“Piri-təriqət” Əvhədi Marağayi

Qədim Azərbaycan filosof və şairi

Məşhur Azərbaycan filosof və şairi Əvhədi Marağayi Rüknəddin haqqında tarixi məlumatlar o qədər də çox deyil. Onun anadan olduğu dəqiq tarix, ümumiyyətlə, məlum deyil. Ensiklopedik biliyə malik filosof Şeyx Marağalı Əvhədədin Şeyx Əvhədi ibn Hüseynin 1274-cü ildə keçmişdə Azərbaycanın paytaxtı olmuş Marağa şəhərində anadan olduğu ehtimal edilir.
Yazılı mənbələrə nəzər saldığımız zaman, böyük şəxsiyyət haqqında fərqli deyimlərə rast gəlmək mümkündür. Kimi onu  övliya, xoşbatin, xoşsifət, allahpərəst, kimi arif, şeyx, mövlana, kimi mehriban, əxlaqlı, təmiz adam, fazil və kamil insan, kimi də  təsəvvüf təriqəti başçısı, haqq yolun bələdçisi tərifləriylə təqdim etmişdir.
Yazılı qaynaqların bir çoxunda Marağayinin ilk zamanlar “Safi” təxəllüsü ilə şeirlər yazdığı göstərilir. O, təhsilini yaşadığı dövrdə Yaxın Şərqin ən məşhur mədəni mərkəzlərindən olan Marağa şəhərində almışdır. Böyük intellekt sahibi ana dilindən başqa ərəb, fars dillərini, nücum, məntiq, təbiət elmlərinin, fəlsəfənin, ilahiyyatı və sair elmlərin sirlərinə də yiyələnmişdir.
Dahi Azərbaycan şairi Imadəddin Nəsimi Əvhədini çox sevmiş, onun əsərlərini tərcümə etmiş, bir sıra əsərlərinə də nəzirələr yazmışdır. Xacə Hafiz onu “Piri-təriqət” adlandırmışdır. Sədi Şirazi isə Marağayini öz ustadı saymışdır.
“Vikipedia”da filosof haqqındakı bioqrafik məlumatda deyilir ki, Əvhədi həyatının müəyyən bir dövrünü Isfahanda yaşamış və burada farsca bir çox əsərlər yazmışdır. Bu faktı əsas gətirən bəzi müəlliflər uzun zaman onu fars şairi kimi qələmə verməyə çalışmışlar. Lakin bu fikir kökündən yanlışdır. Çünki əvvəla, o dövrdə fars şairlərinin çoxu ərəbcə yazmışdır ki, bu, onların milliyyətcə ərəb olması demək deyil. Ikincisi, keçmişdə bir çox şairlər iki, yaxud üç dildə yazmışlar. Ücüncüsü, o zaman Azərbaycan  şairlərinin əsərlərini fars və ərəb dilində yazması dövrün tələbi olmuşdur. Bəzən də bu əsərlər sifariş əsasında, sifarişçinin(əsasən hökmdarların) istəyi ilə o dildə qələmə alınmışdır. Yazılı mənbələrdən aydın olur ki, bir çox Türkdilli yazarların Türkcə divanları oğurlanmış, məhv edilmiş və ola bilsin ki, gizlədilmişdir. Gələcək tarixi araşdırmaların neçə-neçə belə əsərlər işığa çıxaracağını da tərəddüdsüz söyləmək olar. Amma burada məsələlərə aydınlıq gətirən əsas fakt böyük mütəfəkkirlərin əsərlərindən alınmış fikirlərdir.
“Gami-Gam” – ən şöhrətli əsəri
Əvhədi Rüknəddinin bizə məlum olan əsərləri aşağıdakılardır: tərcibənd, gəzəl, rübai, qitə və qəsidələrdən ibarət (ən azı 15000 beytlik) divan, Xacə Ziyad-əd-din Yusif ibn Xacə Əsilinin(Əsil-əd-din) xahişi ilə yazdığı, 525 beytdən ibarət aşiqanə bir poema “Dəhnamə” (“Məntiqül-üşşaq”), 1333-34-cü ildə 60 yaşında 1 il müddətində yazdığı şah əsəri “Cami-Cəm” didaktik-fəlsəfi məsnəvisi (9142 misralıq bu əsər Azərbaycan hökmdarı Xacə Qiyas-əd-din Məhəmməd ibn Rəşidə ithaf olunmuşdur), şer divani 10000 beyt.
Orta əsrlər müsəlman Şərqinin görkəmli simalarından Əvhədi Marağayinin Sufilik fəlsəfəsinə əsaslanan poetik əsərləri arasında ən məşhuru “Cami-Cəm”dir(“Gami-Gam”) .
