İlham Əliyevin iki videodakı çıxışı

Dünən sosial şəbəkələrdə Ilham Əliyevin çıxış etdiyi iki videoya baxdım. Birincisi daha populyar oldu, hamının diqqətini çəkdi, müzakirə edildi. Gizli video deyildi, amma çox həssas mətləblərə aydınlıq gətirdi. Artıq mətbuat bu haqda yazıb, həmin görüntülərdə vaxtilə Ilham Əliyevin Rüstəm Ibrahimbəyov barədə tost deməsi, onun haqqında nitq söyləməsi öz əksini tapıb. Yəqin ki, bu arada Ibrahimbəyova hücum edən, onun haqqında hər cür hədyan danışan, onu uğursuz və bacarıqsız adlandıran YAP-çılar, hakimiyyət KIV-ləri, saman altdan bu hakimiyyətə işləyənlər bir anlığa özlərini itirdilər. Videodakı nitqində Ilham Əliyev deyir ki, o, Rüstəm Ibrahimbəyov kimi bir insanı şəxsən tanıdığına görə xoşbəxtdir, onunla fəxr edir, hətta şəxsi tanışlıqları olmadıqda belə onunla fəxr edib. Indi Ibrahimbəyova qarşı danışanlar, onun rəhbərlik etdiyi təşkilata alternativ yaradanların bəziləri isə orada əl çalırdılar.
Çox maraqlı idi, amma məsələ vaxtilə deyilən sözlərdə də deyil, məsələ odur ki, bu ölkədə hansı vəziyyətdir və Rüstəm Ibrahimbəyovun indi bu haqda dedikləri yalandır, yoxsa həqiqət. Gerçək də odur ki, onun bu gün haqqında danışdığı fəlakətli, ağır vəziyyət doğrudan da var, o, həqiqətləri söyləyir. Əvvəllər o nə deyib, onun haqqında nə deyiblər, əsas deyil. Rüstəm Ibrahimbəyov bu gün həqiqəti deyir və indi bu onun ən böyük rütbəsidir, hətta sənətdə qazandığı uğur və rütbələrdən də artıqdır. Qazandığı mükafatdan da artıqdır. O da ikiqat yaxşı haldır ki, sənətdə böyük uğurları olan, ölkədə və dünyada çox tanınmış bir ziyalı da çoxlarının qorxduğu həqiqətləri deməyə başlayıb. Bu, ölkənin gələcəyi üçün də çox əhəmiyyətlidir. Çox faydalıdır.
Çox populyar mövzu olduğu üçün Ilham Əliyevin Rüstəm Ibrahimbəyovla bağlı çıxışını göstərən video dərhal böyük diqqət qazandı. Ikinci video isə, demək olar, kənarda qaldı. Rəsmi çıxış idi, hakimiyyət mətbuatının dili ilə desək, Milli Olimpiya Komitəsinin 20 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə Ilham Əliyevin nitqi idi. Məsələ ondadır ki, bu çıxış mənim diqqətimi digər videodan az çəkmədi. Nə vardı burada maraqlı – boz, dekorativ, süni, pafoslu tədbirdə və Ilham Əliyevin əvvəlki çıxışlarına oxşayan alqışlarla müşayiət edilən nitqində?
Bilirsiniz ki, Avropa Yay Olimpiya Oyunları 2015-ci ildə şanlı ölkəmizdə keçiriləcək. Bu da Ilham Əliyevə böyük uğurlardan danışmağa yenidən stimul verib. Axı bu arada analoqu olmayan inkişafdan az danışırlar. Əvvəlki coşqunluq ölüb. Amma nəinki birbaşa hakimiyyət nümayəndələri özləri, hətta guya müstəqil olanlar da 2015-ci ildə keçiriləcək tədbiri ölkəmizin uğuru kimi qələmə verməyə başlayıblar. “Eurovision” zamanı da onların dəlillərini eşitdik, bu, ölkənin xeyrinədir. Hanı o xeyir? Xərclənən pullar, ağzı günə yatan Kristal Holl-durmu?
Məsələ ondadır ki, Ilham Əliyev də həmin çıxışında ağzı günə yatan Olimpiya Idman Mərkəzlərindən danışıb. Guya bu mərkəzlər ölkə boyu gənclərin sevimli məşq yerlərinə çevrilib. Halbuki bütün ölkə bilir, mətbuat da dəfələrlə əsaslı şəkildə sübut edib ki, bu mərkəzlərin əksəriyyəti yalnız hotel kimi istifadə edilir, xalqın gənclərini oranın qapısına yaxın qoyan da yoxdur, heç deyəsən o qapıya yaxınlaşan da olmur.  
Ilham Əliyev indiyədək Azərbaycanda 35 regional olimpiya kompleksi tikilib istifadəyə verildiyini, daha 8 belə kompleksin tikintisinin davam etdiyini söyləyir bu çıxışda. Amma deyəsən xəbəri yoxdur ki, bu komplekslərin çoxunun özəl olduğu, hətta bəzilərinin Panamada qeydiyyatdan keçmiş ofşor firmalara məxsus olduğu cəmiyyətə bəllidir. Bu gizlin çoxdan açılıb. Bu barədə “Azadlıq” radiosunun əməkdaşı Nüşabə Fətullayevanın fakt və sənədlərə əsaslanan jurnalist araşdırması dərc olunub. Amma onların hamısı dövlətin tikdiyi obyektlər kimi açılmışdı…
Bu mərkəzlərin çoxunda xidmət pulludur və bunu nazir Azad Rəhimov da etiraf edib.
Həmin mərkəzlərin bir çoxu Ilham Əliyevin “Dövlət Əmlakının qorunub saxlanması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi barədə” 6 iyun 2007-ci il tarixli fərmanı ilə MMC-lərin idarəçiliyinə verilib.
Bir sözlə, ikinci video göstərirdi ki, Avropa Yay Olimpiya Oyunları yalanın rəsmən söylənildiyi bir ölkəyə verilib,  Olimpiya Komplekslərindən bu xalq nə xeyir görübsə, həmin tədbirdən də o xeyri görəcək.