h aliyev-terpetrosyan

Ter-Petrosyan Əliyevə zəng vurub xahiş etdi ki…

h aliyev-terpetrosyanHeydər Əliyevin “Qış əməliyyatı”; mühacir polkovnik yeni faktlar açıqlayır

Bir müddət sonra 1993-94-cü illərdə təşkil edilmiş məşhur “Qış əməliyyatı”nın ildönümüdür. “Azadlıq” qəzetində həmin illərin olayları ilə bağlı yazdıqlarıma əlavə olaraq, bu məşhur, eyni zamanda, ağır məğlubiyyətlə yadda qalan hərbi əməliyyatları təsvir etmək zəruridir. Üstündən 20 il keçəndən sonra da olsa, adamlar orada nə baş verdiyini təfsilatı ilə bilməli və həmin məğlubiyyətin səbəblərini, səbəbkarlarını tanımalıdırlar.

İsa Sadıqov

Əvvəli ötən saylarımızda

Burada çox əhəmiyyətli bir məsələni qeyd etməliyəm. Təəssüf ki, hərbi əməliyyatların, demək olar ki, bütün gedişi ərzində bu əməliyyatlar yuxarı səlahiyyətli qərargahlar tərəfindən planlaşdırılmırdı, amma bu, onların birbaşa vəzifəsi idi. Planlaşdırma aşağıya, hərbi hissələrin qərargahları üzərinə atılırdı. Bunu yalnız bir şəkildə izah etmək mümkündür ki, yuxarı səlahiyyətli qərargahlar, o cümlədən Baş qərargah hərbi əməliyyatların aparılması və nəticələrinin məsuliyyətini bölüşmək istəmirdilər, bundan qorxurdular. Bütün uğursuzluqlara görə məsuliyyəti aşağıların boynuna qoymaq kimi yaramaz bir ənənə yuxarıdakıları da, faktiki olaraq, lazımsız bir mərhələyə çevirirdi. Necə deyərlər, “azacıq aşım, ağrımaz başım”. Bu, çox acı təcrübədir, bir çox məğlubiyyətlərin başlıca səbəbidir. Hesab edirəm ki, çoxları mənimlə razılaşar. Bu, bir fakt idi.
Müdafiə nazirinin yanındakı müşavirədə çoxlu ağlasığmaz və inanılmaz təkliflər, planlar müzakirə edildi. Əvvəlcə müavinlərdən biri çıxış edərək, problemin həllilə bağlı öz planlarını təklif etdi. Bu təkliflərin hamısı faciəvi dərəcədə gülməli idi. O, cəmi 7 gün ərzində işğal edilmiş bütün əraziləri azad edərək dövlət sərhədlərinə qədər irəliləməyi təklif edirdi. Bu məruzədən sonra Müdafiə naziri ayağa qalxaraq onu qucaqladı və öpdü. Amma bu general mərasimi başa çatdırıb mənim böyrümdə əyləşəndə mən ondan soruşdum: “Hərbi əməliyyatlara qədərki bu mərhələdə o, hansı işləri görüb və bu planı konkret olaraq necə icra edəcək?”
Nazir müavini bildirdi ki, bu cür çıxış etməyi ona müşavirədən əvvəl tapşırıblar: “Mənə dedilər ki, belə danış”. Yəni, cənab generala əvvəlcədən tapşırıblar ki, başqa nazir müavinlərinə nümunə olmaq üçün belə danışmalıdır.
Həqiqətən də, belə bir planla ortalığa çıxan, işğal olunmuş əraziləri cəmi bir həftəyə geri almağı təntənəli və kövrək şəkildə öhdəsinə götürən generaldan sonra başqa cür danışmaq çox çətin olmalı idi.
Qalanların hamısı, ondan nümumə götürməli və müharibəyə başlamağa hazır olduqları barədə ondan daha dərinə işləyən bəyanatlar verməli idilər.
Ikinci natiq də eyni ruhda danışaraq, üzərinə düşən vəzifəni ən qısa müddətdə başa vuracağını bəyan etdi. Amma xırdaca bir problem vardı – onun tabeliyində olan qoşunları bu “ən qısa müddətdə” ön xəttə daşımaq tələb olunurdu. Bu problemə baxmayaraq, ikinci general da bu problemi yerindəcə söz verməklə “həll etdi”, bütün qüvvələri elə bu müşavirədəcə ön cəbhəyə daşıdı…
