Sendi Huk canisi özündən sonraya bir iz buraxmadı; qətliamın motivi tapılmır
Ötən gün törətdiyi qətliamla ABŞ-ı şoka salan Adam Lanza haqqında məlumatlar üzə çıxıb. “Hürriyet” qəzeti yazır ki, ABŞ-ın ən zəngin əyalətlərindən biri olan Konnektikutda böyüyən 20 yaşlı Adam Lanza IBM, Pepsi kimi şirkətlərdə çalışan yüksək səviyyəli idarəçilərin oturduğu zəngin bir məhəllədə, 54 yaşlı anası Nensi Lanza ilə birlikdə yaşayıb.
Zəngin Lanza ailəsi
Atası, 52 yaşlı Peter Lanza 4 il əvvəl arvadı ilə boşanıb və onlardan ayrı yaşayıb. Peter Lanza vergi mütəxəssisi olub, hazırda “General Electric”də direktor müavini işləyir.
Ryan Lanza adında, 24 yaşında bir böyük qardaşı var. İlk xəbərlərdə qətliamı onun törətdiyi deyilirdi. Ryan da Manhattanın yaxınlığında, New Jersey Hoboken-da yaşayır. ABŞ-ın ən böyük audit şirkətlərindən olan “Ernst & Young”da çalışır.
Fərqlənmə ilə bitirdiyi məktəbə silahla döndü
Adam Lanza isə qətliam törədildiyi Nyutaun məktəbini fərqlənmə ilə bitirib… Məhəllədə kimsənin şikayətçi olmadığı, ümumiyyətlə həmişə məsafəli, sakit bir gənc kimi tanınıb. “Facebook” hesabı belə, yoxdur.
Bircə bilinən odur ki, gəlir vəziyyəti yetərincə yaxşı olan ana Nensi Lanza dörd yataq otaqlı, hovuzlu malikanəsində zaman-zaman rəfiqələri ilə qumar oynayır, Adam da onlara qoşulurmuş.
Məktəbə girib qarşısına çıxan uşaqları gözünü qırpmadan öldürən 20 yaşlı Adam Lanza barədə indiyə qədər Amerikalı jurnalistlərin bütün tapa bildikləri bunlardır.
Niyə, nə üçün?.. Səbəb tapılmır
“ABC News”un tapdığı, Adam Lanzanın 2005-ci ilə aid fotosu
Polis məktəbdəki qətliam zamanı bir nəfər yaralı xilas edə bilib. Çünki cani qarşısına çıxan 20 uşaq və altı məktəb rəsmisinin hamısını ölümcül güllələyib.
İşin ən qəribə tərəfi bu qətliam üçün ortada heç bir səbəb, hətta dolayı əlaqənin belə olmaması.
Məsələn, beş ay əvvəl Koloradoda bir kino salonunda 12 adamı öldürən cani bunu “Batman” filmilə əlaqədar etmiş və filmin nümayişə çıxarıldığı gecəni seçmişdi. O hadisədən bir ay sonra Viskonsində bir məbədə basqın edən keçmiş əsgər isə irqçi bir şəbəkənin üzvü idi.
Yaxşı, bəs Sendi Huk (qətliamın törədildiyi məktəbin adı) canisi? Heç bir əlaqə yox. İndiyə qədər ipucu ola biləcək bir detal belə, tapılmayıb.
“Şahid olmasa yaxşıdır”?..
Yeganə bağlılıq Adam Lanzanın anası Nensinin bir müddət əvvələ qədər Sendi Huk-da müəllimlik etməsidir. Adam Lanzanı tanıyan məktəb gözətçilərinin onu içəri buraxması da bu səbəbdən.
Amma Adam Lanzanın evdə anasını, daha sonra məktəbə gedib rastına çıxan hər kəsi öldürdükdən sonra intihar etməsi, beləliklə də ortada heç bir şahid saxlamaması üzündən onun məktəbə nə üçün getdiyi də əsla tam olaraq bilinməyəcək.
O bir ruhi xəstəmi?
Adamın böyük qardaş Ryan Lanza hadisədən sonra istintaqa cəlb olunub, bütün komputerləri, telefonları axtarılıb. İddiaya görə Ryan ifadəsində qardaşının bəzi şəxsi problemləri ola biləcəyini söyləyib. Bəzi qonşular isə Adamda ictimai əlaqə qurma çətinliyini ehtiva edən Asperger sindromu olduğunu deyib. Lakin hələlik bunlar da bir dəlil-sübuta çevrilməyib. Beləliklə, Amerika mətbuatında bütün hekayələr yenə də istər-istəməz “bir ruhi xəstələrin törətdiyi qırğın”a çevrilir.
Aydın Taş