Son zamanlar Azadlıq radiosunun Naxçıvandakı müxbiri Yafəz Əkrəmoğluya qarşı təzyiqlər çoxalıb. İş o yerə çatıb ki, hətta açıq telefon nömrələrindən ona zəng edərək özünün və ailəsinin məhv ediləcəyi ilə hədələyirlər.
Yafəz Əkrəmoğlu uzun müddətdir ki, Naxçıvanda baş verən məmur özbaşınalığı, korrupsiya və hüquq-mühafizə orqanlarının cinayətkar əməlləri haqda əməkdaşı olduğu Azadlıq radiosu vasitəsi ilə ölkə ictimaiyyətini məlumatlandırır. Onun bu fəaliyyəti, həm Naxçıvandakı Vasif Talıbov rejimini həm də bütövlükdə Azərbaycan iqtidarını çox ciddi narahat edir. Bu illər ərzində o dəfələrlə həbs edilib, fiziki təzyiqlərə məruz qoyulub və təqib edilib. Hazırda xarici ölkələrin birinə sığınmış, keçmiş MTN əməkdaşı İbrahim Musayevin kütləvi informasiya vasitələrinə açıqlamalarından da görünür ki, bir sıra repressiv üsullardan başqa, Yafəz Əkrəmoğlunu ləkələmək və bu yolla susdurmaq üçün hüquq-mühafizə orqanlarının iyrənc planları da mövcud olub. Bu illər ərzində Yafəz Əkrəmoğlu həyatına olan təhlükələr və ona qarşı edilmiş qanunsuz əməllər haqda dəflərlə müvafiq orqanlara şikayət etsə də heç bir nəticəsi olmayıb. İP son vaxtlar Yafəz Əkrəmoğöluya qarşı artmış təzyiqlərdən və təqiblərdən narahat olduğunu bildirir, onun təhlükəsizliyinin təmin edilməsi, bölgədə peşə fəaliyyəti göstərməsi üçün bütün məhdudiyyətlərin aradan qaldırılmasını tələb edir.


