Necə oldu ki, hökumətin şoumen siyasəti qürub etdi?
İctimai Palatanın 10 dekabr aksiyası barədə təssüratlarımı qələmə almağa başladığım an, “qafqazinfo” saytı “Bakıda seksi flaş-mob keçirildi” başlıqlı xəbər yaydı. Xəbərə video görüntülər əlavə edilmişdi. Məzmun bu idi: “Tarqovıda yüzədək gənc, yeniyetmə toplaşıb məşhur “Gangnam Style” rəqsini ifa ediblər”.
Flaş-mob çox dinc şəraitdə keçir, polis-filan yoxdur, heç “camaatın gediş gəlişinə, istirahətinə mane olursunuz” deyən zəhmətkeşlər də gözə dəymir.
Əyləncəli “fləş mob” sərbəst toplaşmaq azadlığı kimi
Amma eyni məkanda biz bir gün əvvəl çəkilən videolara baxırıq. Sakit baxılası mümkün deyil: polis, xüsusi cəza dəstələri “Gangnam Style” rəqsinindən daha ciddi və ölkənin taleyi üçün vacib olan məsələləri səsləndirənlərə divan tutur.
Razıyam ki, müqayisə bir az kəskin və bir az da ədalətsiz görünür; çünki məkan eyni olsa da, aksiyaçı subyektlər fərqlidir. Lakin, unutmamışıq, təxminən bir il əvvəl ATƏT-in Bakı ofisinin məsul bir əmkadaşı elə bu fləşmobu Azərbaycana gələn başqa bir beynəlxaq təşkilat təmsilçisinə göstərib demişdi ki, buyurun baxın, bu ölkədə insanlar sərbəst toplaşa, ideyalarını cəmiyyətə təqdim edə bilirlər.
İmitasiya reallığın düşmənidir
Əlbəttə, bu yazıda əyləncəli aksiyalara qarşı aqressiya göstərmək məqsəd deyil. Bunlar da olmalıdır. Bəlkə də demokratik, azad cəmiyyət üçün onlar da gərəklidir.
Ancaq bu ikili münasibət Azərbaycanı idarəedənlərin xislətini və ölkəni hara aparmaq istədiyini açıq göstərir. Belə fləş-moblar Azərbaycanda qayğısız, problemsiz bir gəncliyin olduğunu, ölkədə qurdla-quzunun bir yerdə yaşadığı təbliğatını aparmaq üçün baza yaradır.
Nə üçün Bakıda “seksi aksiyalar” keçirilməsinə təmkinli yanaşma olduğu halda cəmiyyəti inkişafdan saxlayan, yalana, talana qarşı keçirilən dinc aksiyalara düşmən münasibəti göstərilir.
10 dekabr aksiyasına çıxan adamların məqsədi ölkədə real firavanlığın, azadlığın yaradılmasıdır, imitasiyası yox…
Radikal, dağıdıcı hakimiyyət
“Fləş mob” üçün bu qədər.
10 dekabr aksiyası İctimai Palatanın “2 aprel”dən sonra ən uğurlu razılaşdırılmamış aksiyalarından idi. Orda fədakar insanların göstərdiyi dirəniş, heç bir riski gözə almayaraq avtoritar rejimə meydan oxuması bir ayrı yazının mövzusu olacaq. İndilik biz hökumətin daha bir maskasını çıxaraq:
10 dekabr onu sübut etdi ki, hakimiyyətin “2 aprel” istintaq-məhkəməsi tam uydurma və şər-böhtan olub.
10 dekabrda da 2 apreldəki kimi aksiyanı İctimai Palata keçirirdi. Aksiyanın avanqard hissəsi də elə 2 apreldəkilər idi. Aksiyanın ünvanı da dəyişməmişdi. Aksiyanın məramı da 2 apreldəkilərdən fərqlənmirdi. Polis də həmin polis idi.
Bəs niyə “şüşə sındıran”, “avtobusun qapısını qıran”, “polisin təpəsini yaran” olmadı? Neyçün aksiyadakı partiya funksionerləri əhalini “ixtişaşa çağırmadılar”?
Bu hallar bir daha sübut edir ki, 2 apreldə müxalifət öz prinsiplərinə sədaqətli olub, heç bir pozuculuq, dağıdıcılıq etməyib. Bu işi görən hakimiyyət özüdür. Hakimiyyət özü təxribat və qarşıdrumada maraqlı olmasa, müxalif cəbhədən bu istəyə düşən bir nəfər belə tapılmır.
Qürub
Sonda bir önəmli məqam: İlham Əliyev hakimiyyətə gəldiyi gündən gizlətmədiyi bir xətt yürüdürdü. Bu, cəmiyyəti maksimum siyasətdən kənarlaşdırmaq, şouya, ucaz əyləncəyə meyilləndirmək idi. Bunu bacarmışdı da. İki-üç ilədək gündəmi röyalar, rəqsanələr müəyyən edirdi. Xəbər saytlarında ən populyar siyasi hadisə oxunma sayına görə hansısa müğənninin səhər tezdən qəflətən asqırması barədə xəbərin oxunmasından qat-qat geridə qalırdı. Lakin, kifayət qədər gözçıxarıcı “seksi fləş-mob” xəbəri ilə müxalifətçilərin aksiyasının oxunma sayını müqayisə edəndə İlham Əliyevin bu xoşagəlməz siyasətinin də qürub etdiyini görürük. Bu yazı hazırlandanda oxuma statisktikası belə idi: Müxalifətin aksiyası- 38 546, “fləş mob”- 3 218.