“Freedom House”un hesabatı reallıqlarımızın göstəricisidir”

Hüquq müdafiəçisi YAP-ın beynəlxalq təşkilata qarşı çıxışlarının arqumentə söykənmədiyini deyir

Azərbaycan hakimiyyəti yenə də ənənəsinə sadiq qalaraq ölkəzimdə insan hüquqları və demokratiyanın durumu ilə bağlı tənqidi hesabatına görə, “Freedom House” kimi nufuzlu quruma savaş açıb. Prezident Administrasiyası və Milli Məclis tərəfindən qurumun ünvanına sərt fikirlər səsləndirilir. Siyasi və Mülki Hüquqları Müdafiə Mərkəzinin direktoru Pərviz Həşimli hakimiyyətin dünyanın tanınmış təşkilatına bu münasibətinin anlaşılmaz olduğunu deyib: “Təəsuf ki, ABŞ Dövlət Katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisinin müavini Tomas Melian da hakimiyyət nümayəndələrinə beynəxlaq qurumlara münasibətdə mövqelərini dəyişmək barədə tövsiyyəsi də nəzərə alınmadı. O vaxtilə, bu “Freedom House”da çalışan bir şəxs kimi səmimi şəkildə anlatmağa çalışdı ki, bu qurum qərəzli ola bilməz. ABŞ Dövlət Departamentində çalışmağa gedən şəxslər “Freedom House” kimi qurumlarda təcrübə toplayırlar. Bu qurumun hesabatlarına gəlincə, orada Azərbaycan reallıqları olduğu kimi təsvi edilib. Ona görə də onu qərəzli adlandırmaq gülüncdür. Hesabatlarda yazılır ki, Azərbaycanda ifadə azadlığı məhdudlaşdırılır, vətəndaşların mülkiyyət hüquqlarına dövlət tərəfindən qəsd edilir, insanların sərbəst toplaşmaq azadlıqları qadağan olunub, jurnalistlər yazılarına görə, təqib olunur. Bunlar ki, bizim reallıqlarımızdır”.
P.Həşimlinin sözlərinə görə, hakimiyyət nümayəndələri “qərəzli” adlandırdğı hesabatlarla bağlı ciddi arqument qoya bilmirlər: “Milli Məclis üzvlərinin əzbərlədiyi bir söz var. Yalnız onu təkrarlayırlar ki, qərəzlidirlər və böhtan atırlar. Hesab edirəm ki, bu cür bəyanatlardansa tənqidlərdən nəticə çıxarılmalıdır”.