Məhkəmə niyə deputatları saya salmır?

«Hökumət deyir ki, ölkənin yiyəsi mənəm, kefim istəyən qərarı da verəcəm»

Həbsdə olan müsavatçı fəal Nigar Yaqublunun azad edilməsi üçün ona yaxın millət vəkilinin müraciəti oldu. Gənc fəalın azad edilməsini istəyənlər arasında xalq şairi Sabir Rüstəmxanlı və xalq artisti Zeynəb Xanlarova da var idi. Lakin göründüyü kimi, məhkəmə bu müraciətlərin heç birini saya salmaq istəmir.
Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Mehriban Vəzir isə Azərbaycanda məhkəmələrin söz sahibi olmadığını, bütün qərarların hakimiyyətin sifarişi ilə çıxarıldığını deyir: “Bu, məsələnin həlli məhkəməlik deyil. Çünki məhkəmələr müstəqil deyil. Hakimiyyətin ağzına baxırlar ki, görsünlər oradan hansı qərar gələcək. Ictimaiyyəti, deputatları saya salmamaq bu rejimin təbiətinə xasdır. Heç kimlə hesablaşmaq istəmir. Nə ictimai rəylə, nə cəmiyyətlə, nə parlamentdə oturtduğu deputatlarla. Demək istəyir ki, dərəbəylikdir, bu ölkənin yiyəsi mənəm, kefim istəyən qərarları da verəcəm. Əlbəttə ki, təəssüf doğuran yanaşmadır. Belə yanaşma ilə hakimiyyət onsuz da yaxşı olmayan imicini daha da korlayır”.