Bu günlərdə, Azərbaycan qadınını zindana salmaq hesabına əks-cins nümayəndəsi olan bir məmur bütün ölkədə məşhurlaşdı. Bir halda ki, əvvəllər Mingəçevir və Zərdabdan başqa heç yerdə onu tanıyan yox idi. Qadınları mitinqlərdə, idarələrdə, məhkəmələrdə, dörd divar arasında yenməyə həvəsli olan, günahsız qadınlar hesabına məşhurlaşan bütün kişilərə bu münasibətlə “halal olsun!” deyirəm.
Indi bir çox kişilər sındıra bilmədikləri qadınları zindana salmaqla, balta ilə başlarını kəsməklə, illərlə otağa salıb, qapının altından su, dən verməklə, şər-böhtan atmaqla “tarixə” düşürlər. Dekabrın 7-si əksər qəzet və saytlar “məşhur məmurlar” siyahısına yenicə düşən Lütfəli Babayevin “hünəri” haqqında yazdılar: “Zərdab rayon sakini Şəfəq Səfərəliyeva həbs olundu. Onun həbsinə Yasamal Rayon Məhkəməsində qərar verilib. Məhkəmə Ş.Səfərəliyevanı 4 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Xatırladaq ki, 51 yaşlı Ş.Səfərəliyeva icra başçısı Lütfəli Babayevin öz kabinetində onu zorla cinsi əlaqəyə məcbur etmək istədiyini iddia edib və bununla bağlı oktyabrın 5-də mətbuat konfransı keçirib”. Bir müddət əvvəl “Bizim yol” (9.10.2012) qəzetinə müsahibə verən icra başçısı Lütfəli Babayev demişdi: “Bu, mənə atılmış böhtandır. Bəzi idarə, müəssisə rəhbərlərindən fərqli olaraq, mənim kabinetimdə divan olmayıb”. Əcəb böhtandır. Məgər, qadını zorlamaq üçün kabinetdə mütləq divan olmalıdır?! Onda belə çıxır ki, divanlardan bol olan kabinetlərdə “qruppavoy” zorlamalar olur, amma divan-kreslo, ümumiyyətlə, oturmağa nəsə olmayan idarələrdə qəbula gələni heç bir təhlükə gözləmir? Həm də elə KABINET sahiblərinin bir-iki dəqiqəlik ayaqüstü qəbuluna düşmək üçün hansısa nüfuzlu şəxsə yalvarmalısan, qapı ağzında saatlarla ayaq üstə dayanmağı məşq etməlisən.
Bu yaxınlarda PA rəhbəri Ramiz Mehdiyev müsahibə verib dedi ki, mənim qəbuluma düşmək üçün vətəndaşlar nüfuzlu şəxslərə yalvar-yaxar edirlər, mən də məcbur olub qapı həndəvərində onları 1-2 dəqiqəlik qəbul edirəm. Nüfuzlu şəxslərdən xahiş edirəm, Ramiz Mehdiyevin kabinetini “Hakimiyyətin ən təhlükəsiz KABINETi” elan etsinlər və girişi pulsuz muzey olsun. Onsuz da bütün kabinetlər qoruq, muzey kimi mühafizə olunur. Heç olmasa birinin açılışını etsinlər, camaat da divansız, stulsuz KABINETdə onlara dəhşətli divanlar, tükürpədən fərmanlar yazılan məkanla tanış olsunlar. Hamı bilir ki, Mehdiyevi kabinetdən çıxartmağa hazırlıq gedir, heç olmasa “Muzey Kabinet” bəhanəsi ilə onu yola salsınlar. Yəqin ki, Zərdab icra başçısı Lütfəli Babayevin də kabineti iki uşaq anasını həbs etdirəndən sonra əl-ayağı qurudan “pir, ziyarətgah” olar…
Əslində isə məmurların “mənim kabinetimdə divan yoxdur”, “yalvar-yaxarla qəbuluma gələni 1-2 dəqiqəlik ayaq üstə qarşılayıram” etirafları Allahın onlara verdiyi babat cəzadır. Bəs, Allah zalımların, yolunu azanların cəzasını necə verməli idi?! Bundan sonra harın, qudurğan məmurların səmimi etiraflarını çox eşidəcəyik. Onlar nəinki qadını zorlamaq üçün kabinetlərində divan olmadığını, vətəndaşı qəbul etmək üçün yalvar-yaxar etdiyini, hətta qəzetlərə, radio-televiziyaya qaça-qaça gedib müsahibə verəcəklər ki, jurnalisti güllələməyi kimə tapşırıblar, qatilə nə qədər pul veriblər, kimləri qəsdən həbs ediblər, hansı qadını divanda zorlayıblar, hansı qızın bakirəliyini parketin üstündə pozublar, xarici banklarda nə qədər pul gizlədiblər, Qarabağı neçəyə satıblar, ölkədən qaçmağı nə vaxta planlaşdırıblar və s. Əsl ”Qiyamət Günü” onda olacaq.
Bunu bilmək üçün heç bir futroloqdan, fırıldaqoqdan, nömrəloqdan müsahibə götürmək lazım deyil. Hörmətli jurnalistlər, “Qiyamət Günü” 2012-ci ildə yox, 2013-cü ildə olacaq, camaatı qorxutmayın. Onsuz da onları qorxudan məşhur xortdanlar çoxdur, siz də yenilərini qazıb çıxartmayın.
Artıq analar dəcəl uşaqlarını keyləşdirmək üçün evlərinin həndəvərində fırlanan məmurların adını çəkirlər. Misal üçün, “Azadlıq” (07.12.2012) qəzetində “Icra başçısı ondan şikayət edən qadını tutdurdu” gedən xəbərə bir Zərdab sakini belə şərh yazıb: “Əvvəllər analar uşaqları yaramaz əməllərdən çəkindirmək üçün ”xoxan” deyilən nağıl qəhrəmanını çağırırdılar, amma indi Zərdab rayonunun başçısı Lütfəli Babayevi səsləyirlər”. Yeri gəlmişkən, bizim balaca da çox şuluq uşaqdı, onu tez-tez Ilhamla, Ramizlə… qorxuduram, amma vecinə almır. Gərək bundan sonra “dinc otur, yoxsa Lütfəlini çağıraram gəlib səni yeyər, ha” deyəm, bəlkə, bir köməyi dəydi…
P.S. Yeni ana sözü: “Ölkəni mavzoleyə, xalqı turistə çevirənlərin kabinetləri muzey olar”.

Ramiz Mehdiyevin divansız, stulsuz kabineti…
•