Açığını desəm, belə gurultulu çıxışlardan sonra özümü narahat hiss etsəm də, gerçək vəziyyəti təsvir etməkdən və alternativ yollar barədə mülahizələri bildirməkdən vaz keçə bilməzdim. Mən auditoriyanın diqqətini qarşıda dayanan vezifənin həcminə, sərt qışa, ehtiyat qüvvələrin olmamasına və şəxsi heyətin döyüş hazırlığının zəifliyinə yönəltməli idim və mənə söz veriləndə bu məsələlər barədə danışdım. Əlavə etdim ki, bütün bu hazırlıqları təmin etmək üçün mart ayına qədər gözləmək lazımdır; həmin zamana, yəni, istilər düşənə və qar əriməyə başlayana qədər briqadalar üzrə batalyonları, korpuslar üzrə briqadaları komplektləşdirmək gərəkdir; söhbət ən azı yaxşı təlim görmüş və komplektləşdirilmiş 7-8 briqadadan gedir; bu briqadaların zabit heyəti isə döyüş əməliyyatlarında təcrübəsi olan kadrlardan ibarət olmalıdır. Eyni zamanda, bildirdim ki, hücum iki mühüm istiqamət üzrə olmalı, bunlardan biri yanıldıcı olmaqla və aralarında 15-20 gün fərq olmaqla, Füzuli və Ağdərə istiqamətində təşkil edilməlidir.
Sərəncamımızda olan zaman ərzində isə ciddi kəşfiyyat işləri aparılmalı, düşmənin imkanları müəyyən edilməli və dəyərləndirilməlidir. Çünki düşmənin imkanlarını düzgün qiymətləndirmədən heç bir uğurlu əməliyyat aparmaq mümkün deyil. Ən elementar müşahidələr də təsdiq edir ki, bu məlumatlar olmadan aparılan əməliyyatlar bir qayda olaraq, uğursuzluqla nəticələnir.
Əliyevin bütün bu incəliklərdən xəbəri yox idi. O, belə hesab edirdi ki, sovet təsərrüfatının inzibati-amirlik doktrinası hərb işi üçün də keçərlidir, siyasi rəhbərliyin planlaşdırdığı hərbi əməliyyatları hərbçilərin icrasına təqdim etmək kifayətdir.
O zaman birbaşa mənim sərəncamımda olan Qərb zonasına gəlincə, mən əlavə qüvvələr cəlb etmədən aparıla biləcək bir neçə variant təklif etdim. Bunların arasında mənim üstünlük verdiyim başlıca variant ondan ibarət idi ki, biz tarixi Azərbaycan ərazisi olsa da, indi Ermənistan hüdudları daxilində olan bir neçə rayonu götürməliyik. Bunlar Azərbaycanın Qazax, Ağstafa və Tovuz rayonları ilə həmsərhəd olan ərazilər idi. Xəritəyə baxan zaman bu ərazilərin götürülməsinin o qədər də çətin başa gələn iş olmadığını hər kəs təsəvvür edə bilər. Bu planı həyata keçirməklə biz bu uzun təmas xəttində saxladığımız böyük hərbi hissələri də başqa zonalara ata bilərdik. Amma bütün bu əməliyyatlar mərkəzləşdirilmiş qaydada, ciddi hazırlıq aparmaqla 1993-cü ilin dekabr ayında deyil, 1994-cü ilin mart ayından tez olmamaq şərtilə başlaya bilərdi.
Burada bir qədər əvvələ qayıdaraq, qeyd etmək istəyirəm ki, mənim təklif etdiyim bu planı biz 1993-cü ilin dekabr ayının 29-da həyata keçirməyə cəhd etdik. Əməliyyat uğurla gedirdi və tam qələbəyə zərrə qədər də şübhəm yox idi. Amma həmin günlərdə Ter-Petrosyan Əliyevə zəng edərək hərbi əməliyyatların dayandırılmasını israrla xahiş etdi. Elə həmin gün Rusiya Federsiyasının prezidenti Boris Yeltsin də Əliyevə dəfələrlə zəng edərək bu cəbhədə savaşın durdurulmasını xahiş etdi.
Keçən yazılarımda qeyd etdiyim kimi, bu telefon diplomatiyası onunla nəticələnmişdi ki, olduqca operativ şəkildə rusların vasitəçiliyilə Gürcüstan ərazisində ermənilər və Azərbaycan nümayəndə heyəti arasında danışıqlar təşkil edilmişdi.
Bu əməliyyat zamanı ermənilər, sözün həqiqi mənasında cəmi bir neçə saat davam gətirmək imkanında idilər. Mən hücuma keçdiyim ordunun şəxsi heyətinə yaxşı bələd idim: bu heyət yaxşı hazırlanmışdı, müharibəyə tam hazır vəziyyətdə idi, psixoloji hazırlıq da yüksək səviyyədə idi.
Bu arada, onu da qeyd edim ki, Qərb zonasında öz imkanlarımız hesabına bir neçə əla təminatlı poliqonlar yarada bilmişdik. Qərb zonasındakı bütün hərbi birləşmələr və hərbi hissələr əmrə tabe idilər.
Mərəkə də buna görə qopdu. Müdafiə naziri mənim məruzəmin mahiyyəti üzrə və xüsusilə, əməliyyatların zamanı ilə bağlı təkidlərimə görə hisslərini cilovlaya bilməyib üstümə qışqırdı və nazir müavinlərinin iştirakı ilə yetərincə cavab aldığı söyüşlər söyməyə başladı. Sonra isə açıq tekstlə dedi: “Əməliyyatların zamanını Heydər Əliyev müəyyən edib və heç kim bunu dəyişə bilməz!”

Ardı var…