsərləri bir çox dünya dillərində də çap olunmuşdur. Türkiyədə son zamanlar xeyli məşhurlaşan yazıçının əsərləri hətta filmlərin mövzusu olmuşdur.
Öz millətinin vurğunu olan, milli şüurun oyanmasında önəmli rol oynayan yazıçı 1968-ci il avqustun 30-da naməlum şəxslər tərəfindən öldürülmüşdür. Meyidi Iranın Xumarlı yaşayış məntəqəsi yaxınlığında Araz çayından tapılan Behrənginin Iran şahının göstərişi əsasında qətlə yetirildiyi söylənir.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir