Lorin “Demokratiya naminə incəsənət” kampaniyasına uğurlar diləyir
Bazar ertəsi axşam Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunda (RATİ) yeni “Demokratiya naminə incəsənət” hüquq-müdafiə kampaniyasının təqdimatı keçirilib. Kampaniya İnsan Hüquqları Klubu (İHK), RATİ , Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi tərəfindən təsis edilib.
Layihənin koordinatoru, İHK-nın rəhbəri Rəsul Cəfərov bildirib ki, kampaniyada məqsəd incəsənətin müxtəlif yollarının vasitəsilə hüquq-müdafiə problemlərinə diqqətin yönəldilməsidir.
Əsasən kampaniya çərçivəsində insan hüquqları və demokratiyanın inkişafı problemlərinə həsr olunmuş film festivallarının, musiqi müsabiqələrinin, rəsm əsərləri sərgilərinin və digər mədəni tədbirlərin keçirilməsi nəzərdə tutulur.
R.Cəfərov kampaniyanın Beynəlxalq İnsan Hüquqları Günündə start götürməsini simvolik adlandırıb.
İnsan hüquqlarının bütün növləri barədə açıqlamalar verilməklə insan hüquqları anlayışı mövzusunda beşdəqiqəlik animasiya filmi tədbir iştirakçılarına təqdim olunub. Filmin əsas ideyası odur ki, insanın azadlığı doğulandan onun ayrılmaz hüququdur.
Filmi gənc fəallar çəkib.
Bundan əlavə, xaricdən video-müraciətlər vasitəsilə beynəlxalq hüquq-müdafiə təşkilatlarının nümayəndələri, azərbaycanlı siyasi mühacirlər, həmçinin Bakıda keçirilən “Eurovision 2012” mahnı müsabiqəsinin qalibi, isveçli müğənni Lorin kampaniyanın başlanmasını və İHK-nın yaradılmasının 2 illiyini alqışlayıblar.
PR-kampaniya məsələsilə tanınmış beynəlxalq hüquq müdafiəçisi Rebekka Vinsent məşğul olacaq.
Dekabrın 11-də axşam kampaniya incəsənət xadimləri qrupuna təqdim olunacaq.
“Demokratiya naminə incəsənət” “Eurovision 2012” mahnı müsabiqəsi ilə əlaqədar Bakıda keçirilən “Demokratiya naminə musiqi” kampaniyasının məntiqi davamıdır