Pirallahıya varlı təbəqə cəlb olunacaq
Bakı şəhərində yeni Pirallh rayonu yaradılır. Bu barədə Milli Məclisin regional məsələlər komitəsinin dekabrın 14-də keçirilən iclasında komitə sədri Arif Rəhimzadə məlumat verib. Komitə sədri bildirib ki, Bakı şəhəri Xəzər rayonunun inzibatı ərazi bölgüsündə qismən dəyişiklik edilərək Pirallahı rayonunun yaradılması təklif olunur.
Pirallahı rayonunun inzibati ərazi bölgüsünə Pirallahı, Çilov və Neft Daşları qəsəbələri daxil ediləcək. Yeni rayonun ərazisi 1500 ha, əhalisi isə 18 min təşkil edəcək. Rayonda 4 məktəb, 4 sənaye müəssisəsi, poçt, ATS var. Strateji əhəmiyyətli bu adalardakı sənaye müəssisələrini gələcəkdə turizm obyektləri əvəz edəcək. Hazırda Bakınin 11 rayonu var, Pirallahı 12-ci rayon olacaq (“Olaylar”).
“Azadlıq”a daxil olan məlumatlara görə, yeni rayonun yaradılması təsadüfi deyil. Hakim ailənin çoxdan Pirallahı adasına gözü düşüb. Orada turizm layihələri keçirmək niyyətləri var idi. Bu rayonun da yaradılması bununla bağlıdır. Görünür, rayon əhalisinin çox az sayda nəzərdə tutulması ora əsasən varlı təbəqənin cəlb olunacağını göstərir.
Digər tərəfdən yeni rayonunun infrastrukturunun qurulması hakimiyyət üçün növbəti korrupsiya mənbəyi olacaq.