«Hakimiyyət bizə hücum etməkdənsə, Azərbaycanın problemləri ilə məşğul olsun»
Insan Haqları Klubu, Reportyorların Azadlıq və Təhlükəsizliyi Institutu və Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi 10 dekabr Ümumdünya Insan Haqları Günündən yeni bir kampaniyaya start verib.
Insan Haqları Klubunun sədri Rəsul Cəfərov “Art for Democracy” (Demokratiya naminə incəsənət) adlanan bu kampaniyanın müddətsiz olduğunu deyir: “Eurovision” ərəfəsində “Demokratiya naminə oxu” kampaniyasını keçirmişdik. Qərara aldıq ki, bunun bazası əsasında yeni bir kampaniyaya başlayaq. Təkcə musiqidən deyil, incəsənətin digər növlərindən də demokratikləşmə prosesində istifadə edək. Kampaniyanın əsas məqsədi incəsənətin bütün – xüsusilə də geniş kütlələrə çıxış imkanı olan növlərindən istifadə etməklə demokratikləşmə prosesinə, insan hüquq və azadlıqlarının təmin edilməsinə öz töfhəmizi vermək, sadə insanlar arasında hüquq maarifçiliyini genişləndirməkdir. Ayın 10-11-də kampaniyanın başlandığını elan edən tədbir keçirdik. 150 nəfərin iştirak etdiyi tədbirə xaricdən də çox nüfuzlu qonaqlar – Qərb diplomatları, o cümlədən ABŞ dövlət katibinin müavini qatılmışdı”.
R.Cəfərov yeni ildən ən müxtəlif tədbirlər həyata keçirəcəklərini deyir: “Bunların arasında festivalların, sərgilərin, musiqi və rəsm müsabiqələrinin keçirilməsi, şəkilli videoların hazırlanması kimi tədbirlər var. Aprel-may ayında isə ”Azadlıq və incəsənət” mövzusunda geniş beynəlxalq konfransın təşkili nəzərdə tutulub. Kampaniya müddətli deyil və onu sistemli şəkildə davam etdirmək fikrindəyik. Fəaliyyət əsasən bizim təşkilat – Insan Haqları Klubu tərəfindən koordinasiya olunacaq”.
R.Cəfərov ötən kampaniyada olduğu kimi, bu dəfə də hakimiyyətin təzyiqlərinə tuş gələcəklərini istisna etmir: “Hakimiyyət tərəfindən təzyiqlər də görmüşük, əsassız ittihamlar da, ”qara piar” da. Yaxşı olar ki, hakimiyyət bizimlə məşğul olmaq əvəzinə, Azərbaycanın problemlərini həll etsin. Ümid edirəm ki, bu dəfə həmin təzyiqlər olmayacaq. Olacağı təqdirdə, bütün təzyiqlərə cavab verməyə hazırıq”.
ABŞ dövlət katibinin müavini Tomas Melianın “Art for Democrasy”nin təqdimatına qatılmasına gəlincə, R.Cəfərov bunu ABŞ hökumətinin məlum kampaniyaya olan dəstəyinin ifadəsi kimi qiymətləndirir.