Eldar Namazovdan qalmaqallı videolara münasibət

«Bu saxtalaşdırmaya görə Ramiz Mehdiyevin məsuliyyət daşımasına daha bir sübutdur»

“Elşad Abdullayevin Internetdə yerləşdirdiyi yeni videogörüntülər dərhal bir sıra cinayət növləri üzrə bir neçə cinayət işinin qaldırılmasına əsas verir. Bunlar korrupsiya, seçki prosesinə qanunsuz müdaxilə, seçkilərin saxtalaşdırılması, adamların döyülməsi və s.-dir. Həmin cinayətlərdə əsas fiqurlardan biri sözsüz ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev olmalıdır”. Bunu “Turan”a politoloq Eldar Namazov bildirib.
Qeyd edək ki, yeni videoyazıda deputat Gülər Əhmədovanın rəfiqəsi Sevinc Babayeva etiraf edir ki, 2005-ci il parlament seçkilərində G.Əhmədova seçkiləri E.Namazova uduzub. Lakin R.Mehdiyevin müdaxiləsindən sonra bütün seçki məntəqələrində protokollar G.Əhmədovanın xeyrinə saxtalaşdırılıb, E.Namazovun tərəfdarları isə dağıdılıb.
E.Namazov bildirib ki, 2005-ci il seçkilərində o, həqiqətən 15 saylı Yasamal birinci seçki dairəsində qalib gəlib. “Lakin hakimiyyət yalnız 4 məntəqədə protokolları saxtalaşdıra bilib. Qalan 25 məntəqədə möhürlə təsdiqlənmiş protokolları götürə bildik və mən parlamentə düşürdüm. Bundan sonra MSK vasitəsilə daha 6 məntəqədə nəticələr ləğv edildi ki, bu məntəqələr üzrə mən qalib idim”, – E. Namazov vurğulayıb.
Nəticədə Avropa Insan Hüquqları Məhkəməsi E.Namazova 15 min avro həcmində kompensasiyanın ödənilməsi barədə qərar çıxarıb.
“Hakimiyyət yaxşı biznes fikirləşib: deputat mandatını 1 milyona satmaq, vətəndaşlara isə yalnız 15 min ödəyirlər. Heç bir biznes sahəsində bu cür mənfəət yoxdur”, – E.Namazov qeyd edib.
O deyib ki, hüquqşünaslarla məsləhətləşmələr apararaq gələcək addımların taktikasını müəyyən edəcək.