Tomas Melia müxalifətlə görüşdü

“Qarşıdan gələn prezident seçkilərinə hazırlıq məsələləri ciddi müzakirə olundu”

ABŞ dövlət katibinin demokratiya, insan hüquqları üzrə köməkçisinin yardımçısı Tomas Melia bu gün AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər, ALP sədri Əvəz Temirxan, «Ümid» Partiyasının sədri İqbal Ağazadə, ACP sədri Sülhəddin Əkbər, VİP sədri Əli Əliyev və İP Koordinasiya Şurasının üzvü, publisist Mehriban Vəzirlə görüşüb. Görüşdə həmçinin Dövlət Departamentinin rəsmisi Vendi Silverman da iştirak edib.
Görüş barədə məlumat üçün müraciət etdiyimiz AXCP sədri Əli Kərimli bildirib ki, əsas müzakirə mövzusu Azərbaycandakı insan haqları, demokratiyanın vəziyyəti olub. Siyasi məhbuslar, sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması, azad mətbuata olan hücumlar, elektron KİV-dəki məhdudiyyətlərlə bağlı ABŞ rəsmisinə məlumat verilib, bu istiqamətdə fikir mübadiləsi aparılıb. Tədbirdə o cümlədən siyasi partiyalara olan basqılarla bağlı müzakirələr aparılıb.
2013-cü il seçkilərinə 10 ay qalmasına baxmayaraq ölkədə hələ də ədalətli rəqabət mühütün olmadığı xüsusi olaraq vurğulanıb: «Qarşıdan gələn prezident seçkilərinə hazırlıq məsələləri ciddi müzakirə olundu. Seçki islahatının indiyə qədər həyata keçirilməməsi, beynəlxalq təşkilatların da bu istiqamətdə verdiyi tövsiyələrin nəzərə alınmaması, beynəlxalq təşkilatların Azərbaycanın demokratikləşməsində rolu görüşdə qeyd olundu. Xüsusi olaraq vurğulandı ki, Azərbaycanın demokratikləşməsinin məsuliyyətini demokratik qüvvələr öz üzərində hiss edir. Bizim əvəzimizdən heç kimin Azərbaycanı demokratikləşməsini gözləmirik. Amma bir sıra beynəlxalq təşkilatların təmsilçilərinin, hətta bəzi səfirlərin açıqlamaları Azərbaycanın demokratik qüvvələrində müəyyən məyusluq yaradır. Qərb dəyərlərinə daha ciddi münasibət göstərilməsini gözləməkdəyik».
Ə.Kərimlinin sözlərinə görə, görüşdə bundan başqa ABŞ-Azərbaycan münasibətləri də hərtərəfli müzakirə mövzusu olub.

Xəyal