Danabaşovlara

Televiziya kanallarının birində sir-sifətində intellektdən əsla əsər-əlamət olmayan yapçı məmur Azərbaycanın uğurlarından danışır. Iqtidarın analoqsuz inkişafını, filan küçəyə asfalt salınmasını, filan alt keçidin istifadəyə verilməsini zalım oğlu elə həvəslə izhar edir ki, elə bil torpaqlarının 20 faizi düşmən əsarətində olan biz yox, ermənilərdir. 
Təbii ki, o telekanalın da, gerizəkalı məmurun da missiyası ictimai rəyi azdırmaqdır.
Rejimin qulluğunda dayanan TV-lərdə yol çəkməyi, 5 ulduz hotel tikməyi, heykəl ucaltmağı, yaxud inzibati binanın açılış lentini kəsməyi QƏLƏBƏ kimi qələmə vermək artıq adətə çevrilib. Nədən ki, əsl QƏLƏBƏ bunlar üçün əlçatmazdır. Və elə bu səbəbdən də xalqın yaddaşından QÜRUR anlayışı silinməkdədir. Bu məmləkətdə gerçək qürurun nə olduğunu anlayanların sayı çox azdır. Tək səbəb isə qürurun patoloji formada beyinlərə yeridilməsidir. Yəqin ki, zehniyyətində, əxlaqında problemi olanlara TV-lərin nə qədər geniş meydan verdiyinin fərqindəsiniz. Nədən bunu edirlər? Cavabı hər kəs bilir. Manqurtlaşdırmaq gərəkdir. O qədər manqurtlaşdırmaq gərəkdir ki, BAŞ nə VƏTƏN, nə DÖVLƏT, nə də MILLƏT barədə düşünə bilsin.
Bu günə qədər kimsə TV ekranlarında bir məmurun, ya da şou-biznes əhlinin dilindən millət, dövlət, vətən təəssübü barədə bir kəlmə eşitdimi? Kimsə şahidi oldumu ki, filankəs behmənkəsə xitabən, “MILLƏTIN, DÖVLƏTIN, VƏTƏNIN adını batırma” desin? Razılaşın, indi biz azərbaycanlıların dilində belə bir deyim yoxdur. Tək səbəb millətin və dövlətin adını batıranların iş başında olması, meydanda dövlətin təməlinə və millətin mənəviyyatına sağalmaz zərbə vuranların at oynatmasıdır.
Oğlu şəhid olmuş TÜRK “VƏTƏN SAĞ OLSUN, DÖVLƏT SAĞ OLSUN, MILLƏT SAĞ OLSUN” deyir. Çünki vətəni, dövləti və milləti var. Bizdə vətən sevgisi yetərincə olsaydı, çoxdan əsirlikdəki torpaqları geri alardıq. Dövlətə sevgimiz olsaydı, onu rüşvətxor cinayətkarların cəngindən xilas edərdik…
Bugünkü durumumuza bir diqqət yetirin. Az qala bütün dünya Azərbaycanda tüğyan edən korrupsiyadan danışır. Gözümüz görə-görə bir ovuc cinayətkar dövlətin başına min oyun açır. Nümayiş olunan məşhur video dövlətin iki qanadının – qanunverici və məhkəmə sisteminin cinayətkar əməllərini faş edir. Ofşor zonalara ötürülən 48 milyard dolları, Çovdar qızıl yataqlarını kimlərin ələ keçirdiyini dünya mediası müzakirəyə çıxarır. Və TV ekranlarında əlinə mikrofon alan danabaşovlar Azərbaycanın iqtisadi qalxınmasından, sosial ədalətdən moizə oxuyurlar.
O danabaşovlar elə danışırlar ki, sanki bu cinayətlər Azərbaycanda deyil, Mozambikdə baş verir. Sanki parlament bazarlığın, adam oğurluğunun, məhkəmələrdəki alverin Azərbaycana dəxli yoxdur.
Dəxli var, cənab danabaşovlar. Bir gün o TV-lərin YAP-ın inhisarından çıxan gün də olacaq. XALQ özünə məxsus telekanallarda etdikləriniz cümlə cinayətləri bir-bir açıqlayacaq. Və bu gün axmaq yerinə qoyduğunuz xalq sizdən hesab soracaq. Rüşvətin, korrupsiyanın və digər cinayətlərin hesabı sorulacaq, cənab danabaşovlar.
Bu gün mikrofon əlinizdədir və o mikrofona ağlınıza və ağzınıza gələni deyə bilərsiniz. Azərbaycanın analoqsuz inkişafından, iqtisadi qalxınmadan, lentkəsmə zəfərlərindən doyunca danışın. Əsla çiçəkləndirdiyiniz rüşvətin və korrupsiyanın, digər cinayətlərinizin adını çəkməyin. Onlar haqqında XALQ danışacaq. Özü də xalqa məxsus TV-lərdə. Tanrı sizlərə XLAQ telekanallarını izləməyi nəsib etsin.