MTN nümayəndələri deyiblər ki, Elnur Seyidov azadlığa buraxıla bilməz
Bakı Apellyasiya Məhkəməsi “Texnikabank”ın Yasamal filialının sabiq müdir müavini, AXCP sədri Əli Kərimlinin qayını Elnur Seyidovu azadlığa buraxmaqdan imtina edib. Məlumatı “Media forum” saytına vəkil Fəxrəddin Mehdiyev verib.
Onun sözlərinə görə, dekabrın 13-də Bakı Apellyasiya Məhkəməsində E.Seyidovun həbs müddətinin daha 3 ay uzadılmasından verilən apellyasiya şikayətinə baxılıb. Hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesə E.Seyidovu da gətiriblər: “Şikayətdə Səbail Rayon Məhkəməsinin Elnur Seyidovun həbs müddətinin 3 ay uzadılması haqda qərarının ləğv olunması və Elnur Seyidovun dərhal azadlığa buraxılması tələbi qoymuşduq. “Texnikabank”ın bu işlə bağlı həbs olunan bütün rəhbər şəxsləri azadlığa buraxılıb. Ona görə güman edirdik ki, Elnur Seyidovla bağlı seçilən həbs qətimkan tədbiri dəyişdiriləcək və o, azadlığa buraxılacaq. Bundan başqa qanunvericiliyə görə, onun ittiham edildiyi maddələrlə ittiham olunan şəxslər 9 aydan artıq həbsdə saxlanıla bilməz. Yalnız müstəsna hallarda həbs müddəti 3 ay uzadıla bilər. Belə bir müstəsna hal isə yoxdur. Buna baxmayaraq nəinki azadlığa buraxılma, hətta həbsin ev dustaqlığı ilə əvəzlənməsi haqda vəsatətlərimiz də heç bir əsas olmadan rədd edilir. Elnur Seyidov ağır xəstədir. Onun xəstəxanaya köçürülməsi haqda bir neçə dəfə vəsatət vermişik. Amma onları da rədd ediblər”.
Məhkəmə prosesində istintaqı aparan Milli Təhlükəsizlik Nazirliyinin nümayəndələri deyiblər ki, “Texnikabank”ın işi ilə bağlı ekspertiza təyin olunub və nəticələr məlum olanadək E.Seyidov azadlığa buraxıla bilməz.
Vəkilin sözlərinə görə, E.Seyidovun həbsdən azad edilməsi ilə bağlı 12 dəfə məhkəmə prosesi keçirilib: “12-ci prosesdə də onu azadlığa buraxmadılar”.