Putin Ilham Əliyevi niyə qorxudur?

Siz heç təsəvvür edə bilərsinizmi ki, Rusiya bir Avropa dövlətini, yaxud böyük və kiçikliyindən asılı olmayaraq hansısa oturuşmuş demokratik ölkəni, xalqın iradəsinin hökm sürdüyü bir dövlətin hakimiyyətini, yaxud dövlət başçısını şantaj etsin. Rusiya bunu ağlının ucundan keçirə bilməz. Bir neçə aydın səbəbə görə:
– Demokratik ölkələrdə Rusiyanın oyunu keçməz, ümumiyyətlə, belə ölkələrdə heç bir oyun keçmir, çünki hər şey xalqın aydın rəyi və iradəsi ilə müəyyən edilir;
– Demokratik ölkələr hətta böhranlı hallarda daha sabit sosial həyata və düzənə sahibdir, onları xarici təsirlərlə təlatümə soxmaq çətindir;
– Demokratik ölkələr güclü hərbi və iqtisadi potensialı olan demokratik dünyanın bir hissəsidir və onların müdafiəsini qazana bilir;
– Nəhayət, belə ölkələrdə güclü hakimiyyət olur, hakimiyyətlərin arxasında isə güclü toplum dayanır.
Rusiya 200 illik işğalın bitdiyini bilir, Elçibəyin onun qoşunlarını bu torpaqlardan çıxardığı ilə də barışıb, Azərbaycanın onun kimi bir suveren dövlət olmasını da qəbul edib, tam müstəqil siyasət yürüdüb öz həyatını yaşamasına da RAZILAŞA BILƏR, amma qeyri-legitim və oğru bir hakimiyyətin bu ölkə üzərində ağalığına, özbaşınalığına baxıb tamah dişini sıxır. Azərbaycanın və Azərbaycan kimi ölkələrin onun dediyi ilə oturub durmasına iştahası artır.
Putin Ilham Əliyevə baxıb düşünür… Nə olsun ki, məndən də güclü təntənə qurubsan, məndən də varlısan:
– Arxanda xalqın durmur;
– Arxanda duran elə Rusiyadır;
– Arxasını yerə vurduğun xalqında və toplumunda mənim oyunuma da yer tapılar.
Putin ona görə də Ilham Əliyevi, onun komandasını, onun timsalında Azərbaycanı qorxudur. Korrupsiya maraqlarını, ağalığını, hikkəsini öz xalqının taleyindən üstün tutanı məhz bu cür üstələmək istəyirlər. Düzdür, Rusiya bütün hallarda təhlükə mənbəyidir, amma Ilham Əliyev kimi dövlət başçısı ilə, onun qurduğu rejimlə o real və hədsiz qorxuludur.
Əliyevlər hakimiyyətə gələndə onlara Rusiyanın təsirini minimuma endirmək üçün siyasi şərait yaradılmışdı. Rus qoşunları çıxarılmışdı, neft kontraktlarının əsası qoyulmuşdu, ölkənin demokratiyaya üz tutması təmin edilmişdi. Hətta ciddi şəkildə Rusiyaya qarşı getmədən də Azərbaycanı güclü toplumu olan, demokratik, ədalətli, xalqın iradəsi ilə idarə olunan, demokratik dünyanın böyük rəğbətini qazanmış bir ölkəyə çevirmək olardı. Əliyevlər isə polis rejimi yaratmağa, varlanmağa, padşahlanmağa üz tutdular. Indi ölkə dirəndiyi qaranlıq dalandan çıxmaq üçün həm içdən inqilaba ehtiyac duyur, həm də onu xarici güclər təhdid edir. Təhdid edənlərdən biri də Putin Rusiyasıdır…
Əliyevlərin Azərbaycanı Rusiya ilə dostluq da qura bilmədi, sadə ruslar, rus ziyalıları da Azərbaycana rəğbət bəsləmirlər. Korrupsiyanın başa çıxdığı ölkənin nəyinə rəğbət bəsləsinlər? Kimlərisə Bakıya gətirib yedirdir-içirdirlər, onlar da ölkə başçısına, analoqu olmayan inkişafa bir az tərif söyləyib döndülər apardıqları kürünü yeməyə. Bu ki dostluq deyil. Bunun əvəzinə Ruşaylo gəlib burada saxta seçkilərin gedişinə nəzarət edirdi. Indi də nəzarət eşqləri səngimir və… Putin Ilham Əliyevi qorxutmaqdan da çəkinmir.
Məqsəd də çox aydındır. Çar Putin ikinci dəfə taxta dönməmişdən öncə “Izvestiya” qəzetində məqalə ilə çıxış etmiş, Avrasiya Ittifaqı və gömrük birliyi barədə niyyətlərini bəyan etmişdi. Indi də çar böyür-başındakı padşahlardan tələb edir ki, Qərbdən biryolluq üzülüşsünlər və onun qurduğu çevrəyə qapansınlar. Amma problem ondadır Qərbə üz çevirmək də asan deyil, Qərb Rusiyadan da güclüdür və üstəlik, onun əlindəki bayraq belə ölkələrdə xalqların aclıq hiss etdiyi mütərəqqi dəyərlərdir.
Ziddiyyət də buradan başlayıb…