Bu orijinal əsər həyatın mənası və insanın özünü dərk etməsi fəlsəfəsini anladır. Müəllif bu əsərində Ilahi eşqə yetişməyin yollarını göstərir. Tədqiqatçılar “Gami-Gam”-i bu baxımdan ən kamil əsər və dünyada tayı-bərabəri olmayan mənbə kimi dəyərləndirirlər. “Gami-Gam”-in 1970-ci il nəşrinin ön sözündə görkəmli alimimiz M.Sultanov yazır: “Yeri gəldikcə Azərbaycan sözləri və məsəlləri ilə bəzənən bu əsərin şair tərəfindən ”Cami-Cəm” adlandırılması təsadüfi deyildir. “Cami-Cəm” əfsanəvi Iran padşahı Cəmşidin istənilən hər şeyi özündə əks edən camına işarədir. Şair demək istəmişdir ki, onun bu əsərində Cəmşidin camında olduğu kimi, hər məsələyə cavab tapmaq olar. Əvhədi özü əsərinin “Cami-Cəm” adlanmasını belə izah edir.
Adını “Cəmşidin camı” qoydum mən,
Varlığın əksini onda görərsən.
Hər kəs istəyirsə dünyanı görmək,
Könlü istəyəni burda görəcək.
…Təsadüfi deyildir ki, bu əsər, istər şairin öz vaxtında, istər sonrakı dövrlərdə geniş yayılmış, Şərq xalqları tərəfindən sevilə-sevilə oxunmuş və bir çox klassik şairlərin yaradıcılığına öz təsirini göstərmişdir.”
“Bu kitab övliya kitabıdır, bax!”
Böyük filosof “Cami-Cəm”in “Bu kitabın məzmunu haqqında” bölməsində öz əsəri haqqında belə deyir:
Bu kitab övliya kitabıdır, bax!
Yaramaz şöhrətçün onu aparmaq.
Bu əlvan naxışlı kitabda olar,
Cənnət, cəhənnəmin yolu aşikar,
Ilk günün, hazırın, son günün sözü,
Bir neçə beytilə yazıldı, düzü.
Yaxşının sifəti, yamanın üzü,
Oğrunun hiyləsi, tacirin sözü,
Bir söz artırmadan yazıldı bir-bir,
Tutulmaq bilməyən bir ay kimidir.
Mövlana Əvhədi Rüknəddin 1338-ci ildə martın 8-də 65 yaşında doğma şəhəri Marağada dünyasını dəyişmişdir. Dahi şairin məqbərəsi Cənubi Azərbaycanın Marağa şəhərindədir. Bura hazırda “Pir Əvhəd-əd-din” adı ilə çox məşhur bir ziyarətgahdır. Onun məqbərəsini ziyarət etmək hamıya nəsib olmayan böyük xoşbəxtlikdir:
Bir rəngdə olsa da nurla can əgər,
Yenə bədənlə də yaxınlıq edər.
O şey ki, xalq onu ziyarət sayır,
O, bu nura doğru hey addımlayır.
(“Gami-Gam”)
Böyük şair və filosof Mövlana Əvhədinin baş daşı üzərində bu sözlər yazılmışdır: “Bu qəbir böyük ağa, məşhur alim, görkəmli natiq, insanların ən yaxşısı Hüseyin Isfahaninin oğlu, millətin övladı, rəhmətlik Əvhəd-əd-dinindir. Yeddi yüz otuz səkkizinci (738) ildə şəban ayının 15-də vəfat etmişdir.”
Dahi şairin həyat və yaradıcılığını ən geniş tədqiq edən şəxs Qulamhüseyn Beqdeli olmuşdur. O, şair haqqında “Əvhədinin həyat və yaradıcılığı” adlı kitab(Bakı, 1962) nəşr etdirmişdir. Bundan başqa, Əvhədinin “Gami-Gam” əsərini farscadan Azərbaycan türkcəsinə də tanınmış alimlərimiz Qulamhüseyn Beqdeli və Xəlil Həmid oğlu tərcümə etmişlər. Bu tərcümə 1970-ci ildə “Azərbaycan” Dövlət nəşriyyatında 20000 tirajla kiril əlifbası ilə nəşr olunmuşdur. Onu da qeyd etmək lazımdır ki, sovet dövründə ciddi senzura və ateizimin hökm sürdüyü bir dövrdə belə bu kitabın tərcüməsini və çapını əsl fədakarlıq kimi dəyərləndirmək olar.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir