İlham Əliyevin dəvəquşu komandası

On illik hakimiyətinin sonuna yaxın I.Əliyev kadr dəyişikliyi etdi. Siyasi terminologiyada buna kadr konfiqurasiyası deyilir. El dilində bunun öz adı var: Əlinin papağını Vəlinin, Vəlinin papağını Əlinin başına qoymaq. Başqa cür desək, gərəksiz-effektsiz kadr dəyişikliyi. Bu dəyişikliyi I.Əliyevin yönətim bacarığının, siyasi fantaziyasının zirvəsi saymaq olar. Elə bil Azərbaycan – iraq, iraq! – bütünlüklə qırılıb, batıb, darmadağın olub: Heydər Əliyevdən qalma beş-on geri düşüncəli, korrupsiya fiqurantından başqa kimsə yoxdur. Buna görə bu beş-on adamı ölkə boyu fırlatmaq gərəyi yaranır. Baxın, illərlə bu rayonu söküb-dağıdan, satıb-sovan birisi başqa rayona, başqa rayondakı oxşarı bu rayona Icra başçısı göndərilir. Yenə də əliyevçi kadr konfiqurasiyası, yenə də Əli-Vəli papağı. Beləcə, ara yerdə millətin papağı BOŞ qalır.
Millətin papağı boş qalır, ancaq bu sayaq korrupsioner yönətimin, bu cür kadr siyasətlərinin sonucu olaraq ortaya təkcə ofşor zonalarda 48 milyard dollarlılq oğurluq pul, Londonda, Mayamidə, Dubayda, Çexiyada milyonlar-milyardlarla dəyərində mülklər çıxır. Xalqa bolluq boyun olan prezident yalanlarının üstündən ortaya oğru nazir yalanları çıxır: 2020-ci ildən sonra ölkədə pensiyalar, aylıqlar bir belə artacaq, xalq yaxşı yaşayacaq. Yalandır. Oğru hakimiyət, oğru komanda qala-qala xalq yaxşı yaşaya bilməz. Başında dövlət başçısının özünün durduğu MONOPOLIYA sistemi qala-qala pensiya-aylıq artımları xalqa kələk gəlmək, xalqı aldadıb ələ salmaqdır. Bazar-mağazalarda, apteklərdə, eləcə də təpədən-dırnağa rüşvətə, korrupsiyaya bürünmüş dövlət strukturlarında durmadan QIYMƏT artımı baş verirsə, deputat mandatı 3-5 milyona satılırsa, oğurluq pullarla tikilən məktəb binasına, Olimpiya kompleksinə dəyişdirilirsə (büdcə pullarını mənimsəmək üçün), pensiya-aylıq artımlarının bəri başdan geriyə qayıdışı sanksiyalaşdırılmış olur. Hələ mən xalqın ayrıca olaraq, gündəlik səhiyyə-təhsil ocaqlarında soyulmasını demirəm.
Dünyanın bütün demokratik qurumlarının reytinq göstəricilərində Azərbaycan Afrikanın ən geridə qalmış ölkələri ilə yanaşı durur. Azərbaycanı belə bir ölümcül duruma gətirib çıxarmış Əliyev-Mehdiyev komandası saxta seçki ustası Məzahir Pənahovdan üçüncü mandatı almağa sifarişçidir. Hamısının pultu PA-ya bağlı televiziyaların durmadan bildirdiyinə görə, “Ermənistan” yoxsulluqdan yoxa çıxmaqda, ermənilər aclıqdan qırılıb qurtarmaqdadırlar. Ancaq bütün başqa faktlar bir yana, ikicə fakt bunların yalanlarını bumeranqa çevirir: 1) “Ermənistanın” orta məktəblərində uşaqlara isti yemək verilir, bizdə müəllimlər özlərinin (eləcə də ailələrinin) yemək pulunu uşaqlardan qoparırlar; 2) 2011-cilin göstəricilərinə görə, “Ermənistan” evlərində 40%, Azərbaycan evlərində 15% kompüter olub. 2011-ci ildə 35% erməni evi, 11% azərbaycanlı evi Internetə yiyələnib. Əliyev-Mehdiyev komandası yalnız NEQATIV planda Azərbaycanı regionun LIDER dövlətinə çevirib. “Azərbaycanın hərbi büdcəsi “Ermənistanın” dövlət büdcəsindən qat-qat artıqdır”, ancaq nəyə görəsə ermənilər, demək olar, hər gün bizi öldürürlər. Niyəsi bəllidir: onlar bizim büdcə pullarımızı oğurlayıb… ofşor zonalara ötürürlər!
Demokratiyanın addım səsləri getdikcə daha yaxından eşidilir, demokratik dəyişiklik çağırışları getdikcə daha ucadan səslənir, ancaq bizim “suveren demokratiya” korrupsionerləri öz işlərindədirlər. Bugünlərdə Bakıda olan ABŞ yetkilisi Tomas Melia Azərbaycandakı KAR, KOR rejim siyasətini çox düzgün olaraq dəvəquşu davranışı adlandırdı. Ən azı, Rusiya, Iran kimi antidemokratiya azmanlarının antiBəşər rejimini təkbaşına buraxıb qaçmasından sonra da əliyevçi komanda əski davranışını dəyişmirsə… onda onları dəyişmək gərəyi yaranır.