“Suriyanın dostları” Suriya müxalifətinin legitimliyini tanıdı
Suriyanın dostları” adlı konfransın 4-cüsü Mərakeşdə baş tutub. Konfransda bir sıra Yaxın Şərq, Avropa və ərəb ölkələrinin və ABŞ-ın nümayəndələrinin iştirak etdiyi bildirilir. ABŞ da daxil olmaqla, əksər ölkələr Suriya vahid müxalifətinin Milli Koalisiyasının legitimliyini tanıyıb. Konfransda iştirak edən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu iclasın çox məhsuldar keçdiyini və konkret nəticələrə gəlindiyini bildirib.
“Suriyadakı müxalifətin legitim nümayəndəliyinin burada tanınması vacib idi. Bir daha 114 ölkə və 15 beynəlxalq təşkilat Suriya rejiminin öz legitimliyini itirdiyini bəyan etdi və bununla da, onun təcrid olunması artdı. Bu dövrdə Suriya Milli Koalisiyasına bütün ölkələrin dəstək verməsi və Suriyaya göndərilən yardımların koordinasiyasının da Suriya Milli Koalisiyasının qurumlarının öhdəliyinə buraxılması məsələsində razılığa gəlindi. Yeni Suriyanın qurulması məsələsində bir zəminin yaradılması mühüm razılaşma nöqtələrindən biri idi. BMT-nin və cənab Laxdar Brahiminin təşəbbüslərinə dəstək verildiyi ifadə edildi və bu təşəbbüslərin tezliklə bir nəticə verməsinin vacibliyi vurğulandı. BMT-nin Təhlükəsizlik Şurasına da mühüm bir çağırış edildi. Hər cəhətdən məhsuldar və bütün tərəfləri razı salan bir iclas oldu”, – Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu belə deyib.
Əhməd Davudoğlu Suriya məsələsində diplomatik təşəbbüslər üçün vaxt itirməməli olduqlarını da vurğulayıb. O, BMT-nin Suriya üzrə xüsusi səfiri Laxdar Brahiminin təşəbbüsünün Suriya prezidenti Bəşər Əsəd üçün son şans olduğunu da deyib. Türkiyənin xarici işlər naziri həmçinin Suriya ilə bağlı danışıqlarda Rusiyanın yavaş-yavaş fərqli mövqe tutmağa başladığını da bildirib.


